vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 2 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ELM-TƏHSİL, DİN  
20:30 | 2 aprel 2016 | Şənbə Məqaləyə 952 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

SMS-gündəlik layihəsi valideynlərə baha göründü

Konkret nəticəyə nail olmaq üçün...

FATİMƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə il əvvəl Təhsil Nazirliyinin «SMS gündəlik» layihəsi tətbiq olunmağa başladı. Pilot layihə kimi ilk olaraq 5, 62, 204 və 239 saylı məktəblərdə reallaşan layihə valideynlərə övladlarının gündəlik qiymətlərindən SMS vasitəsilə xəbər tutmağa imkan yaratdı. Belə ki, valideynlər aylıq 5 manat ödəməklə bu xidmətə qoşulmaq imkanı əldə edirdilər.

Lakin bir çox təhsil eksperti bu layihəni tənqid edərək, valideyn-övlad münasibətlərini korlayacağını proqnozlaşdırırdı.

Bəs bu layihənin sonrakı taleyi necə oldu? Ekspertlərin bunun uğursuz olacağı barədə proqnozları özünü doğrultdumu?

Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda ölkə üzrə 43 ümumtəhsil məktəb «Elektron Məktəb» layihəsinə cəlb olunub və layihə çərçivəsində elektron idarəetmə üsullarından, şagirdlərin qiymətləndirilməsi üçün elektron jurnallardan istifadə olunur, həmçinin valideynlər öz uşaqlarının davamiyyətini onlayn rejimdə ödənişsiz izləyə bilir. «Eyni zamanda, bu ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin valideynlərinə ödənişli SMS gündəlik xidməti də təklif olunur. Bu sistemə qoşulma və sistemdən istifadə könüllüdür. Hazırda «Elektron Məktəb» layihəsinə qoşulan ümumtəhsil məktəblərinin 32-si SMS gündəlikdən istifadə edir».

Nazirlik vurğulayır ki, «Elektron Məktəb» layihəsinə qoşulan ümumtəhsil məktəblərinin sayının artırılması üzərində işlər aparılır.

«Elektron məktəb»in pilot layihə kimi təqdim olunduğu ilk məktəblərdən biri də 62 saylı orta məktəbdir. Məktəbin direktoru Mətanət Cabbarlı virtualaz.org-a açıqlamasında bildirib ki, artıq 4 ildir məktəb bu layihəyə qoşulub: «Hazırda bizdə qiymət jurnalları, lövhələr elektrondur. Məktəbin özünün lokal şəbəkəsi yaradılıb. «SMS gündəlik» xidmətinə isə maraq bir o qədər də güclü deyil. Bir neçə valideyn bu xidmətdən istifadə etsə də, çoxu maraq göstərmir. Əslində isə valideynin övladından xəbərdar olması üçün yaxşı xidmətdir».

Məktəb direktoru vurğulayır ki, məktəbin elektronlaşdırılmasının dərsin gedişinə də təsiri var: «Bütün sinif otaqlarında proyektorlar, kompüterlər, skanerlər var. Bu da dərsin gedişini daha maraqlı, rəngarəng edir».

M.Cabbarlı hesab edir ki, «SMS gündəlik» xidmətinə marağın azlığı bu xidmətin ödənişli olması ilə bağlı ola bilər: «Elə valideyn var ki, büdcəsindən buna pul ayırmaq istəmir. Bəzi evdən məktəbə 3 uşaq gəlir, o ailədə 15 manat ödəmək çətin ola bilər. Amma cəmi bir aylıq qoşularaq 5 manat da ödəmək olar. Sadəcə, valideynlər çox hallarda xoşlayır ki, bütün məsuliyyəti məktəbin üzərinə yıxsın. Halbuki, məsuliyyət qarşılıqlı olmalıdır».

Ekspert Əjdər Ağayev isə hesab edir ki, bu layihə birdən-birə nəticə verə bilməz: «Hazırda Elektron Məktəb layihəsinə qoşulan məktəblərin sayını artırmağa çalışırlar və bu, bahalı layihədir. Elektron lövhələrin alınması, digər lazımi avadanlığı təşkili və s. pul tələb edir».

İlkin mərhələ üçün layihəni necə qiymətləndirdiyinə gəlincə ekspert bildirib ki, layihənin başlanğıcı yaxşı oldu: «Yeni başlayanda layihə barədə çox danışıldı, bir çox məktəbə elektron lövhələr alındı. Amma sonra nisbətən zəiflədi. Şəhər məktəblərində layihənin icrası davam etsə də, kənd məktəblərində bu iş zəifdir. Konkret nəticəyə nail olmaq üçün bir neçə il vaxt lazımdır».