vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
09:19 | 1 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1161 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan üçün növbəti fiasko

Əliyev Putini geri addım atmağa məcbur etdi

Təhməz ƏSƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

“Oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünü Ermənistanın növbəti diplomatik fiaskosu adlandırmaq olar”. Bunu Moskvada yaşayan siyasi ekspert Fərid Əkbərov deyib.

O bildirib ki, Soçidə üçtərəfli görüşün yekunları ilə bağlı birgə bəyanatda Ermənistanın maraqlarından irəli gələn heç bir şey əks olunmadı:

“Ermənistanın diplomatik fiaskosunun sübutu üçtərəfli görüşün yekunları ilə bağlı qəbul olunan birgə bəyanat və Rusiya Prezidenti Vladimir Putinin mətbuata açıqlamasında yer alan məqamlardır.

Diplomatik fiaskonun birinci sübutu yekun bəyanatın mətnində “Qarabağ” və ya “Dağlıq Qarabağ” münaqişəsi terminin işlədilməməsi, ümumiyyətlə, Qarabağ mövzusuna toxunulmaması, Qarabağla bağlı bir sözün belə qeyd olunmamasıdır. Bu məqam Prezident İlham Əliyevin “Qarabağ Azərbaycanın daxili işidir” tezisinin həm də Kreml tərəfindən qəbul olunması anlamına gəlir.

Putinin “Açıq deməliyəm, hər şeyi razılaşdırmaq mümkün olmadı. Əvvəlcədən mütəxəssislər səviyyəsində işlənmiş mətndən bəzi hissələri çıxarmalı olduq” açıqlaması onu deməyə əsas verir ki, yekun bəyanatın mətnində Qarabağın “statusu”, eləcə də bu ilin may ayında Xocalıda, sentyabr ayında isə Ermənistanla sərhəddə nəzarətə götürdüyümüz ərazilərdən geri çəkilməyimizlə bağlı Ermənistan tərəfinin tələbləri əks olunmalı imiş. Lakin danışıqlarda Azərbaycan tərəfinin təkidlə buna qarşı çıxması öz bəhrəsini verib. Hesab edirəm ki, məhz bu səbəbdən Putin-Əliyev danışıqları iki saatdan çox davam edib.

Ermənistanın fiaskosu bununla yekunlaşmayıb. Belə ki, Paşinyanın Soçi görüşündən əvvəl Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 10-15 il müddətinə uzadılmasına razı olması ilə bağlı açıqlaması da Soçi bəyanatında yer almayıb. Aydındır ki, Paşinyan bu bəyanatı ya Moskvaya yaranmaq, ya da elə məhz Moskvadan aldığı direktivlə gündəmə gətirmişdi. Lakin Putin üçtərəfli görüşün yekunları ilə bağlı mətbuat konfransında bu məsələnin müzakirə olunduğunu, sülhməramlı kontingent barədə hər şeyin 9 noyabr 2020-ci il bəyanatında qeyd olunduğunu və bu barədə əlavə deyiləcək bir şeyin olmadığını bildirdi.

Putinin Paşinyanın məlum sülhməramlı bəyanatını şərh etməsi isə məncə daha maraqlı oldu. Belə ki, Putin sülhməramlıların taleyinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından və sərhədlərin delimitasiyasından asılı olduğunu söylədi. Bununla da, Moskva rəsmi Bakının razılığı olmadan sülhməramləların mandatının uzadılması barədə müzakirələrin aparılmayacağını etiraf etmiş oldu. Burada da rəsmi Bakının mövqeyi bir daha təsdiqlənmiş oldu: Sərhədlərin delimitasiyası və sülh müqaviləsi gündəmdə olan əsas mövzu olmalıdır.

Soçi bəyanatında Azərbaycanda saxlanılan erməni hərbçi əsirlərin qaytarılmasından da bəhs edilmədi, hansı ki, rəsmi İrəvan bütün tribunalardan “humanitar məsələlər bloku” adı altında Azərbaycanın hərbi cinayətkar saydığı şəxsləri geri qaytarmasını tələb edirdi. 

Yekun sənədin ən vacib məqamlarından biri isə dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsidir ki, buna da tərəflər öz razılıqlarını bildiriblər. Əslində, sənədin bu bəndi Praqada qəbul olunan sənədin müvafiq bəndi ilə eynidir. 

Beləliklə, üçtərəfli görüşün yekunları ilə bağlı birgə bəyanatda Ermənistanın maraqlarından irəli gələn heç bir şey əks olunmayıb. Bir sözlə, Soçi sənədini Paşinyan hökumətinin növbəti diplomatik məğlubiyyəti adlandırmaq olar.

Onu da qeyd etmək lazımdır ki, Soçi görüşünün yekun bəyanatında Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının (Zəngəzur dəhlizi) açılması ilə bağlı da heç nə qeyd olunmayıb. Çox güman ki, Ermənistan tərəfinin heç bir tələbinin yekun mətndə öz əksini tapmaması kommunikasiyaların açılması ilə bağlı bəndin sənədə salınmamasına səbəb olub. 

Soçi görüşünün rəsmi Moskva üçün əhəmiyyəti isə ondan ibarətdir ki, Kreml Ukrayna müharibəsi səbəbindən bir müddətdir ki, Brüsselə buraxmaq məcburiyyətində qaldığı təşəbbüsü yenidən ələ almış oldu. Moskva heç cür özünün iştirakı olmadan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına razı ola bilməzdi ki, buna da Soçi görüşü ilə nail olmuş oldu”. (Milli.az)