vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
20:09 | 10 fevral 2017 | Cümə Məqaləyə 863 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Sepah»la bağlı əvvəllər də cəhdlər olub»

Sədrəddin Soltan: «Tramp «İran İnqilab Gözətçiləri»ni terrorçu elan edərsə, bu, rəsmi Tehran üçün çox pis nəticələnə bilər»

Aysel ASLAN

MÖVZU İLƏ ƏLAQƏLİ

««İran İnqilab Gözətçiləri»nin terrorçu təşkilatlar siyahısına daxil edilməsi hələlik piar xarakteri daşıyır». Bu barədə Sherg.az-a ABŞ prezidenti Donald Trampın İranın ən güclü təhlükəsizlik xidmətlərindən biri olan «İnqilab Keşikçiləri»ni terror təşkilatı elan etməyə hazırlaşmasına münasibət bildirərkən «Orta Doğu» Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.

O bildirib ki, İranda mülki hakimiyyətə, dövlətə bu qvardiya nəzarət etdiyindən qanunun qəbul olunması ilə ABŞ İranın əsas hərbi gücünü terrorçu elan etmiş olacaq: «Bu isə ölkənin terrorçular tərəfindən idarə edilməsi anlamına gəlir. Nəticədə, İran terrorçu dövlətdir. Bir müddət əvvəl də ABŞ prezidenti Donald Tramp – «İran terrorçu dövlətdir, odla oynayır» kimi ifadələr işlətdi. İranın müttəfiqi olan Rusiya isə  Trampın və Amerika rəsmilərinin dediklərini təkzib etdi. Odur ki, Tramp qvardiyanı terrorçu elan edərsə, bu İran üçün çox pis nəticələnə bilər. ABŞ da bunu elan etməkdə əsassız deyil. «İran İnqilab Keşikçiləri» qvardiyasının xaricdə fəaliyyət göstərən «Qüds» adlı briqadası var. Onun başında isə Qasım Süleymani adlı general durur. Bu generalın başçılığı ilə qvardiya tərəfindən İraqda və Suriyada bir sıra əməliyyatlar həyata keçirilir. Həmin əməliyyatlarda isə İranın mənafeyinin müdafiə olunması prioritet götürülür. Yəni Suriyada Bəşər Əsəd, İraqda isə İranın bəlli maraqları müdafiə olunur. Əvvəllər də qvardiyanın bu qanadının müxtəlif əməliyyatlar aparması bəlli idi. Mətbuata bu məsələlərin bəzi detalları məlum olsa da, şübhəsiz ki, böyük aparıcı güclər detallarına qədər bunu bilirlər. «Qüds» briqadasının, «İnqilab Gözətçiləri»nin terrorçu təşkilatları siyahısına daxil edilməsinə əvvəllər də cəhdlər edilib, amma elə cəhd olaraq qalıb».

S. Soltan deyib ki, Amerika bu təşkilatı terrorçular siyahısına daxil edərsə, onda İran ordusundakı aparıcı komandanlığın yarısı «qara siyahı»ya daxil edilə və İran ordu komandanlığı sanksiyalara məruz qala bilər. Qanunun qəbul olunmasının nəticəsi olaraq iqtisadi sanksiyalar tətbiq edilməli, onların bank hesabları dondurulmalı və xarici ölkələrə getməsi əngəllənməli olacaq: «Müdafiə nazirinə, baş qərargah rəisinə və digər rəsmilərə sanksiyalar tətbiq olunması məsələləri gündəmə gətiriləcək. Böyük məsələ olduğundan ehtimal etmirəm ki, ABŞ belə addım atsın. Lakin istisnalar da mümkündür. Çünki əgər ölkənin birinci şəxsi Tramp İrana qarşı sərt çıxışlar edərək, onu terrorda ittiham edirsə, deməli bunu həyata da keçirə bilər. Qanunun qəbulu cənub qonşumuz üçün ciddi siqnal deməkdir. İrana qarşı hərbi əməliyyatlar başlayarsa, o zaman asanlıqla İranı terrorçu qüvvə elan edə bilərlər. «Sepah»ın («İran İnqilab Keşikçiləri») terrorçu siyahısına daxil edilməsi bu ad altında İrana qarşı hərbi əməliyyatların həyata keçirilməsinə gətirib çıxara bilər. Məsələn İŞİD Suriya və İraqda idi, onun terror təşkilatı elan olunması ilə həmin ölkələrin terrorçulardan təmizlənməsi adı altında hərbi əməliyyatlar həyata keçirildi. Həmçinin «Taliban»ın terrorçu təşkilat elan olunması ilə Əfqanıstanda hərbi əməliyyatlara başlandı. Bu baxımdan «İran İnqilab Keşikçiləri» qvardiyası da terrorçu təşkilatlar siyahısına daxil edilsə, beynəlxalq koalisiyalar İranı bu təşkilatdan təmizləmək üçün hərbi əməliyyatlar, yaxud da ciddi sanksiyalar tətbiq edəcək. Bu olacaqmı? Vəziyyətdən asılı olaraq, yaxın zamanda bunu görə bilərik. Hələlik isə bu fikirlərin sadəcə ehtimal olduğunu düşünürəm».

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp rəhbərliyinin, İranın ən güclü təhlükəsizlik xidmətlərindən biri olan «İnqilab Keşikçiləri»ni terror təşkilatı elan etməyə hazırlaşdığı qarşıya qoyuldu.