vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
PROBLEM  
18:51 | 28 noyabr 2016 | Bazar ertəsi Məqaləyə 1207 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kütləvi qırğın «silahı» - dəm qazı

Hər gün ölüm, hər gün faciə...

Gülnar ƏLIYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün Xətai rayonu, Məhəmməd Hadi küçəsi 109 ünvanında yaşayan 48 və 52 yaşlı iki bacı - Gülnar və Qumru Qurbanovalar dəm qazından zəhərləniblər. Bacıların biri dünyasını dəyişib, digəri isə ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Bu, payız-qış mövsümü başlayandan demək olar ki, hər gün baş verən, bəzi hallarda ailənin bütün üzvlərinin ölümü ilə səbəb olan, bitib-tükənməyən dəm qazı faciələrindən biridir. Hansı ki, aparılan bütün maarifləndirmə işlərinə, xəbərdarlıqlara baxmayaraq Azərbaycanda hər il yüzlərlə adam bu ucuz ölümə qurban gedir.

Xəstəxanadan verilən məlumata görə, hazırda xəstənin vəziyyəti ağırdır.  Zəhərlənməyə səbəb isə bacıların mətbəxdə istifadə olunan qaz sobasını evi isitmək məqsədi ilə yandıraraq yatmaları olub. Sakinlərin məlumatına görə, paytaxtın həmin yaşayış sahəsində ümumi istilik sistemi vasitəilə qızdırılan binalara kifayət qədər istilik verilmədiyindən əksəriyyət qızınmaq üçün bu üsuldan istifadə edir.

Bu ötən gün baş verən 7-ci belə hadisədir. Noyabrın 27-də dəm qazı -karbon monooksid (CO) daha 4 nəfərin həyatına son qoyub, 3 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qaradağ rayonunda nəvəsini hamamda çimdirən nənə uşaqla birlikdə dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən nəvə ağır vəziyyətdə müalicə olunur, nənə isə dünyasını dəyişib. Bundan başqa Gəncədə hamamda 13 yaşlı qız, Bakı şəhərində isə polis əməkdaşı dəm qazından boğularaq ölüblər. Şəmkir rayonunda dəm qazından zəhərlənən sakin isə ölümlə mübarizə aparır.

Statistikaya görə, 2014-cü ildə respublika ərazisində 220 nəfər dəm qazından zəhərlənib. Onların 80 faizi kişilər, 20 faizi qadınlar olub. Ötən il isə bu statistika 324 nəfərə qədər artıb.  Onların 65-70 faizini kişilər, 25-30 faizini isə qadınlar təşkil edir. Uşaqların sayı hər iki ildə 3-5 faiz olub.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun virtualaz.org-a bildirdiyinə görə, bu ayın əvvəlindən Mərkəzə dəm qazı zəhərlənməsilə bağlı 31 müraciət daxil olub. Onlardan 17 nəfəri xəstəxanaya yerləşdirilib. Xəstəxanaya qəbul olunanların 4-ü azyaşlıdır. Həkimin sözlərinə görə, xəstələrdən 3-nün vəziyyəti ağıdır.

Şöbə müdiri bildirir ki, ölüm hallarının əksəriyyəti zəhərlənən şəxslərin xəstəxanaya gec çatdırılması səbəbindən baş verir. Adətən insanlar özləri müdaxilə edərək xəstəni xilas etməyə  çalışırlar. Əksər vaxtlarda isə ölüm xəstəxanaya çatdırılana qədər baş verir.

Küləkli və soyuq havalarda qazın təzyiqi artırıldığından dəm qazından zəhərlənmələrin sayı da artır.

Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağciyərlər vasitəsilə daxil olur. İnsanlar yüksək konsentrasiyalı dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü olur və sürətli ölüm baş verir.

Mütəxəssislər bildirirlər ki, əslində dəm qazının yaranmasının əsas səbəbi savadsızlıq və qaz cihazlarını quraşdırarkən yanma prinsipinin nəzərə alınmamasıdır. Belə ki, qazın yanması üçün yanma kamerasına təmiz hava-oksigen daxil olmalıdır. Oksigen olmayan mühitdə yanma baş vermir. Bir kub metr qazın təmiz yanması üçün 9,5 kub metr hava lazımdır. Hava çatışmayanda, yaxud həddən artıq çox olanda proses pozulur və karbon monooksid (CO) alınır. İyi və rəngi olmayan bu qazın qanda konsentrasiyası müəyyən həddə çatdıqda ölüm baş verir.

Qazdan zəhərlənmələr isə daha çox hamam və ya yataq otaqlarında baş verir. Mütəxəssislər bildirirlər ki, əslində hamamın qapısı bayıra açılmalı və qapının aşağısında diametri 2,5 sm deşiklər və ventilyasiya kanalı olmalıdır.Mütəxəssislər dəm qazından ölüm səbəbini həm də ticarət şəbəkəsində müxtəlif ölkələrdə istehsal olunan keyfiyyətsiz qızdırıcılarla əlaqələndirirlər.

Bəs dəm qazının törətdiyi faciələrin qarşısını almaq üçün öncə nələri nəzərə almaq lazımdır?

Ekspertlərin sözlərinə görə, hər rübdə bir dəfə su qızdırıcıları, payızda isə digər qızdırıcı cihazların tüstü bacaları yoxlanmalıdır. Qızdırıcının baş hissəsi ilə birinci dirsəyə qədər 50 sm məsafə olmalıdır. «Azəriqaz» əməkdaşlarının xəbəri olmadan qaz cihazlarının yerini dəyişdirmək, qaz cihazı quraşdırmaq olmaz. Hər yoldan keçənə qaz ustası deyib sobaların quraşdırılmasını həvalə etmək düzgün deyil.

Havalandırma sistemi bir saatda otağın havasını 3 dəfə təmizləmək imkanında olmalıdır. Təəssüf ki, bu parametrləri heç kim gözləmir və bu da bədbəxt hadisələri qaçılmaz edir.