vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 20 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9377 AZN
1 Rusiya rublu 1 RUB = 0.0257 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1803 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3178 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ƏDƏBİYYAT  
09:57 | 1 sentyabr 2018 | Şənbə Məqaləyə 433 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cənnət içrə bir hur

...Yaxud 1300 yaşlı Leyli və Məcnun sevgisi

Rafael HÜSEYNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Gözəl idimi Leyli, ya Qeysin heyran gözləri idi onu gözəllərin ən gözəli kimi görən?

Nizami Gəncəvi Qeysin baxışlarının Leylidə yalnız mütənasib olanları sezdiyi, Leyliyə aid hər nəsnəni gözəl təsəvvür etdiyi inamında idi:

 

Əgər bər dide-ye Məcnun neşini,
Beğeyr əz xubi-ye Leyli nəbini.

Leyliyə Məcnunun gözüylə baxsan,
Yalnız gözəllikdən taparsan nişan.

 

Füzulinin qələmində Leyli misli cahana gəlməmiş, zəkası da, nitqi də, zahiri də hər görəni dərhal valeh edən bir ziba idi:

 

Şahbaz baxışlı, ahu gözlü,
Şirin hərəkətli, şəhd sözlü.
Rah-i rəvişi müdam ğəmzə,
Başdan-ayağa tamam ğəmzə.


Ayruqca şəkil ü xoşca peykər,
Yaxşıca sənəm, gözəlcə dilbər.
Aləm sər-i muyinin tüfeyli,
Məhbube-yi aləm, adı Leyli.

 

Füzulinin Leylini müstəsna gözəl kimi təqdim etməsi məhəbbət dastanının tələbiylə şair ilhamının coşmasından doğurdu, ya həqiqi idi bu öygü?

O mənbələr ki, Füzulidən də 5-6 əsr əvvəlin yadigarıdır və indi qarşımızdadır, onlardan təbii ki, Ustad da yararlanmışdı və həmin qaynaqlar təsdiq edir ki, Leyli doğrudan da sözə sığmayacaq əndazədə gözəlmiş, həqiqətən də məlahət mülkünün sultanı adlanmaq haqqı varmış.

Köhnə əlyazmalar bizə VII yüzildə ömür sürmüş Qeys ibn Müləvvəhin – eşqin Məcnuna çevirdiyi o aşiqlər aşiqinin bilavasitə öz qələmindən çıxmış şeirlərini də çatdırıb.

Günlərin birində onun çadırının yanında atının yüyənini dartan çapar Qeysə Leylidən soraq gətirir.

Məhz Leyli xəbəri çatdırdığına görə həmin adam dönüb olur Məcnunçün ən əziz şəxs, onun dilindən qopan hər Leyli soraqlı kəlmə isə baldan şirin.

Bu misralar Qeysin – Məcnunundur:

 

Leylidən yetdi soraq, nur çilə, ey göz buludu,
Tərifin az edibəm, mən xəsisəmmiş necə də!
Nə gözəldir o çapar ki. gəlişiylə şad edər,
Sanki bir güldür onun verdiyi hər xoş müjdə.

 

Amma məxəzlər bunu da pıçıldayır ki, Qeysi gözəlliyi ilə əfsunlamış Leyli də elə istəklisi kimi şair imiş və yel qanadlı illər onun da Məcnuna həsr etdiyi atəşli misraları bizim günlərədək uçurub:

 

Getdi Qeysim, yaşayır qəlbdə hər dərdi dərin,
Kaş salaydı yenə tale buralardan güzərin.
O gedən yara fəda eyləyərəm mən canımı,
Qorumazsa onu gər qadir olan Tanrı, bilin!

 

Müdrik Füzuli məhəbbət fəzasının əbədi göyərçinləri olan qoşa sevgiliyə – Məcnuna “Zülmət içrə nur”, Leyliyə “Cənnət içrə hur” demişdi.

Leylilə Məcnun sevgisinin yaşı 1300-ə çatıb. Lakin zaman qocalıb, onlar gənc qalıblar.

Zülmətlər içində nur kimi parlamaqda, eşq cənnətində mələklər kimi qanadlanmaqdadırlar!..

Sabah (sentyabr ayının 2-də saat 21.30-da) və sentyabrın 4-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi Şərq şeirinin solmaz çiçəyi Leyliyə həsr ediləcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *