vaxtlı-vaxtında oxuyun! Bazar, 19 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
16:02 | 15 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 952 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni ordu Azərbaycana təhdiddirmi?

«Rusiya Ermənistanı qoruya bilər, amma...»

Elvin ABDULQƏDİROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin hökumətin Rusiya Federasiyası və Ermənistan arasında Silahlı Qüvvələrin birləşdirilmş qrupunun yaradılması haqda təklifini dəstəkləyib və bununla bağlı sərəncam imzalayıb. Putinin sərəncamına əsasən prezident Rusiya Müdafiə Nazirliyinə XİN-in iştirakı ilə Ermənistanla danışıqlar aparmağı və Rusiya Federasiyası adından sazişi imzalamağı tapşırıb.

Silahlı Qüvvələrin birləşdirilmş qrupunun yaradılmasında məqsəd nədir və bu Dağlıq Qarabağ münaqişəsinə necə təsir göstərə bilər?

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, atılan bu addım Rusiyanın Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsini istəməməsindən irəli gəlir: «Rusiya Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsinin olmamasına çalışır. Yəni, hərbi balansın Azərbaycanın xeyrinə dəyişməməsini istəyir. Ona görə də Ermənistana «İsgəndər» raketlərini peşkəş ediblər. İndi isə birgə qoşun qrupları yaradırlar. Bununla belə Rusiya müharibə istəmirsə, Ermənistan hakimiyyətinə təzyiq edərək Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməlidir. Rusiyanın işğalçıya bu şəkildə dəstək verməsi ciddi təlatümlərə səbəb ola bilər. Əgər Rusiya Qarabağ münaqişəsinə hər hansı bir formada müdaxilə etsə, müharibə total xarakter daşıyacaq və savaşın Şimali Qafqaza keçmə ehtimalı var. Rusiya bunu nəzərə almalıdır».

Rusiya və Ermənistanın birgə qoşun yaratma barədə qərarının təsdiqlənməsinin Azərbaycan prezidenti İlham Əliyevin Lələtəpədən verdiyi bəyanatlardan bir gün sonraya təsadüf etməsinə diqqət çəkən politoloq deyib ki, işğalçı ölkə heç kimə güvənməməlidir: «Dövlət başçısının azad edilmiş Lələtəpədən verdiyi bəyanatın əsas tezisi Ermənistanın heç kimə güvənməməsi ilə bağlı idi. Hesab edirəm ki, burada ölkə başçısı Rusiyanı nəzərdə tuturdu. Çünki, Ermənistanda belə bir yanlış fikir var ki, Rusiya onları qoruyacaq, Dağlıq Qarabağın azad olunmasına imkan verməyəcək. Doğrudur, Rusiya Ermənistanı qoruya bilər. Amma, Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etmək, onunla savaşmaq fikri yoxdur. Azərbaycanın əsas diqqəti Dağlıq Qarabağ və ətraf ərazilərin işğaldan azad olunmasına yönəlib. burada erməni işğalçı qüvvələri olarsa, onlarla savaş olacaq. Aprel döyüşləri zamanı Rusiya hərbi əməliyyatlara müdaxilə etmədi».

E.Şahinoğlu vurğulayıb ki, Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi olsa da Dağlıq Qarabağı Azərbaycan ərazisi sayır: «Ona görə də Rusiya aprel döyüşlərinə müdaxilə etmədi. Düşünmürəm ki, gələcəkdə də belə bir müdaxilə baş versin. Ermənilər bizi təxribata çəkə bilərlər. Tovuz və Qazax istiqamətində atəşkəsi intensiv pozsalar, hər hansı bir formada hərbi müdaxilə cəhdi olsa, biz cavab verməli olacağıq. Bu halda Ermənistan-Rusiya hərbi birliyinin bu prosesə qoşulub-qoşulmayacağı bəlli deyil. Dünya birliyi biləcək ki, bu, Ermənistanın təxribatıdır. Eyni zamanda Rusiya anlamalıdır ki, işğalçı ilə belə qoşun növləri yaradırsa, Azərbaycan da strateji müttəfiqləri ilə adekvat addım ata bilər. O zaman Rusiya buna etiraz edə bilməz. Rusiyanın Cənubi Qafqazın hansısa ölkəsində hərbi bazalar yaratmağa ixtiyarı çatırsa, Azərbaycanın da eyni ixtiyarı var».

Siyasi şərhçi Arzu Nağıyevin fikrincə, Rusiya ilə Ermənistan arasında birgə qoşun qruplaşmalarının yaradılması Azərbaycan üçün birbaşa təhdid yaratmır, sadəcə olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasına gətirib çıxara bilər: «İndiyə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Rusiya ilə Ermənistan ərazisində ikitərəfli müqavilə mövcuddur. Bu müqavilə çərçivəsində Ermənistanın ərazisinə hər hansı təcavüz olarsa, Rusiya onu qorumalıdır. KTMT-nin əsas məqsədi bundan ibarətdir. Lakin bu gün birgə qoşun qruplaşmalarının yaradılmasının bir neçə səbəbi ola bilər. Birinci səbəb Rusiya-NATO sərhədinin məhz Türkiyə-Ermənistan sərhədindən keçməsidir. NATO-ya qarşı həm 102 saylı briqadanı, eyni zamanda İrəbuni aerodromu yaxınlığındakı qırıcı təyyarələrdən ibarət bazanı möhkəmləndirmək üçün silahların Ermənistana daşınması vacibdir və bu, Ermənistanla birgə qoşun qruplaşmaları yaratmaq vasitəsilə həyata keçirilir».

A.Nağıyevin sözlərinə görə, birgə qoşun qruplaşmalarının yaradılmasının digər bir səbəbi bu ola bilər ki, Rusiya Ermənistana verdiyi silahları leqallaşdırmaq üçün özünü sığortalayır: «Ən maraqlı məqam ondan ibarətdir ki, Azərbaycan irimiqyaslı təlimlərə başladığı anda Rusiya rəhbərliyi belə bir addım atır. Düşünürəm ki, bu, Ermənistanın Rusiyanın forpostu olduğuna və guya onların birgə olduğuna dəlalət edən faktdır. Amma bütün hallarda bunun Azərbaycan üçün birbaşa təhlükəsi yoxdur. Azərbaycan olaraq biz bu cür təhdidlərə çoxdan hazırıq. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə gəlincə isə, son aprel hadisələri də göstərdi ki, Rusiya bəzi məsələlərə qarışmır, çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir, bu, BMT-nin və digər beynəlxalq təşkilatların sənədlərində də öz əksini tapıb».

A.Nağıyev hesab edir ki, Dağlıq Qarabağda yenidən müharibə baş verəcəyi halda da birgə qoşun qruplaşmalarının bura cəlb edilməsi inandırıcı görünmür: «Birgə qoşun qruplaşmalarının yaradılmasında söhbət Ermənistan ərazisindən gedir, bizim isə Ermənistan ərazisinə hər hansı bir iddiamız yoxdur. Biz işğal olunmuş ərazilərimizdən danışırıq, beynəlxalq hüquq norması çərçivəsində təsdiq olunmuş suveren ərazilərimizdən. Torpaqlarımızı işğaldan azad etmək üçün həm hərbi, həm də diplomatik yola əl ata bilərik. KTMT-nin və Rusiyanın bizə təcavüz etməyə ixtiyarı yoxdur. Ölkə başçısının dediyi kimi Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına imkan verilməyəcək».