vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
15:07 | 6 sentyabr 2017 | Çərşənbə Məqaləyə 2231 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Niyə məhz indi?

Myanmarda müsəlmanların soyqırımının səbəbi nədir?

Elçin ALIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Myanmarda müsəlmanlar soyqırıma uğrayırlar. Dinlərinə, milli mənsubiyyətlərinə görə. İlk baxışdan, əvvəlki adı Birma, indiki adı Myanmar olan ölkə Azərbaycandan çox uzaqdır.

Həmin ölkəni xəritədə tapmaq da bəlkə asan deyil. Lakin bu ölkədə həddən ziyadə gərginləşən situasiya nəinki Cənub-Şərqi Asiyada, bütün müsəlman aləmində partlayış effekti doğura bilər.

Myanmarda rohinca müsəlmanlarının soyqırıma məruz qalması, etnik və dini zəmində «təmizləmə» prosesi ilə üzləşmələri, on minlərlə müsəlmannın ölkədən qaçaraq qonşu dövlətlərə pənah aparmağa çalışmaları barədə xəbərlər sürəkli yayılır.

Nə baş verir? Rohinca müsəlmanları kimlərdir və nə üçün təqib olunurlar? Buddizmin rəsmi din olduğu Myanmar nə üçün üçnü birdən-birdə dünya mediasının diqqət mərkəzinə gəldi?

Suallar çoxdur və onları cavablamağa çalışaq.


Myanmar necə ölkədir?


Cənub-Şərqi Asiyadakı bu ölkə əvvəllər Birma adlanırdı. Lakin yerli sakinlər «Birma» kəlməsini sevmir, onu yad sayırlar. Bu səbəbdən də 1989-cu ildə ölkənin adını dəyişdilər və mənası «sürətli, güclü» olan Myanmar qoydular.

1948-ci ildə dövlət müstəqilliyi qazanandan bəri Birmada vətəndaş savaşı gedirdi və bu savaşda ordu, kommunist partizanlar, qiyamçı separatçılar iştirak edirdilər.

1962-2011-ci illərdə ölkəni hərbçilər idarə ediblər. Lakin son illərdə Myanmarda dəyişikliklər başlanıb, 1989-cu ildə seçkilərdə qalib gələndən sonra ev dustağı edilmiş Aunq San Suu Kyi xarici işlər naziri və dövlət müşaviri, yəni faktiki olaraq baş nazir təyin edilib.

60 milyonluq əhaliyə malik Myanmarda aralarında birmalılar, şanlar, karenlər, arakanlar, çinlilər, hinduslar, monlar, kaçinlər, rohincalar və s.-nin olduğu 102 xalq yaşayır.


Rohincalar niyə və hara qaçır?


Təxminən 32 min rohinca müsəlmanı Myanmar qoşunlarından və çılğına çevrilmiş buddist myanmarlılardan qurtulmaq üçün ölkə ərazisini tərk edib. Bu məlumat BMT-nin Təhlükəsizlik Şurasının fövqəladə toplantısında açıqlanıb.

Rohincaların yaşadıqları Arakan əyalətindəki müsəlmanların «Arakan Rohincalarının Xilası Ordusu» adlı qruplaşmanın ötən həftə bir neçə polis məntəqəsinə və hərbi bazasına hücumundan sonra 2012-ci ildən bəri ən böyük zorakılıq aksiyaları başlanıb.

Myanmar ordusu bunu antiterror əməliyyatları ilə izah edir.

Yerli müsəlmanlar isə deyirlər ki, Myanmar ordusu və hərbçilərə can-başla «yardım» edən «könüllü»lər rohincalara divan tutur, müsəlman kəndlərini yandırırlar.

Qaçqınların sayı 2012-ci illə müqayisədə çox olmasa da, yandırılan kəndlərin sayı 5 il əvvəlki fəlakətlə müqayisədə 5 dəfə artıqdır.

Rohincalar qonşu Banqladeşə qaçırlar. Rəsmi Dəkkə isə bəyan edib ki, artıq 40 min rohinca qaçqını qəbul edib.


Nobel Sülh Mükafatı laureatı «Xilas Ordusu»na qarşıdır?


Nobel Sülh Mükafatı laureatı, Myanmar müxalifətinin lideri olmuş, 20 ilə yaxın həbsdə qalmış Aunq San Suu Kyi 2015-ci ildə hakimiyyətə gələndə rohincalar ümid edirdilər ki, onların problemləri həll olunacaq, heç olmasa yaşadıqları ölkənin vətəndaşlığını alacaqlar.

Olmadı.

Suu Kyinin başçılıq etdiyi «Demokratiya Uğrunda Milli Liqa» ölkənin 55 milyonluq əhalisinin 1,1 milyonunu təşkil edən müsəlmanların yaşamını normallaşdırmaq üçün heç nə etmədi.

Myanmar əhalisinin 89 faizi olan buddistlər rohincaları Banqladeşdən gəlmiş qanunsuz miqrant sayırlar. Ölkənin hakimiyyət dairələri isə rohincalara mülki və siyasi hüquqlar vermək niyyətində deyil.

Paytaxt Neypyidodakı dövlət qurumları rohincaların silahlı dəstələrini «benqal terrorçuları» adlandırır, bununla da müsəlman myanmarlıların guya Hindistan və Banqladeş sərhədindəki Benqal bölgəsindən çıxma «miqrantlar» olduğuna işarə vurur.

Builki təqiblər və repressiyalar avqustun 25-dən sonra başlayıb.

«Arakan Rohincalarının Xilas Ordusu» qruplaşması Myanmar polisinin postlarına və hərbi bazaya hücum etdi, 12 hərbçi və polis, habelə 120 rohincalı qiyamçı həlak oldular.  Məhz həmin hücumlardan sonra Myanmar ordusu antiterror əməliyyatına başladı.

«International Crisis Group» hesab edir ki, «Xilas Ordusu»nu Səudiyyə Ərəbistanı və Pakistanda yaşayan rohincalar yaradıblar. Qruplaşmanın maliyyə mənbələrinin də Səudiyyə Ərəbistanında olduğu vurğulanır.

«Xilas Ordusu» rohincaların fəlakətli yaşamına dünyanın diqqətini cəlb etmək üçün aksiyalar keçirsə də, sonucda heç nəyə nail olmayaraq Myanmar müsəlmanlarının yaşamını daha da ağırlaşdırdı.

Rəsmi Neypyido zorakılığa və soyqırıma son qoyulması ilə bağlı BMT-nin çağırışlarına eyninə belə almır.

Myanmarın baş naziri Aun San Suu Kyu isə rohincalara vətəndaşlıq verə bilmir, çünki bu addım yerli əhalinin tam əksəriyyətinin qəzəbinə səbəb olar.

Ümumiyyətlə o, rohincalara qarşı təqiblərlə bağlı danışmaq istəmir. Sadəcə bir dəfə, Sinqapurda rəsmi səfərdə olanda jurnalistlərin israrlı suallarından sonra hirslənən Aunq San Suu Kyi demişdi: «Nə rohincalar?! Belə xalq yoxdur, olan bir zamanlar Banqladeşdən Myanmara qaçan miqrantlardır. Sonra da ki, mənə bir ölkə göstərin ki, orada insan haqları pozulmasın!»


Rohincalar kimlərdir və onlar niyə təqib olunur?


Rohincalar Myanmardakı milli azlıqlardan biri, etnik qrupdur. Təxminən 1,1 milyon rohinca Myanmarın qərb sahilindəki Raxayn ştatında, Banqladeşlə sərhədin yaxınlığında yaşayırlar.

Yerli müsəlmanlarla buddistlər arasındakı münaqişə çoxdan başlanıb və son gərginləşmə dövrünün əsası 2-ci Dünya Müharibəsində qoyulub.

Britaniya qoşunlarının Raxayn ştatını tərk etməsindən sonra yerli rohincalarla buddist arakanlar arasında toqquşmalar alovlanıb. Sadəcə, 1942-ci ildə on minlərlə insan bu toqquşmalarda həlak olub.

2-ci Dünya Müharibəsindən sonra rohincalar Myanmardan ayrılmaq istəyiblər. 1962-ci ildə Myanmarda (o dönəmdəki Birma) hərbi diktatura bərqərar olandan sonra rohincalara qarşı təqiblər artıq rəsmi səviyyədə davam edib.

1982-ci ildə onları «əcnəbi» elan ediblər və Myanmar vətəndaşı kimi tanımayıblar.

Rohincalar isə deyirlər ki, müstəmləkə dövrlərində «Britaniya Birması» adlanan məkanın sahibləri, yəni britaniyalılar 1940-cı illərdə ölkədəki bütün milli azlıqlara müstəqillik vəd etmişdilər. Vəd alanlar arasında indiki Arakan əyaləti və ya rohincaların «Raxayn» adlandırdıqları, Benqal körfəzinin sahilindəki dar, qərbdə Banqladeşlə həmsərhəd olan məkan da vardı.


İndi nə dəyişib?


Myanmarda rohincalara qarşı təqiblər 2012-ci ildə yenidən gərginləşib, müsəlmanlarla buddistlər arasında toqquşmalar nəticəsində 102 min rohinca Raxayn ştatını tərk edib.

Rohincaların kəndləri yandırılır, evləri yerlə-yeksan olunur, onlar döyülür, öldürülürlər. BMT-nin rəsmi hesablamalarına görə, indi Cənub-Şərqi Asiya ölkələrində 453 min qaçqın rohinca var.

Banqladeşdə xaotik yaranan, suyun, ərzağın və dərmanların olmadığı qaçqın düşərgələrinə son illərdə 400 minə yaxın rohinca toplaşıb. Onlar sərhəddəki Naf çayını keçərək Banqladeşə qaçıblar.


Buddistlər niyə rohincalara nifrət edir?


Əvvəlki adı Birma, indiki adı Myanmar olan ölkə əslində radikal buddizm, hətta buddizm fundamentalizminin vətənidir. Burada turistlər arasında buddistlərin müqəddəs məkanlarını «təhqir etmək»də suçlanaraq həbs olunanlar da az deyil.

Myanmar sansara və nirvananın Səudiyyə Ərəbistanıdır. Hər məhəllədə paqodalar var. Hər ailənin öz kiçik paqodası da öz yerində.

Ölkədə turistlər üçün reklam edilən məkanların istisnasız olaraq hamısı buddizmlə bağlıdır. Minlərlə, on minlərlə, milyonlarla kiçik, orta və böyük Budda heykəlləri var.

Üstəlik, Myanmar bəlkə də dünyada xurafatın və batil inancların ən güclü, ən çox yayılmış ölkəsidir. Buddist myanmarlılar «karmanı bərpa etmək» üçün qəfəsdə quşlar alır, sonra qəfəsi açıb quşları azadlığa buraxırlar.

Quşlar da uçaraq satıcıya qayıdırlar.

Myanmarlılar həm  də astrologiya vurğunları, ulduz falı tutqunlarıdır. Yerli buddistin yaşamında, ölkənin həyatında ən mühüm hadisələri astroloji ehtimallarla bağlıdır.

Məsələn, məhz ulduz falına görə ölkə paytaxtı dəfələrlə dəyişdirilib, şəhərdən şəhərə köçürülüb.

Myanmarlılar numerologiya fanatlarıdır. 1988-ci ilin avqustun 8-də ölkənin hərbi diktatoru 9-ya bölünməyən rəqəmli bütün əskinasları ləğv etdiyi üçün tələbələr qiyam etmişdilər. Diktator dövriyyədə yalnız 45 və 90 kyatlıq əskinasları saxlamışdı.

Əvvəlki Birmanın, indiki Myanmarın siyasi quruluşunun, dövlət idarəetmə sisteminin məğzi soyqırım, vətəndaş münaqişələri və separatizmdir. Myanmarlılar tarixləri boyu bir çox kiçik və böyük xalqlara divan tutublar. 16-cı əsrdə Birma imperiyası indiki Tailand və Laosa tamamən, Hindistanla Çinə isə qismən nəzarət edirdi.

Rəsmi adı «Myanmar İttifaqı Respublikası» olan Myanmar indi buddist birmalıların – «bama»ların - yaşadıqları 7 vilayətdən və mərkəzi hakimiyyətə tabe olmaq istəməyən şanlar, monlar, karenlər və s.-nin yaşadıqları 7 əyalətdən ibarətdir.

Tarix boyu birmalılar, monlar, şanlar və digərləri imkan tutan kimi bir-birlərini qırıblar.

Savaşdan asudə vaxtlarda isə onlar gülərüz, sakit adamlardır. Yəni buddistlərdir.

Ümumiyyətlə, buddistlərin sülhpərvər, sakit, zorakılığı sevməyən insanlar olması barədə geniş yayılmış təsəvvürlər yalandır.

Məsələn, bu yaxınlaradək Vyetnamın cənubunda khmerlər, mərkəzində çamlar yaşayırdılar. İndisə onlar yoxdur.

Birmalılar, taylılar, vyetnamlar ifrat, qəddar millətçidirlər və onların dövlət siyasəti də məhz millətçilik, şovinizm üzərində qurulub.


İslam rohincalara nə verdi?


Myanmarın qonşuluğundakı Banqladeş 170 milyon insanın yaşadığı, Hindistanın ərazisi bölünəndən sonra yaranan ölkədir.

Daxmalar, ifrat sıxlıq, ac uşaqlar Banqladeşin adi mənzərəsidir.

Banqladeşlilər də aclıqdan və işsizlikdən qurtulmaq üçün ölkədən qaçırlar.

Banqladeşlilər buddist myanmarlıların müsəlmanlara divan tutduqları Arakan əyalətinə yollanır, oradan Tailandın Kra əyalətinə keçir, sonra Malayziyaya yollanırlar.

Krada müsəlmanları öldürürlər, Malayziya isə müsəlman ölkəsi olsa da, miqrantları qəbul etmir.

Banqladeşdəki benqalların əsrlər əvvəl kütləvi şəkildə İslamı qəbul etmələrinin əsas səbəbi Hindistandakı kassa cəmiyyəti olub. Bu cəmiyyətdə insanların əksəriyyəti aşağı sosial statusda yaşayırdılar və indi də belədir.

İslam isə benqallara insan kimi yaşamaq imkanı verdi.

Myanmarda buddistlərin müsəlmanlara nifrət etmələrinin əsas səbəbi Arakandakı rohinca müsəlmanlarının yaşam səviyyəsinin ölkə miqyasındakı səviyyədən üstün olmasıdır. Həm də çoxuşaqlı müsəlman ailələri rohincaların sayını sürətlə artırır.


Niyə məhz indi?


Myanmar Çinin ən sadiq və strateji müttəfiqlərindən biridir. Pekin məhz bu ölkə vasitəsilə Hind Okeanına çıxmaq niyyətindədir.

Bəlli, Çin harasa can atırsa, orada «qəflətən» radikal islamçı terrorçu qruplar dərhal fəaliyyət başlayırlar. Çinin şimal-qərbində uyğurlar, qonşu Pakistanda puştunların «Cündül İslam» və ya «Təhrike Taliban» qrupları kimi. Yaxud da Tailandın cənubunda, Çinin iki okean arasında kanal tikməyə hazırlaşdığı yerdə «qəflətən» terror hücumlarına başlayan malay qruplaşmalar təki.

Buna görə də Mayanmardakı rohinca problemi ilə bağlı Azərbaycan həddən ziyadə ehtiyatlı, düşünülmüş mövqe tutmalıdır.

Rohincalara qarşı təqibləri qətiyyətlə pisləyən bəyanatlar Çinlə münasibətlərin gərginləşməsi, belə bəyanatların olmaması isə müsəlman ölkələri, ələlxüsus da Səudiyyə Ərəbistanı ilə münasibətlərdə anlaşılmazlığın yaranmasıdır.

... İkinci Dünya Müharibəsi illərində, Yaponiya Birmanı işğal edəndə müsəlman rohincalar Britaniyaya sadiq qalaraq işğalçılara qarşı partizan savaşına başlamışdılar. Arakan, yəni Raxayn ştatındakı buddist birmalılarsa yapon işğalçıları tam dəstəkləyərək Tokionun yaratdığı «Birma Milli Ordusu»nun sıralarına qatıldılar.

Rohincalara divan tutan həmin ordunun komandanı Birma Kommunist Partiyasının banilərindən biri, general Aun San idi.

Myanmarın indiki baş naziri, Nobel Sülh Mükafatı laureatı Aunq San Suu Kyinin atası... (milli.az)