vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
DÜNYA  
14:44 | 15 yanvar 2017 | Bazar Məqaləyə 1754 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Heroin uğrunda cihad

İŞİD və Taliban narkotik istehsal edən əyalətlərə nəzarətə görə bir-birinə savaş açdı

Nikita QOLOBKOV, Marina BALTAÇEVA, vz.ru

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya ərazisində yasaqlanmış iki qruplaşma – İŞİD və Taliban bir-birinə cihad elan edib. Bu haqda Əfqanıstan hökuməti qənimət sənədlərə istinadən məlumat verib. Görünür, bu nifaqın alt qatında narkotik plantasiyaları və İŞİD-in kadr siyasətinə görə mübahisələr durur. Lakin bu məsələdə ABŞ-ın mümkün rolu xüsusilə maraq doğurur.

Əfqanıstan polisinin Gilmənd əyaləti baş idarəsində bildiriblər ki, hüquq-mühafizə orqanları İŞİD terrorçu qruplaşması və Taliban radikal Əfqanıstan hərəkatının bir-birinə cihad – «müqəddəs müharibə» elan etdiyi barədə sənədlərə malikdir.

Xatırladaq ki, Rusiya Baş Qərargahı 2015-ci ilin oktyabrında Əfqanıstandakı yaraqlıların ümumi sayını bu cür dəyərləndirib: 4 mindən çox dəstə və müxtəlif yönlü qruplarda birləşən 50 min nəfər. Müxtəlif dəyərləndirmələrə görə,Taliban döyüşçülərinin sayı 25-40 min nəfər təşkil edir. Baş Qərargah rəisi Valeri Gerasimiovun o zaman xəbər verdiyi kimi, bununla yanaşı Əfqanıstanda İŞİD döyüşçülərinin sayı 2-3 min nəfərə çatrıb.

İnnovasiyalı İnkişaf İnstitutunun Yaxın Şərq münaqişələri və bölgə silahlı qüvvələrinin araşdırılması şöbəsinin müdiri Anton Mardasov qeyd edir ki, Taliban və Əfqanıstandakı «xilafət» çoxdan zidd münasibətdədir və bu, bir-birinə qarşı müharibə elan etməkdə ilk hadisə deyil. O deyir: «Onların qarşıdurması birinci növbədə bununla bağlıdır ki, İŞİD narkotiklərin istehsal edildiyi əyalətlərə iştah salıb. Əslində, «xilafət» dadli tikəni Talibanın əlindən qoparmaq istəyir. Qarşıdurma da bunun ətrafında başlanıb».

 

ABŞ taliblərlə pay şəriki ola bilər

 

Mardasovun sözlərinə görə, eyni zamanda İŞİD-in taliblərlə əməkdaşlıq halları da olub. Ekspert deyir: «Bəzi məlumatlara görə, Talibanın Kunduza hücumu zamanı ona İŞİD də yardım edib. Bundan savayı, Taliban lideri Molla Ömərin ölümü haqda xəbərdən sonra taliblərin bəzi bölmələri, əsasən yerlilər deyil, «interbriqada» döyüşçüləri «xilafət»in tərəfinə keçməyə başlayıblar».

Mardasov xatırladır: «Taliban bütövlükdə milli, puştun hərəkatı olsa da, orada əvvəllər əcnəbi döyüşçülər də olub. «Xilafət» yaxşı pul təklif edir. Bəzi mütəxəssislər o zaman proqnozlaşdırıblar ki, bu ilin əvvəlinə doğru Əfqanıstanda İŞİD döyüşçülərinin sayı 15 min nəfərədək artacaq. Lakin xoşbəxtlikdən və Taliban rəqabət aparan qruplaşmanı Əfqanıstandan müstəqil şəkildə sıxışdırmağa başladığına görə bu, baş verməyib».

ABŞ-a gəlincə, Mardasovun fikrincə, o, Əfqanıstanda yetərincə ziddiyyətli siyasət yürüdür. Ekspert izah edir: «O, bir tərəfdən terrorizmlə mübarizə aparır, Taliban isə qonşu ölkələrə ekspansiyanı məqsəd elan etməmiş milli hərəkat olsa da, ABŞ terrorçu üsullardan çəkinmir. Taliblərin liderlərindən birinin Amerika pilotsuzu vasitəsilə məhv edildiyini xatırlayın. Digər tərəfdən, bəzi məlumatlara görə, amerikalıların narkotik satışından müəyyən faizi var. Qərb analitiklərinin ifadə etdiyi şübhə var ki, MKİ-nin xaricdəki bir sıra əməliyyatları Əfqanıstan narkotrafikinin hesabına maliyyələşir».

Mardasov hesab edir ki, buna görə də ABŞ-a sanki taliblərin hər hansı güclü lider ətrafında qruplaşması və hətta ölkədə hakimiyyətə ələ keçirtməyi də lazım deyil. Lakin bütövlükdə bölgədəki qeyri-sabit durumun konservasiyasında maraqlıdır.

 

Yardım etməli, amma car çəkməməli

 

Mardasov Rusiyanın Talibanla mümkün əməkdaşlığı haqda çoxsaylı söz-söhbəti də yada salır. O, ehtimal edir: «Xüsusən də məlumat yayılıb ki, guya, Rusiya mütəxəssisləri Taliban hərəkatına məxsus tankları Tacikistan ərazisində təmir edirlər. Bu məlumat aşkar şəkildə şübhəli olsa da, nəzəri baxımdan fantastik görünmür».

Ekspert hesab edir ki, Rusiya diplomatiyası da hazırda Əfqanıstanda ziddiyyətli durumdadır: «Sanki Əfqanıstanın qanuni hökumətini dəstəkləmək məntiqlidir, lakin bununla yanaşı taliblərin zəifləməyi İŞİD üzvlərinin sayının artmasına görə təhlükəlidir».

Mardasovun izah etdiyinə görə, amerikalıları həmişə qınayırlar ki, terrorçuları «mötədil» və «qeyri-mötədil»ə bölür, lakin Əfqanıstan kimi mürəkkəb, qərarsız və parçalanmış ölkədə əks-ağırlıq sistemi olmadan ötüşmək mümkün deyil. Hərbi ekspert hesab edir: «Düşünürəm ki, İŞİD-in bölgədə güclənəcəyi gerçək təhlükəsi halında taliblərə hansısa dəstək haqda düşünmək olar. Başqa məsələdir ki, bu zaman nə bizim, nə də amerikalıların nəyisə car çəkməyinə dəyər.»

Xatırladaq ki, BBC-nin rus xidməti ehtimal ifadə edib ki, İŞİD döyüşçüləri və təlimatçılarının şimala, Orta Asiya ölkələrinə sızmağında maraqlı olmayan Rusiya, guya, tarazlıq yaradan hərəkat kimi Talibana silah tədarükünə başlayıb və yaxud başlaya bilər. Taliban rəhbərliyi əvvəllər Rusiya və İran təmsilçiləri ilə hər hansı təması inkar edib, taliblər indi isə beynəlxalq əlaqələrinin genişlənməsi ilə öyünürlər. Yanvarın əvvəlində Kunduz əyalətinin keçmiş başçısı Ömər Səfi də bu şayiələrdən yapışıb və «Spogmai» radiosuna bildirib ki, Tacikistan ərazisində taliblərin tanklarını və başqa zirehli texnikalarını, guya, rusiyalı mütəxəssislər təmir edirlər. Tacikistan hökuməti bu məlumatı təkzib edib və «Независимая газета»nın xəbər verdiyi kimi, Səfidən üzrxahlıq tələb edib.

Xatırladaq ki, Rusiya XİN ikinci Asiya departamentinin direktoru Zamir Kabulov noyabrda taliblərlə əlaqə kanalının varlığını etiraf edib. «Taliblərlə əlaqəmiz var. Rusiya diplomatik təmsilçilikləri və Rusiya vətəndaşlarının təhlükəsizlik təminatı məsələsi üzrə onlarla əlaqəyə giririk, – «Vzqlyad» qəzeti ondan sitat gətirib. – Bundan başqa, rabitə kanalları vasitəsilə taliblərə ümumi barışıq və müharibənin dayandırılması haqda sazişə gəlmək təklifi veririk».

 

«Bu gün dalaşıb sabah barışırlar»

 

Tətbiqi Şərqşünaslıq və Afrikaşünaslıq İnstitutunun elmi rəhbəri Səid Qafurov «Vzqlyad» qəzetinə bildirib ki, amerikalılar yaraqlılarla durumdan doğan müvəqqəti ittifaqdan hər yerdə istifadə edirlər, lakin məhz onların təcrübəsi göstərir ki, bunu etməmək daha yaxşıdır. O, qeyd edib ki, ABŞ-ın antiterror strategiyasının təməlində terrorçuları parçalamaq cəhdləri durur: onları «yaxşı və pis» bölür, lakin yekunda terrora qalib gəlməyə müvəffəq olmur və dalbadal zərbə alırlar.

Qafurov hesab edir ki, hansı qruplaşma ilə əməkdaşlıq etmək və yaxud bu qruplaşmaların adının heç bir əhəmiyyəti yoxdur. «Onlar bu gün dalaşıb sabah barışırlar, – həmsöhbətimiz qeyd edir. – Başqalarına üstün gəlmək üçün digərləri ilə əməkdaşlıq etmək prinsipcə yanlış strategiyadır. Bu, xeyir gətirmir».

Həmsöhbətimiz əmindir ki, buna görə də onların səhvini təkrarlamağına dəyməz.

«Həm də taliblər olduqca aydın şəkildə millətçi puştun hərəkatıdır, onlar Əfqanıstanı mahiyyətcə çoxmillətli dövlət kimi deyil, puştun dövləti kimi qavrayırlar. İŞİD üçün isə milliyyətin heç bir önəmi yoxdur», – deyə Qafurov bildirib. O, həmçinin dəqiqləşdirib ki, Əfqanıstanda Taliban və İŞİD əsasən bir-birindən uzaq coğrafi ərazilərə nəzarət edir, buna görə də aralarında irimiqyaslı döyüşlər ehtimalı azdır. (strateq.az)