vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
CƏMİYYƏT  
13:11 | 17 noyabr 2014 | Bazar ertəsi Məqaləyə 16912 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Müraciət forması

Adımızın yanına hansı sözü qoşaq?

QIZILGÜL, «Aydın yol» qəzeti

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda ünsiyyət zamanı hansı müraciət formalarından istifadə məsələsi tez-tez gündəmə gəlir. Qadınları «xanım», kişiləri bəzən «bəy», bəzənsə «müəllim» çağırırlar. Əslində adların yanına hansı sözü qoşmaq düzgündür? Tarixən dilimizdə qadın və qızlara «banu», «bəyim», kişilərə «ağa» müraciətləri də olub.

Azərbaycanda ümumi müraciət formasının qəbulunu filologiya elmləri doktoru, professor Firudin Cəlilov zəruri hesab edir: «Bütün xalqların öz müraciət forması var. Biz də özümüzünkünü axtarıb tapmalıyıq. «Bəy» sözü çox uyğundur, nəyə görəsə bəzilərinin xoşuna gəlmir. Rəsmi sənədlərdə isə addan əvvəl Türkiyədəki «sayın» və ya «hörmətli» sözünün işlədilməsi mümkündür».

Millət vəkili, akademik Nizami Cəfərov da Azərbaycanda ümumişlək müraciət formasına  ehtiyac görür: «Amma bu, hansısa rəsmi qərarla tənzimlənə bilməz». 

Millət vəkilinin fikrincə, «bəy» müraciətinə mənfi münasibət zaman keçdikcə aradan qalxacaq: «Bu sözün mənşəyində heç bir təhlükə yoxdur. Türk dünyasında çox populyardır». 

Nizami Cəfərov hesab edir ki, rəsmi müraciət kimi «cənab» sözü də işlənə bilər.

Professor Hamlet İsaxanlı bu mövzuda böyük bir araşdırma ilə mətbuatda çıxış edib. Araşdırmada tarixən Azərbaycanın da daxil olduğu mədəni-coğrafi məkanda işlədilmiş müraciət formaları sadalanıb: «şeyx», «qazi», «əmir», «xacə-xoca», «mövla və ya maula» (molla), «əfəndi», «ağa»... 

Müəllif əsasən ərəb və fars dillərindən gələn bu müraciətlərin tarixi şəraitə uyğun olaraq dəyişdiyini, sıradan çıxdığını qeyd edib: «Orxon-Yenisey» yazılarından başlayaraq «Dədə Qorqud» dastanları da daxil olmaqla türk dünyasında hörmət və vəzifə ifadə edən sözlər arasında ən çox işlədilən «xan» və «bəy» kəlmələridir».

Bizimlə söhbətində professor məhz «bəy» sözünün türk dünyasına, o cümlədən Azərbaycana uyğun olduğunu vurğuladı.   

Yazıçı-dramaturq, fəlsəfə professoru Firuz Mustafa deyir ki, Azərbaycanda qadınlara müraciət forması müəyyən mənada həllini tapıb: «Amma kişilərə müraciət qaydası dəfələrlə müzakirə olunsa da, yarımçıq bitib. Bu müzakirə çoxdan gedir. Hələ sovet dönəmində böyük bəstəkar Niyazi Türkiyəyə uzunmüddətli səfərdən qayıdandan sonra «Kommunist» qəzetində çıxış eləyib, bizdə də kişilərin bir-birinə «bəy» deyə müraciət etməsi təklifini irəli sürmüşdü. Həmin məqalənin təsiri altında Xəlil Rza «Maestro düz deyir» adlı məqalə yazmışdı, sonra da öz soyadının sonuna «bəy» artırıb «Xəlilbəyli» imzasını qəbul etmişdi». 

Firuz Mustafa hazırda «bəy» müraciətinə münasibətin müxtəlif olduğunu xatırlatdı: «Atatürk Türkiyədə hakimiyyətə gələndən sonra vaxtilə titul sayılan «xanım» və «bəy» sözləri müraciət formasına çevrildi. İndi Türkiyədə fəhlədən tutmuş prezidentəcən hər kəsə «bəy» deyə müraciət edirlər. Bu, doğru yanaşmadır».