vaxtlı-vaxtında oxuyun! Bazar, 22 oktyabr 2017
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0087 AZN
Rusiya rublu 1 RUB = 0.0296 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2277 AZN
Türk lirəsi 1 TRY = 0.4644 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ŞƏXSİYYƏT  
22:28 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 249 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nəciblik nümunəsi

Aida İmanquliyeva bütün gözəl xüsusiyyətləri özündə təcəssüm etdirirdi

Təranə MƏHƏRRƏMOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Görkəmli şərqşünas alim Aida İmanquliyeva haqqında onu yaxından tanıyanlar, iş yoldaşları həmişə böyük məhəbbət, dərin hörmət və yoxluğundan kədər hissi ilə danışırlar. «Aida İmanquliyeva bir mütəfəkkir alim kimi düşüncə sistemi və təfəkkür tərzi ilə Qərbin və Şərqin mərkəzində yerləşən bir Azərbaycan modelidir. Onun həyat və yaradıcılığı milli ziyalı qadınlar içərisində bənzərsizliyi, yüksək dəyərli xüsusiyyətləri ilə seçilirdi»- deyə həmkarları bildirirlər. Dünya şərqşünaslığı tarixində xüsusi yeri olan Aida İmanquliyevanı çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açan alim kimi dəyərləndirirlər.

Onun haqqında cild-cild kitablar yazılıb, xatirəsinə sanballı verilişlər həsr olunub. Müasirlərinin, onunla ünsiyyətdə olanların haqqında söylədiklərindən gözümüzün önündə Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətləri təcəssüm etdirən bir qadın obrazı canlanır. Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru və ilk professor qadın olan Aida İmanquliyevanın 10 oktyabrda qeyd olunacaq anım günündə vaxtilə onunla birgə çalışan həmkarları və ərəbşünaslıq elmində açdığı yola böyük maraq göstərən tədqiqatçılarla söhbətləşdik.

 

Ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə

 

Aida İmanquliyevanın Şərqşünaslıq İnstitutunda uzun müddət rəhbərlik etdiyi Ərəb filologiyası şöbəsinin hazırkı müdiri professor Vilayət Cəfərov Aida xanımla bərabər işlədiyini söyləyir: «Ərəb filologiyası şöbəsi Aida xanımın rəhbərliyi altında 1978-ci ildə fəaliyyətə başlayıb. Bu şöbə onun rəhbərliyi ilə çox böyük uğurlar qazanıb. Aida İmanquliyeva Qərb və Şərqin mənəvi dəyərlərini özündə birləşdirib. O, müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açıb». V.Cəfərov deyir ki, Ərəb filologiyası şöbəsi Aida xanımın xatirəsini yad etmək üçün son illərdə də bir çox əsərlər çap etdirib. Həmin əsərlərdən  bəziləri sırf şərqşünas alimin parlaq xatirəsinə həsr edilib: «Azərbaycan şərqşünaslığında yeni dövrün ərəb ədəbiyyatı araşdırıcısı və ərəb dili üzrə ilk elmlər doktoru olan Аida хаnım İmanquliyeva müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açaraq məktəbin əsasını qoydu. Onun fundamental tədqiqatları Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirib. İlk qadın şərqşünasın tədqiqat işləri və tərcümələri Azərbaycan ədəbiyyatının sərvətidir. AMEA Şərqşünaslıq İnstitutunun direktoru işlədiyi illərdə o, elmin bu sahəsinin inkişaf etdirilməsi üçün çox böyük işlər görüb. Aida xanım aramızda olmasa da, onun təsis və rəhbərlik etdiyi Ərəb filologiyası şöbəsi, o cümlədən Şərqşünaslıq İnstitutunun əməkdaşları bu müddət ərzində onu heç zaman unutmayıb, onun xatirəsini həmişə yad edirlər».

 

Missiyasını ləyaqətlə yerinə yetirdi

 

Aida İmanquliyevanın bir insan kimi ürəyində silinməz iz qoyduğunu deyən AMEA Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi Laura Orucova belə insanların nadir hallarda doğulduğunu söyləyir: «Onu Tanrı yaratmışdı, sanki vaxtsız da öz yanına apardı. Ancaq Aida xanım bu qısa vaxtda öz missiyasını ləyaqətlə yerinə yetirdi. O, özü də çox yaşamaq istəmirdi. «Mən istəyirəm insanların yaddaşında həmişə cavan və gözəl qalım, istəmirəm ki, məni qoca görsünlər» - deyirdi. O, qocalmaq istəmirdi. Biz ona bu fikri ilə bağlı etiraz edəndə də yenə eyni sözləri deyirdi. Bəlkə də buna görə 57 yaşında dünyadan köçdü...» L.Orucova özünə yaxın rəfiqə hesab etdiyi Aida İmanquliyeva ilə ilk tanışlığını xatırlayır: «Aida xanım universitetin Şərqşünaslıq fakültəsinin Ərəb şöbəsində məndən yuxarı kursda oxuyurdu. O, beşinci kursda oxuyanda mən birinci kursa daxil olmuşdum. Mən onun gözəlliyinə heyran olmuşdum. Bir dəfə bufetdə onu gördüm və gözəlliyinə tamaşa edə-edə qaldım. O, Azərbaycanın ən gözəl xanımlarından idi. Mən Azərbaycan xanımlarını necə təsəvvür edirdimsə, bu gözəlliyi onda gördüm: boy-buxun, incəlik, mədəniyyət. O, qadına aid bütün gözəl xüsusiyyətləri özündə təcəssüm etdirirdi. Mən onunla tanış olmağı çox istəyirdim. Ancaq ona yaxınlaşmağa utanırdım. Tale elə gətirdi ki, mən aspirant kimi Şərqşünaslıq İnstitutuna gələndə Aida xanım da Moskvada aspiranturanı bitirib qayıtmışdı. Yenidən onunla burada qarşılaşdım. Ona yaxınlaşdım, salamlaşdım. Aida xanım sanki məni illərlə bundan əvvəl tanıyırmış kimi görüşdü. O, heç kəsdən küsülü qalmazdı. Həddən artıq ziyalı idi. Çünki əsl ziyalı ailəsində böyümüşdü. Mən sonradan onun valideynləri ilə də tanış oldum. Onu yaxından tanıdıqca müdrikliyinə heyran olurdum. Aida xanım gənc olmasına baxmayaraq, çox müdrik idi. Ona görə də çox xüsusiyyətləri ondan götürürdüm. Mən bir az ərköyün böyümüşdüm. Onu tanıyandan sonra davranışıma diqqət yetirməyə başladım. Mən ona oxşamaq istəyirdim».

L.Orucova xatırlayır ki, Aida İmanquliyeva Şərqşünaslıq İnstitutunun direktoru seçiləndən sonra da işçilərə qarşı alicənablığı ilə seçilib: «O, hamı ilə çox yaxın münasibət qurmağı bacarırdı. Heç kəsə səsini qaldırmaz, kimləsə kobud danışmağa özünə icazə verməzdi. Onun özünəxas xüsusiyyətlərinə vurulmamaq mümkün deyildi. Bəzən kiməsə əsəbiləşəndə belə, həmin adama fikirlərini çox sakit və mədəni tərzdə çatdırırdı. Aida xanım hər kəslə öz səviyyəsində danışmağı bacarırdı. O, heç kəsi alçaltmırdı, onun mədəniyyəti hamı üçün nümunə idi». L.Orucova həmkarının şərqşünaslıq elminə böyük töhfələr verdiyini deyir: «Aida xanım ərəb məhcər adlı bir cərəyan yaratdı. O, bu sahədə böyük araşdırmalar apardı, diqqəti bu cərəyana yönəltdi. Ondan sonra çoxlu aspirant və dissertantlar bu mövzu ilə işlədi. Həmçinin ona qədər ərəb alimləri də bu istiqamətdə məşğul olmamışdılar. Bu, onlar üçün də yenilik idi. Ona görə də Aida xanım bu gün ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən görkəmli, ən sanballı tədqiqatçısı kimi tanınır. Bunu nəinki Azərbaycan və əski sovet ərəbşünasları, hətta Avropa şərqşünasları, ərəblərin özləri belə, etiraf edirlər.

Aida xanım çox şeylə maraqlanırdı. Sovet İttifaqı dağılandan sonra Aida xanım dini məsələlərə də yaxınlaşmışdı. O, Quranın tərcüməsi ilə məşğul olurdu. Bəzi surələri şərh edirdi, məqalələri dini jurnallarda tez-tez çap olunurdu». Aida İmanquliyeva dünyadan köçəndən sonra yaxınları, doğmaları ilə bərabər, həmkarları da onun itkisindən doğan acını yaşayıblar. «Mən onun simasında sanki böyük bacımı, məsləhətçimi və yaxın rəfiqəmi itirdim»- deyir Laura xanım: «Ondan sonra düz bir il özümə gələ bilmədim. Hər səhər yuxudan qalxanda «Aida yoxdur» deyə inanmırdım. Bu, mənimçün böyük itki idi. Çünki o, sevilməli insan idi, ona hamı hörmət bəsləyirdi, O, bu hörməti öz davranışı, yüksək insanlıq xüsusiyyətləri ilə qazanmışdı».

«Aida İmanquliyevanın gərgin zəhmət, zəngin fakt və ərəbcə mötəbər mənbələrə söykənməklə yazdığı  məqalələri oxuyanda araşdırıcının nə qədər yüksək erudisiyaya, hadisə və əhvalatlara nə qədər həssaslıqla yanaşma səriştəsinə, cümlələrinin səlis, su kimi axarlı olmasına heyran qalmayan olmaz»- deyən AMEA Şərqşünaslıq İnstitutunun  Nəşriyyat və elmi informasiya təminatı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü bütün bunların Aida xanımın Azərbaycan və rus dillərini və ədəbiyyatşünaslığın nəzəri məsələlərini, ərəb dilinin incəliklərini kamil bilən bir mütəxəssis olmasından qaynaqlandığını bildirir: «Aida xanımın əsas yaradıcılığı ərəb məhcər ədəbiyyatının üç məşhur nümayəndəsinin (Mixail Nuaymə, Cübran Xəlil Cübran, Əmin ər-Reyhani) həyat yolu və ədəbi-bədii irsləri ilə bağlı olub. Yazdığı bu məqalələrdə Aida xanımın ərəb məhcər ədəbiyyatının Şimali Amerikada yaranmış qoluna məxsus fikirləri öz əksini tapıb». R.Cümşüdlünün sözlərinə görə, həmin ərəfədə ərəb məhcər ədəbiyyatının Cənubi Amerikada yaranmış digər bir qolu da mövcud olub ki, keçmiş sovet ərəbşünaslığında bu qolun araşdırılması, ümumiyyətlə, diqqətdən kənarda qalıb. Bu sahədə də Aida xanım öz müasirlərini qabaqlayıb: «Məhz buna görə də Aida xanımın «Cənubi Amerikaya mühacirət etmiş ərəb ədib və şairlərinin fəaliyyəti haqqında» adlı məqaləsini ərəb məhcər ədəbiyyatının Braziliyada yaranmış qolunun tədqiqində ilk qaranquş hesab etmək olar». R.Cümşüdlü qeyd edir ki, Aida xanıma qədər nəinki ərəb məhcər ədəbiyyatı, habelə Qərb romantik poeziyası Azərbaycanda geniş tədqiq olunmamışdı. U.Bleyk, R.Emerson, U.Uitmen kimi görkəmli şairlərin həm bədii yaradıcılıq metodları, həm də ideya mövqeləri Azərbaycan oxucularına ilk dəfə olaraq məhz Aida İmanquliyeva tərəfindən təqdim olunub: «Lakin onun rolu bu ədəbi proseslər haqqında heç də sadəcə informasiya verməkdən ibarət deyildi. Aida xanım Qərb ədəbiyyatı tarixçisi də deyildi. Lakin onun tədqiqatı empirik səviyyə ilə məhdudlaşmayaraq nəzəri-konseptual dərinliklərə endiyindən, burada ədəbi-bədii məsələlər fəlsəfi məzmun kəsb edirdi ki, nəticədə Şərqdə və Qərbdə gedən ədəbi proseslərin ümumi tendensiyaları tapılıb üzə çıxarılırdı. Onun baxış spektri o dərəcədə zəngin idi ki, təkcə ərəb ədəbiyyatı ilə məhdudlaşa bilməzdi. Buraya istər-istəməz müxtəlif coğrafi məkanlara aid olsalar da, eyni ideyanın və eyni xətti-hərəkətin nümayəndələri və bayraqdarları olan fərqli şəxsiyyətlər daxil edilməli idi. Məhz buna görə də Aida xanımın baxış bucağında ərəb ədəbiyyatı ilə bərabər, Amerika, Avropa və rus ədəbiyyatını da görmək mümkündür». Aida xanımın öz qısa ömrünün yarısını Azərbaycan elminin inkişafına, Azərbaycan şərqşünaslığının təşkilinə həsr etdiyini deyən R.Cümşüdlü: «Bu alimi tanıyanlar, onun tələbələri Aida xanımı dərin biliyinə, mənəvi zənginliyinə görə sevirdilər. Tələbələri onun davranışına və rəftarına, mühazirələrinə heyran idi», - deyə qeyd edir: «Onun hər bir hərəkətində nəciblik duyulurdu. Ulu Tanrı ondan heç nəyi əsirgəməmişdi: gözəllik, ağıl, nəcabət. Aida xanım İmanquliyevanı səciyyələndirən əsas cizgilər, insani keyfiyyətlər özünə qarşı tələbkarlıq, ailəsinə tükənməz sevgi hissi idi».

R.Cümşüdlü 2010-cu ildə «Füzulinin ərəbcə poetik irsi» adlı tədqiqat işi ilə Aida  İmanquliyevanın xatirəsinə həsr olunmuş «Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri» müsabiqəsinin qalibi olub. Alim Aida İmanquliyevanın xatirəsinə minnətdarlığını bu kəlmələrlə dilə gətirib: «Ruhunuz şad olsun, Aida xanım! Siz bizə zəngin elmi irs və işıqlı yol bəxş etmisiniz. Biz gənc alimlər sizin elmi tövsiyələrinizə əməl edir, o işıqlı yolda irəliyə doğru addımlayırıq».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *