vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 14 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
TOP OYUNLARI  
11:29 | 24 noyabr 2017 | Cümə Məqaləyə 2935 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qarabağ» həqiqəti və futbol həqiqəti

Qalib olmaq istəyirsənsə, bəhanə üçün kiçicik şans belə vermə!

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Penalti yox idimi? Var idi! Bəs, qırmızı vərəqə? O da var idi!

Eyni epizod, eyni dəqiqədə «Çelsi»nin qapısı qarşısında yaransaydı, hakim eyni qərar verərdimi? Çətin!

Həqiqət bundadır. Yalandan qaydaları öz bildiyimiz kimi yozmayaq. Qaydalara görə hakim haqlı idi, «Qarabağ» kimi klublar UEFA-ya sərf etmir, imkan düşən kimi onlardan qurtulmağa çalışırlar. Nəhəng klublara uzun yollara, Avropanın mərkəzindən kənara göndərib yormaq istəmirlər. Azərbaycan onlar üçün maliyyə itkiləri baxımından arzuolunmaz ölkədir.

Belə yarışlarda uğur qazanmaq istəyirsənsə, təkcə «Çelsi»ni deyil, hakimləri, UEFA-nı da susduracaq gücdə olmalısan, bəhanə üçün kiçicik şans verməməlisən. Bu, Rəşad Sadıqovun sürətdə Villiana uduzduğu qədər aşkar həqiqətdir. Topaz Premyer Liqasında belə epizodlara göz yuma bilərlər, Çempionlar Liqasında isə yox.

«Qarabağ» – «Çelsi» oyunu uzun müddət müzakirə olunacaq. Turda say baxımından rekord qıran azarkeşlərin gözü önündə belə məğlubiyyət üzücüdür. Lakin reallıqdır. Bununla barışmalı, yola davam etməliyik. Hələ təcrübə toplayırıq, hələ öyrənirik. Futbol azarkeşlər üçündür, onları nəzərə alaraq, matçın startında final fitini səsləndirmək doğru deyildi, hakim daha insaflı davranmalıydı. Çünki Rəşadın qovulması və «Çelsi»nin penalti vurması faktiki, matçın bitimi demək idi. Amma oldu.

Onsuz da «Çelsi»nin qələbə şansı daha çox idi, favorit idilər, hansısa dəqiqədə lazım olan qolları vuracaqdılar. Sadəcə, bu epizodla tamaşa korlandı, əhvalımız korlandı, əsəblərimizə yazıq oldu.

«Qarabağ» avrokuboklarla başıuca vidalaşır. Qazanılan 2, xüsusilə Madriddə əldə olunan 1 xala görə yox. Ağdamlılar turnir boyunca əla oyun göstərdi, qapazaltı olmadığını sübut etdi. Komandamızdan utanmadıq, fəxr etdik.

Matçın startında «Çelsi»nin qapı tirini silkələyən o zərbə qola çevrilsəydi, bəlkə də daha zövqlü oyun izləyəcəkdik. Amma, ancaq, lakin...

Hələ öyrənməyə davam etməliyik – uduza-uduza, döyülə-döyülə. Bu gün Avropaya səs salan möhtəşəm xareoqrafiyanı da belə öyrəndik. Tənqid etdilər, nəticə çıxarıb, ən yaxşısını ortaya qoyduq. Futbolda da belə olacaq. Növbəti illərdə daha güclü komandamız olacaq.

Çempionlar Liqasında 5 oyuna 3 qırmızı vərəqə almışıq. Hərəsi tam fərqli səbəblərdən olub. Bu da bir təcrübədir. Öyrənirik, inkişaf edirik. Səhvlərimizdən dərs çıxarmaq üçün bunlar olmalıydı. «Qarabağ» neçə ildir belə inkişaf edib. Pley-offlar, Avropa Liqası, indi də ən ali klub yarışı. Daha da irəli getmək üçün yenə öyrənməli nələrsə var.

Ölkə rəhbərliyinin, bir çox dövlət məmurunun, məşhur qonaqların gözü önündə baş tutan oyunda rəzil olmadıq. «Qarabağ» oyunu ilə ümid verdi, dünya nəhənginə qarşı müdafiəyə qapanaraq oynamadı, azlıqda qalanda da cəsarətlə çıxış etdi. Bircə azarkeşlərdən razı qalmadım. Çətin vəziyyətdə dayaq olması lazım gələn fanatlar fasilədə tribunaları seyrəltdilər, komandanın 12-ci oyunçusu olmadılar. Yəqin bunu da öyrənmək üçün illər lazım olacaq.

Təşəkkürlər, «Qarabağ».