vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
ŞƏXSİYYƏT  
10:56 | 25 yanvar 2019 | Cümə Məqaləyə 2111 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Milli milyonçumuz

Şəxsi evlər inşa edən ustadan xalqın evini tikən ustada, sər-səxavətilə Həcci daha da şərafətləndirən HACIya çevrilmiş Zeynalabdin Tağıyev...

Tahir ABBASLI

Xalqın yaddaşında özünə əbədi heykəl ucaltmış bu “millət atası” sağlığında abidəsi qoyulan ilk azərbaycanlıdır: XIX əsrin sonlarında bu haqq-halal hacının qonağı olan Con Daltner adlı bir ingilis zadəganı onun mesenatlıq və maarifçilik fəaliyyətinə, milli və bəşəri düşüncələrinə o qədər heyran qalır ki, vətəninə qayıtdıqdan sonra İngiltərənin Edinburq şəhərində öz vəsaiti hesabına bu “dünyəvi qəlbli” “böyük Kişi”nin abidəsini ucaltdırır…

Təpədən-dırnağa milli-müsəlman olmuş bu aborigen neftxudanı Bakıdakı “vısşiy” rusların, xain millətçi ermənilərin, “adambəyənməz” yəhudilərin xeyriyyə cəmiyyətləri də özlərinə fəxri sədr seçmişdilər. Hansı ki bu sədr, Bakı və ətraf məkanlardakı göydələn “əndərun-birun” hasarlar içərisində “gül kimi” geriləməkdə olan fatma-tükəzbanların inkişafı üçün qızlar məktəbi tikdirmişdi və bu səbəbdən də xaricdə təhsil alıb qayıdan türk-müsəlman oğlanlar daha onların həmin məktəbi bitirəsi Vətən qızları ilə ailə quracaq və belə ailələr yavaş-yavaş inkişaf edib, bala-bala millətləşib, haçansa müstəqil Dövlət olacaqdılar!...

Deməli, həm də -

 

Milliyyətçilik mesenatlığı...

 

Necə ki, Azərbaycanın XX əsr siyasi həyatında ayrıca “Tağıyev imza-izləri” vardır: 1905-ci ildə şəhər özünüidarə sahəsində müsəlmanların hüquqlarının məhdudlaşdırılmasının ləğvinə dair tədbirlər görülməsini təklif edib, 1864-cü il “Əsasnamə”sini Azərbaycan dilinə çevirtdirərək dərc etdirib, Güneyimizdə gedən milli azadlıq hərəkatına pul yardımı və silah göndərib, erməni terrorçularının vəhşiliklərinə cavab kimi yaradılmış “Difai” partiyasının təsisçilərindən olub, gizli fəaliyyət göstərən “Müsavat” partiyasına, 1918-ci ilin mart hadisələrində müsəlman müdafiə dəstələrinə maddi yardım və digər təminatlar göstərib, talan olunmuş kəndlərə İrandan ərzaq gətirdib.

1917-ci ilin aprelində Bakıda keçirilmiş Qafqaz müsəlmanları qurultayında fəxri qonaq kimi çıxış edən bu “fəxri müsəlman” qurultayın yaratdığı Milli fonda 50 min pul bağışlayıb. Cümhuriyyət dövründə müstəqil dövlətçilik mənafelərini dəstəkləyib, dövlət tədbirlərində iştirak edib, hökumət başçısı N.Yusifbəyliyə məktubunda maliyyə və iqtisadi siyasətlə bağlı mülahizələrini bildirib, tövsiyələr verib: “Mənim sizə müraciətim tacir və sənayeçinin şəxsi marağından deyil, səmimi vətənpərvərlik hissindən və dövlətin əsl siyasi müstəqilliyinin yalnız onun maliyyə və iqtisadi müstəqilliyi əsasında mümkünlüyünə dərin inamından irəli gəlir ki, bunsuz siyasi mənada azad vətəndaşlar özlərinin sənaye və ticarət baxımından daha güclü qonşularının quluna çevrilirlər”.  

Hələ Şollar-Bakı su kəmərinin inşası üçün şəxsi vəsaitindən külli miqdarda pul ayırması, Balkan müharibəsi illərində türklərə pul yardımı göstərməsi, Dərbənddə qızlar üçün təhsil müəssisəsi tikdirməsi, 1902-ci il zəlzələsi zamanı şamaxılılara, illər uzunu Rusiyanın çoxmilyonlu müsəlman əhalisinə köməyini əsirgəməməsi, vəsaiti hesabına neçə-neçə istedadlı müəllifin kitablarını çap etdirməsi, neçələrinin xaricdə təhsil alması, əcnəbi ölkələrdə anadilli məktəblər açması, İ.Qaspıralının “Tərcüman” qəzetinə Qafqazdan abunələr (pulunu özü ödəməklə) təşkil etməsi də  öz yerində!...   

Vətən, xalq üçün etdiyi qəzet-kitaba sığmaz nələr-nəsnələrdən sonra bu xalqın aydınları: “Müsəlmanlardan bu qeyrətdə olanlarını görməmişiksə də, adlarını tarixdə oxuyur və düşünürük ki, millət yolunda can qoyanlar bizlərdə var imiş. Bu Zat möhtərəm bir zatdır, ruzidir - Allah bizlərə bəxşiş edibdir” (N.Nərimanov), “H.Z.Tağıyevin müsəlman milləti üçün etdiyi xidmətləri saymaq fikrinə düşüb, qəzetimizi bir ay ancaq bu təfsilatla doldursaq, yenə hamısını deyə bilmərik...” (H.Vəzirov) kimi fikirlər izhar edirdi.

 

Və məncə...

 

atası Tağı kişi, doqquz yaşında anası ölmüş bu uşağı aparıb daşyonan ustanın yox, hər hansı bir alim, mühəndis və ya ustad aşığın yanında şəyird qoysaydı, o yenə elə həmin sənət-peşələrin lideri, fenomeni, dahisi olacaqdı. Amma xoşbəxtlikdən  (həm də həmin sahələrdə dahilərimizin çoxluğu baxımından) tale onu ovaxtadək (və elə buvaxtadək) mükəmməl analoqu olmayan bu sahəyə – maddi-mənəvi milyonçuluq “nominasiyalı” dahilik düşərgəsinə gətirdi...

Bu ehtimal kimə qəribə görünsə, lütfən, bu müsəlmanın “Allahu-əkbər”in qurtardığı qəribliklərdə belə ucaltdığı məscidləri, mədəniyyət-maarif  əhəmiyyətli imarətləri, “sol əlinin xəbəri olmadan” neçə-neçə əcnəbinin ehtiyaclarını qarşılayan sağ əlini xatırlasın.

Və... milli burjuaziya “gen”li bu Kişinin həmin o sağ (saf) ƏLİ öz əl-ayaqlarını müdafiəsinə qalxdıqları Qarabağ torpağında “əkib” qayıtmış Azərbaycan oğullarına yardım etməyən müqəyyəd milyon-milyardçıları“mız”ın başına...

 

Bu böyük

 

millət qəyyumunun inşa etdirdiyi əzəmətli tikililər, məscidlər, yaratdığı müəssisələr, təsis etdiyi qəzet-jurnallar və s. oxucularımızın əksəriyyətinə məlum. Lakin bu böyük maarifpərvərin 300 min manat vəsaitlə (1897-1901) tikdirdiyi (bütün Zaqafqaziyada yeganə!) “Qızlar məktəbi”nin açılışına “namusumuz əldən gedər” deyə, böyük nadanlıq “istedad”ı ilə mane olmaq istəyənləri bir yerə toplayıb, onlardan birinə dediyi sözlərdən bir parçanı mütləq qeyd etməliyəm: “Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir. İngilistana, Firəngistana gedib oxuyan cavanlarımız hərəsi qoluna bir arvad keçirib gətirir. Çünki bizim qızlarımızla məcazları tutmur. Əcnəbi arvadlardan doğulan uşaqlar isə bütün varidatımıza vərəsə çıxırlar.

Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Sırağagün gecə iyirmi yaşlı ortancıl qızın ölümcül sancılandı, sən də Lopabığ Ambarsum həkimi gətizdirdin, qızı ölümdən qurtardı. İndi de görüm, Lopabığ Ambarsumun əvəzinə bir müsəlman arvad həkimi olsaydı, şəriətə hansı düz gələrdi?!. Mən bizə padşahlıqdan “vəhşi” deyiləndən sonra bu məktəbi yaratmaq qərarına gəldim. Narahat olmayın, bu məktəbdə dərs deyənlər zənən xeylaqları olacaq”...

O ki qaldı “padşahlıqdan “vəhşi” deyiləndən sonra” məsələsinə, bu söz Rusiya çarının tacqoyma mərasimində çırpılıbmış – şəxsi və milli qürur mücəssəməsi olan bu hacının üzünə; qonaqları bir-bir çara təqdim edən baş nazir, növbə (rusca bilmədiyini zənn etdiyi) hacıya çatanda: “Əlahəzrət, bu isə vəhşi bir xalqın nümayəndəsi Tağıyevdir” deyibmiş...

 

Lakin!...

 

Azərbaycan millətini (əsarətində olan bütün xalqlar kimi) savadsız saxlamağa çalışan Rusiya imperiyası öz “siyasi iş”inin xatirinə (və bir az da millətin universal ağsaqqalına bütün Azərbaycan xalqının bəslədiyi sayğının qorxusundan) bu istehsalat-iqtisadiyyat nəhəngini, ibtidai təhsil belə görməmiş bu ağıl-fəhm akademikini həqiqi dövlət müşaviri seçməyə, II və III dərəcəli “Müqəddəs Stanislav ordeni”lə təltif etməyə məcbur olmuşdu!...

İki arvadı, sovet illərində biri qədirbilən insanların gizli ianəsinə möhtac olmuş iki qızı, biri intiharla, digəri xəstəlikdən ölmüş iki oğlu olmuş bu millət atası 1924-cü il sentyabrın 1-də vəfat edib. Xalqın aramsız-arasıkəsilməz vida izdihamı səbəbilə sentyabrın 4-də dəfn olunub. Asıb-kəsən bolşeviklərin ən iti dövrləri olmasına baxmayaraq, var-yatırının sayı-sanı bilinməyən bu maddi-mənəvi milyonçunun ehsanını “lüt-üryan əşxaslar” (şəxslər) verib. Sayıbilinməz mülkiyyəti içərisindən “yalnız birini seçmək” iznilə (bu da ki yeni hakimiyyət rəhbərlərindən N.Nərimanovun təkidli çabaları hesabına) götürdüyü bağında (Mərdəkan) dəfn edilib. Özü də vəsiyyətinə əsasən, hələ topdağıtmaz səltənət sahibiykən dünyanın vəfası haqda söhbətlərində “Allah istəsə, bu qədər var-dövlətimi əlimdən ala bilərmi” sualını “Əlbəttə, ala bilər! Buna görə də sən həmişə əbədi olanı düşün” cavabı vermiş axund Hacı Əbu Turabın ayaqları altında. Nə üçün? Bu sualın cavabını o özü verib: “Çünki onun ayağının bildiyini mənim başım bilmirmiş”...

Bəli, “dikiy xalq” onun dəfnini analoqsuz izdihamla qutlayır, ən kasıb insanlar belə yaxın-uzaq kəndlərdən yas mərasiminə misli görünməmiş çeşid və qədərdə “ehsani-ərzaq” gətirir. Haqq-ədalət “carçısı” yeni hakimiyyət isə (yenə Nərimanovun göstərişilə) “Kommunist” və “Bakinskiy raboçiy” qəzetlərində bir abzaslıq (bunu “bir abbasılıq” da oxumaq olar) nekroloq çap etdirir...