vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MÜSAHİB  
16:29 | 22 yanvar 2017 | Bazar Məqaləyə 1446 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rəsmi Bakı üçün ən doğru vaxtdır»

Tanınmış beynəlxalq ekspert: «Obama administrasiyasının Azərbaycana düşmən münasibətdə olmasına səbəb...»

Müsahibəni götürdü: Taleh QULİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Postsovet məkanı üzrə tanınmış beynəlxalq ekspert, Con Hopkins Universitetində (ABŞ) Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru Svante Kornel «Eurasia Diary»yə özəl müsahibə verib. Ekspert bir sıra məsələlər, o cümlədən ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ABŞ-ın yeni administrasiyasının tutacağı mövqe və Türkiyədə baş verən son terror hadisələri barədə sualları cavablandırıb.

 

- Azərbaycan-ABŞ əlaqələrinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Xüsusilə, Obama administrasiyasının tutduğu mövqe bu münasibətlərə necə təsir etdi?

- Düşünürəm ki, Obama administrasiyası dövründə bir sıra səbəblərə görə, ABŞ-Azərbaycan münasibətləri ciddi şəkildə pisləşdi. Bu, qismən Azərbaycandakı daxili vəziyyətlə bağlı idi. Ancaq mənim fikrimcə, burada daha önəmli rolu Türkiyə-Ermənistan protokolları məsələsi oynadı. Azərbaycan bu prosesi dayandırmağa çalışdı və buna nail oldu. Hesab edirəm ki, bu məsələ Obama administrasiyasının düşmən yanaşmasına səbəb olan amillərdəndir. Əsas amillərdən biri də, təbii ki, erməni diasporunun yetərincə gücə sahib olmasıdır. Çünki, onların Demokrat Partiyası ilə sıx münasibətləri var və bu da, öz təsirini göstərdi.

 

- Münasibətlərin sonrakı taleyi ilə bağlı Tramp administrasiyasından gözləntiləriniz nələrdir?

- Artıq vəziyyət dəyişib. Konqresdə, ölkənin qanunvericilik orqanında və icra hakimiyyətində respublikaçılar olacaq. Konqresdə erməni diasporu daha az nüfuza sahibdir. Ən əsası, bitməyən Erməni-türk məsələsi olmayacaq. Qarşılıqlı əlaqələrin daha yaxşı başlanğıcı və inkişafı üçün artıq böyük imkanlar mövcuddur. Əlbəttə ki, bu siyasət Tramp administrasiyasının prioritet məsələlərindən biri olmayacaq. Lakin düşünürəm ki, Azərbaycan hakimiyyəti üçün istəkləri uğrunda mübarizə aparmaq və onlara nail olmaq baxımından ən doğru vaxtdır.

 

- Sizcə, yeni administrasiyadan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik ciddi addımlara ümid etmək olarmı?

- Əvvəla, onu deməliyəm ki, bu məsələ ABŞ üçün prioritet olmayacaq. Çünki hazırda dünyada, eləcə də, ABŞ-da bir çox həll edilməmiş qaynar məsələlər var. Ancaq bununla yanaşı, müəyyən addımların atılacağını gözləmək olar. ATƏT-in Minsk Qrupuna yeni səfirin təyinati müsbət yöndə xəbərlərdən biridir. Ümid edirəm ki, bu səfir uzun müddət xidmət edəcək. Çünki o, yetərincə təcrübəsi olan, regionda ən nüfuzlu amerikalı diplomatlardan biridir. Həmçinin, onun münaqişələrin həlli yönündə mühüm yanaşmaları və anlayışları var. Əlbəttə, bu kifayət deyil, çünki bildiyimiz kimi, bu məsələlərə böyük dövlətlər cəlb olunub. Aydındır ki, Dağlıq Qarabağ münaqişəsində Rusiyanın oyunu gedir və sonlanmaq niyyətində də deyil.

 

- Türkiyədə törədilən son terror hadisələri haqda fikrinizi öyrənmək maraqlı olardı. Sizcə, baş verənlər nə ilə əlaqədardır?

- Əlbəttə, bir çox səbəblər var. Bunlara bəzi regional səbəblər də daxildir. Son bir neçə ildə Türkiyədə baş verənlər dövlət qurumlarını ciddi şəkildə zəiflədir. Buna baxmayaraq, Türkiyə güclü dövlət qurumlarına sahibdir. Əslində, Türkiyədə müxtəlif islam qrupları arasında vətəndaş müharibəsi gedir. Türkiyədə gedən proseslər bütün ölkənin imkanlarını məhv etməyə yönəlib. Hesab edirəm ki, bu proses hələ davam edəcək.

Qeyd edək ki,  Svante Kornel Yanvarın 18-də ADA Universitetində "ABŞ və Avropa Birliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya siyasəti - 25 ilin ümumi təsviri və təhlili" mövzusunda təqdimat edib. Tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirləri, Milli Məclisin üzvləri, politoloqlar, ictimaiyyət nümayəndələri, beynəlxalq münasibətlər üzrə ekspertlər iştirak edib.