vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
21:16 | 27 iyun 2014 | Cümə Məqaləyə 4446 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

11 ayın sultanı - Ramazan

Oruc tutan insan həm ruhi, həm də fiziki baxımdan təmizlənir

Vüsal TAĞIBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Daha bir Ramazan ayına qədəm basırıq. Ramazan, el dili ilə desək, orucluq ayı mövcud olduğu bir ay ərzində müsəlmanları hər cür pis əməldən çəkindirir, onları nümunəvi davranışa, humanistliyə və sülhə dəvət edir. Ramazan ayının fəziləti o qədər böyükdür ki, hətta dünyanı qana boğan terror təşkilatlarının bir çoxu da bu bir ay müddətdə terror hücumlarına ara verirlər…


Ramazan ayında oruc tutmaq İslamın beş şərtindən biridir. Oruc, niyyət edərək dan yeri ağarandan günəş batınca yeməmək, içməmək və cinsi əlaqədə olmamaq şərti ilə yerinə yetirilən ibadətdir. Peyğəmbərimiz oruc tutanlar üçün bu müjdəni verir: «Kim inanaraq və mükafatını Allahdan gözləyərək, Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar» (əl-Buhari, hədis. 7). 

Oruc ancaq Allah rizası üçün tutulur və bu ən gözəl iradə tərbiyəsidir. Əl-Müslim Allahın buyurduğu ayətlərə istinad edən hədislərin birində yazır: «Oruc mənim üçündür, onun mükafatını da özüm verəcəyəm».


Xəstəliklərin dərmanı - Oruc


Ramazan ayının müsbət siyasi keyfiyyətləri ilə yanaşı mənəvi, tibbi və sair məziyyətləri də var ki, bunların hamısı insanlara yalnız xeyir gətirir. Hətta bu barədə digər dinlərin nümayəndələri də yüksək fikirlər səsləndirirlər. Təbii ki, xristianlıqda, iudaizmdə, eləcə də ənənəvi dinlərdə də fərqli adlar altında oruc tutulur. Ona görə deyə bilərik ki, oruc bütün bəşəriyyəti birləşdirən vacib, müqəddəs buyruqdur.

Bir qədər Ramazanın oruc tutanlara nə kimi faydalarının toxunduğunu öyrənək. Oruc tutmaq həqiqətdə bədən üçün tam istirahət və insan orqanizminin paklanması, təmizlənməsi deməkdir. İnsanın ürəyi bir an işləyib, bir an istirahət etdiyi kimi bədənin də 11 ay davamlı işlədikdən sonra bir aylıq istirahətə ehtiyacı var. İlk növbədə, oruc tutmaq insan orqanizminin bir sıra xəstəliklərdən qurtulması deməkdir. Yəni müasir tibb elmi sübuta yetirib ki, oruc tutarkən qida rejimi vasitəsilə bədəndəki artıq yağlar həzm olunur, uyğunsuz və zərərli köklük azalır, bel oynaqlarına, aşağı əzalara düşən təzyiq, dalaq, ürək, qan-damar və ifrazat sistemində tənzimlənmə yaranır, bədənin immun sistemi «hazır ol» durumuna gəlir, güclənir və tənzimlənir. Həkimlərin qənaətincə, 70-dən yuxarı xəstəlik yemək-içməkdə diqqətsizlikdən yaranır . Bu xəstəliklərin qarşısını almağın ən yaxşı yolu qida rejiminə əməl etmək və xüsusilə oruc tutmaqdır.

Tibb elminin əsaslı nailiyyətləri göstərir ki, oruc tutduqda bədəndə öz adi həddindən çox olan maddələr yaranır. Məhz bu maddələr mikrob və virus infeksiyalarının qarşısını almaqda, xərçəng hüceyrələrinin məhvində böyük rol oynayır. Məhəmməd salavatullah bir hədisdə bildirir: «Oruc tutun ki, sağlam olasınız».

Orqanizmdə şəkər, yağ və zülal maddələri ilə təmin edilmək üçün ehtiyat mənbələri mövcuddur. Onların işə düşməsi nəticəsində orqanların yenidənqurma prosesi gedir. Alimlər sübut ediblər ki, oruc tutmaqla orqanizmdəki həmin ehtiyat qüvvələr fəallaşır, insanın həzm sistemi dincəlir və özünü yeniləşdirir. İl ərzində fasiləsiz olaraq işləyən, bədəndəki yağları həzm edən ödü hazırlamaqdan tutmuş, bir çox digər funksiyaları yerinə yetirən qaraciyərə kimi orqanlar dincəlir, köhnə maddələri buraxıb lazımi yeni maddələr qəbul edir. Peyğəmbərimiz Rəsuli-əkrəm (s) belə buyurub: «Oruc tutun ki, sağlam qalasınız» .


Alimlərin fikri


Qeyd edək ki, orucun faydaları barədə tibb elmində çoxlu təhqiqatlar aparılıb. İndiki güclü texnologiya və dərin araşdırmalar nəticəsində sübuta yetirilib ki, oruc tutmaq bədən üçün zəruridir. Hətta oruc tutmağa inanc olmayan ölkələrdə də həkimlər, məsələn, Jan Fremozan, Karlo, Kodel, Kelux, Aleksey Sofireyn və digər tanınmış dünya həkimləri orucun təsirlərindən söz açarkən qeyd ediblər ki, bir ay oruc tutmaqla hər kəs yeniləşmiş, zəhərlərdən azad olmuş bədənə sahib olur.

Oruc tutan adamın qanında şəkərin faizi azalar. Bu xüsusilə Ramazanın ilk günlərində özünü açıq göstərir. Qanda xolesterol və yüksək təzyiq də noromaya enər. Ümumiyyətlə, Ramazan orucu yüngül və orta dərəcəli, insulinə möhtac olmayan diabet, aşırı kökəlmə, hipertonoz, qastrit kimi xəstəliklərin təbii yolla aradan qalması üçün əvəzedilməz vasitədir.

1940-cı ildə Nobel tib mükafatını qazanan məşhur alim, doktor Aleksis Karrel «Lhamme, cet inconnu» adlı əsərində yazırdı: «Oruc zamanı orqanizmdə toplanmış qida maddələri əriyir, amma sonradan yerinə yeniləri yığılır. Bu isə bütün bədəndə yeniləşməyə səbəb olur».


Mənəvi saflaşma


Orucun mənəvi əhəmiyyəti müqayisəyəgəlməz dərəcə böyükdür. Bu müstəvidə danışarkən qeyd etməliyik ki, oruc insanın bədənini dünya nemətlərindən, ruhunu isə dünya qayğılarından azad edir. Əlbəttə, bu halda insan irfan yolunu daha sürətlə keçir. Çünki onun diqqəti mənəvi mövzulara, Allaha yönələr. Oruc tutan şəxs Allah barədə daha çox düşünür və Onu daha yaxından tanıyır.

Kamilləşmək arzusunda olan insan hər bir işi görməzdən əvvəl, o işin öhdəsindən gəlmək üçün özündə mənəvi qüvvə yaratmalıdır. Bu qüvvə isə son nəticədə iradə möhkəmliyi ilə bağlıdır. Bu mənada oruc bir aylıq xüsusi proqramdır. Oruc tutan şəxs tam bir ay ərzində dözümlülüyə, ciddi nizam-intizama öyrəşir və get-gedə bu keyfiyyət onda vərdişə çevrilir. Hədislərdən birində Peyğəmbərimiz buyurur: «Hər şeyin zəkatı olduğu kimi, bədənin də zəkatı orucdur».

Əgər insan Ramazan ayında öz istəkləri və tələbləri üzərində ciddi nəzarət qura bilsə, acdığı vaxt yeməkdən, susadığı vaxt içməkdən özünü saxlasa, heç olmazsa, bircə ay yalan, qeybət və söyüş söyməsə, gələcəkdə də öz iradəsi sayəsində bu işlərdən çəkinməyi bacarar. Oruc tutmağa öyrəşmiş adam nə vaxtsa ac-susuz qalmağa məcbur olsa, çox çətinlik hiss etməz. Deməli, oruc hər zaman insanın köməyinə gələ bilər.

Oruc tutan şəxsin diqqəti özündə cəmləşər, qeyri-ixtiyari hərəkət etməz; çünki bu halda orucu batil ola bilər. Hər yerdə və hər zaman öz bədən üzvlərini və ruhunu idarə edər. Göründüyü kimi, bu xüsusiyyətlər hər bir insanın mənəvi təkamülü üçün vacib şərtlərdir. Deməli, orucluq son mənada kamil insan yetişdirmək məqsədi daşıyır. Peyğəmbər salavatullah hədislərdən birində belə buyurub: «Oruc tutan öz yatağında yatsa belə, müsəlmanının qeybətini etməyincə, Allaha ibadət halındadır».

İlahiyyətçilərin fikrincə, oruc - cisimlə ruhun müştərək ibadətləri cərgəsində ən əhəmiyyətli yerlərdən birini tutur. Peyğəmbərimiz buyurub ki, «Ramazan orucu cəhənnəm alovu qarşısında sipərdir». Əlbəttə, ilahi əzabdan o adam amanda qalar ki, yalnız ac qalmaqla deyil, bütün vücudunu haramdan qorumaqla orucluq qaydalarına ciddi əməl etmiş olsun.


Günahlara sipər


Ramazan ayında oruc tutanların cinayətə meyli kəskin aşağı düşür. Yeri gəlmişkən, qan şəkərinin yüksəlməsinə aşırı cavab verən insulin kimi təsir göstərən reaktiv hipoqlisem adətən oruc tutan adamda özünü göstərmir. Dinə görə, oruclu olarkən münaqişəyə girmək, mübahisə etmək yasaqlanıb. Bu da öz növbəsində şəxsi zəmində düşmənçiliyin həddini aşağı salır. Qurani-Kərimdə orucun fərz qılındığını bildirən ayənin sonundakı «ta ki, qorunasınız» ifadəsi diqqətləri orucun hikmətinə çəkir. Allah hər dərdin dərmanını verdiyi kimi, hə də həyatda hər cür pisliklərə qarşı qorunma vasitələri də verib. Peyğəmbərimiz orucun bu özəlliyini hamımızın asanlıqla anlaya biləcəyi şəkildə belə buyurub: «Oruc bir qalxandır, o halda oruclu olan kəs küfr etməsin. Onunla dalaşmaq istəyən şəxsə iki dəfə «mən orucluyam» desin». Qalxan insanı düşmənindən qoruduğu kimi, oruc da da eyni formada sahibini pisliklərdən hifz edir.

İslam alimlərinin qənaətincə, orucun bir neçə mərtəbəsi mövcuddur. Birincisi, imsaqdan axşamadək yeməkdən, içməkdən və şəhvət arzularından çəkinmək məqsədilə tutulan oruc. İkincisi, birinci maddədəkilərlə birlikdə, eyni zamanda qulaq, göz, dil, el, ayaq və digər orqanları günahlardan uzaqlaşdıran oruc. Məhəmməd Peyğəmbər (s) hədislərdən birində belə deyir: «Oruc tutmağı sənə ona görə tövsiyə edirəm ki, o şəhvət damarlarını kəsir və lovğalığı aradan götürək».


Mərhəmətə çağırış


Oruc tutan insanların qazandığı ən vacib nemətlərdən biri onların yaxşını pisdən, acı toxdan, xeyiri şərdən və sair oruc tutmayanlarla müqayisədə daha aydın seçmələridir. Onlar orucluq müddətində ac qalarkən, ümumiyyətlə, ac insanların ömür boyu hansı müsibətləri yaşadıqlarını başa düşürlər və təbii ki, Ramazan günlərində olduğu kimi, sonrakı aylarda da belə kasıblara əl tutmağa səy göstərirlər. Göründüyü kimi, oruc onlarda insani keyfiyyətlər yaradır. Bununla bağlı quranda Allah belə buyurur: «And olsun ki, şükür etdiyiniz təqdirdə nemətinizi artıraram».

Yaradan başqa «Bəqərə» surəsinin 183 ayəsində belə buyurur: «Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib buyuruldu ki, siz pis əməllərdən çəkinəsiniz!».

İnsan oruc tutmağa başlayanda onda Allah qorxusu yaranmağa başlayır. Hansı ki, digər vaxtlarda adamda belə bir hal baş vermir. Bu cür Allah qorxusu isə təqva adlanır. Təqva nədir? Təqva budur ki, insan Allah Təalanın əmrlərini yerinə yetirdikdə və qadağanlarından çəkindikdə onda belə bir qorxu meydana gəlir. Daha açıq belə deyək ki, əgər bir insan Allahın və sonra göndərdiyi Peyğəmbərinin əmr etdiklərini yerinə yetirir və qadağanlarından çəkinirsə, o, təqva sahibi olur. (hafta.az)