vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 may 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
MÜSAHİB  
10:08 | 11 dekabr 2018 | Çərşənbə axşamı Məqaləyə 1007 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Zaldan gözüyaşlı çıxırdılar”

Qan Turalıdan “Cümhuriyyət ili”nə töhfə

Aysel ASLAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Dekabrın 4-də Səməd Vurğun adına Rus Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları tələbələrinin ifasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Hərə bir qəhrəman” tamaşası nümayiş olunub.

Tamaşada təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, ali məktəblərin rektorları, tanınmış ziyalılar və tələbələr iştirak ediblər.

“Hərə bir qəhrəman” pyesinin müəllifi olan yazıçı Qan Turalı bildirib ki, tamaşa rejissor Gümrah Ömərin quruluşunda hazırlanıb. “Hərə bir qəhrəman” tamaşasında Xalq Cümhuriyyətinin qurulmasında müstəsna xidmətləri olmuş 20 yaşlı millət vəkili Rəhim bəy Vəkilovun, Mədinə Vəkilovanın, həmçinin 23 yaşında Cümhuriyyətin ilk daxili işlər naziri təyin edilən Mustafa bəy Vəkilovun həyat hekayəsindən bəhs edilir.

Tural Cəfərovla müsahibəni təqdim edirik: 

 

- Belə bir tamaşanın hazırlanması ideyası kimdən gəldi? Teatr, SABAH qrupu, ya siz bu təşəbbüslə çıxış etdiniz?

- Tamaşanın hazırlanması ideyası ilin əvvəlində ortaya çıxdı. O zaman Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Fərəh Əliyeva məni universitetin nəzdində fəaliyyət göstərən “Səda” Tədris Teatrına ədəbi hissə müdiri vəzifəsinə dəvət etdi. Elə ilk görşümüzdə sabiq rektor xatırlatdı ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyidir. Bununla bağlı maraqlı bir tədbir həyata keçirmək lazımdır. Biz bu istiqamətdə bərabər müzakirələr apardıq. Mən o dövrün tarixi materiallarını, dəyərli sənədləri topladım və dərindən öyrənməyə başladım. Fərəh xanım və tamaşanın rejissoru Gümrah Ömərlə birlikdə necə bir layihə həyata keçirəcəyimizi xeyli ölçüb-biçdik. Bu hekayənin izinə düşməyim isə “Hərə bir qəhrəman” pyesinin ərsəyə gəlməsinə səbəb oldu. İyun ayında bu tamaşanın premyerası baş tutdu. Artıq il ərzində 7-ci dəfədir ki, “Hərə bir qəhrəman”ı müxtəlif teatrlarda səhnələşdiririk. Bundan sonra da tamaşamız müxtəlif auditoriyalarda oynanılacaq. 

 

- Geniş məlumat verməyinizi istəyərdik. “Hərə bir qəhrəman” pyesi nədən bəhs edir?

- Pyes Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixinin bir səhifəsindən bəhs edir. AXC-nin qurulmasında və inkişafında böyük xidmətləri olan insanların həyatını səhnələşdirmişik. Bildiyimiz kimi, AXC qurulanda Azərbaycan Milli Şurası parlamentə çevrilib. Onun ən gənc deputatlarından biri olan Rəhim bəy Vəkilovun həyatı pyesin əsas məzmununu təşkil edir. Azərbaycan parlamentinin ilk iclası dekabrın 7-si – 1918-ci ilin bu günü keçirilib. Parlamentin baş katibi də Rəhim bəy Vəkilov olub. Çünki o dövrdə ənənə var idi, ən gənc deputat katib təyin olunurdu.

Azərbaycan İstiqlaliyyət Bəyannaməsini də ən gənc deputatımız qələmə alıb. Bütün AXC-nin mövcudluğu boyunca gənc deputat kimi fəaliyyətini davam etdirən Rəhim bəy Vəkilov müsavatçı olmasına baxmayaraq, partiyanı da tənqid edib, hər zaman obyektiv mövqeyi ilə seçilib. O aprel işğalından sonra sürgünə göndərilib. İki dəfə sürgün həyatı yaşayıb və 1934-cü ildə intihar edib.

Pyesin digər hissəsi Rəhim bəy Vəkilovun əmisi oğlu Mustafa bəy Vəkilovla əlaqədardır. O, 1920-ci ildə Cümhuriyyətin daxili işlər naziri təyin olunub. Bundan əvvəl isə Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdi.

Üçüncü qəhrəmanımız isə Mədinə xanım Vəkilovadır. O, inqilabdan öncə ali təhsil almış nadir qadınlardan biri idi. Tiflisdə Qızlar Gimnaziyasını bitirmişdi. Müxtəlif illərdən Bakıda və digər bölgələrdə pedaqoji fəaliyyətlə məşğul olub. Bir sıra Azərbaycan yazıçılarının əsərlərini rus dilinə çevirmişdi. O dövrün ən işıqlı qadınlarından biri idi.

“Hərə bir qəhrəman” üç əmi övladı arasındakı melodramik münasibətlərdən bəhs edir. Rəhim bəyin Mədinə xanıma olan sevgisi, buna əngəl olan dövrün ictimai-siyasi təlatümləri pyesdə əks olunub.  

Mən özümü Cümhuriyyətə borclu hiss edirdim. Onun 100 illiyi ilə bağlı bir əsər yazıb, bu tarixin öyrədilməsi, tanıdılması yolunda xidmət göstərməyi çox istəyirdim. Biz uzun müzakirələrdən sonra məhz bu variant üzərində dayandıq. Pyes həqiqətən, çox uğurla səhnələşdirildi. “Hərə bir qəhrəman”da əks olunan faktlar əsasında yaxşı sənədli filmin ərsəyə gətirilməsini çox arzulayıram. Bunun üçün fəaliyyətimi, çalışmalarımı davam etdirirəm. 

 

- Tamaşa necə qarşılandı?

- Mən əvvəlki tamaşalarda da bu pyes oynanıldıqda arxa sıralarda oturmuşam. Zalın ümumi aurasını, tamaşadan əvvəl və sonra tamaşaçıların təəssüratlarını izləmişəm. İnsanların əksəriyyəti buradan göz yaşları ilə çıxırdılar. Bu hadisələrin təkcə dramatik sevgi nağılı ilə əlaqədar olması deyildi. Bu, həm də Azərbaycanın tarixinə, AXC-nin taleyinə olan məhəbbətin göstəricisi idi. Düşünürəm ki, insanlar zaldan bu hisslə çıxsalar, mən və tamaşanın ərsəyə gəlməsində əməyi olan hər kəs çox xoşbəxt olarıq. Bu o hissdir ki, hazırkı müstəqil Azərbaycan Respublikasının qurulması, bir dövlət kimi millətlərin içərisində imzasının olması yolunda verilən qurbanlar, çəkilən əziyyətlər, fədakarlıqlar unudulmasın. İstəyirəm ki, insanlar bunu duysunlar və şəxsiyyətlərimizin fədakarlıqlarını böyük həssaslıqla qəbul etsinlər. 

 

- Tələbələrin performansından razı qaldınızmı?

- Tələbələr bu pyesin öhdəsindən çox gözəl gəldilər. Heç bir fərq qoymadan deyə bilərəm ki, hər biri rolunu möhtəşəm oynadı. İnanıram ki, tamaşa onların karyerası üçün də çox uğurlu olacaq. İllər sonra belə bu tamaşanın xatırlanacağına inanıram.

Gümrah müəllimin rejissorluğu isə mənim üçün həqiqətən qiymətlidir. Pyesin yaxşı ortaya çıxması rejissorun əməyinin nəticəsi, onun imzasıdır. Xüsusi qeyd etmək istəyirəm ki, bu cür görkəmli, peşəkar rejissorla çalışmaq çox xoşdur. 

 

- Cümhuriyyətin 100 illik yubileyinə həsr olunan daha hansı əsərləriniz, layihələriniz olacaq?

- Hələlik tamaşamızın xarici festivallarda oynanılması, Azərbaycanı müxtəlif dövlətlərdə təmsil etməsi nəzərdə tutulub.

Dediyim kimi ADMİU-nun  “Səda” Tədris Teatrında çalışıram. Burada ədəbi hissə müdiriyəm və oynanılan tamaşaların hər birində iştirak edirəm. Ola bilsin, gələcək üçün başqa layihələrimiz də reallaşdırıldı. Konkret bu gün heç nə bəlli deyil. Teatr və bu Universitet mənim üçün çox doğmadır. Bu situasiyada ümid edirəm ki, ortaya çox yaxşı, maraqlı işlər çıxacaq.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *