vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 14 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
17:50 | 3 fevral 2014 | Bazar ertəsi Məqaləyə 2732 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Neftçi»yə niyə texniki məğlubiyyət verilmədi?

«Bayıl Arena»nın rəhbərliyi qartəmziləyən maşınlar ola-ola stadionu qardan təmizlətdirmədi

Emin SƏFƏROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakı sakinləri qarın yağmasını çox arzu etsələr də, bu hal bir çoxları üçün arzuolunmaz idi. Qış fasiləsində klublarımız mövsümün qalan hissəsinə hazırlıq üçün kifayət qədər vaxt əldə etsələr də, oyunların təşkili ilə məşğul olan adiyyatı orqanlarda çalışanların sadəcə, istirahət etdikləri diqqətdən yayınmadı. Bu, sözsüz ki, Topaz Premyer Liqasının oyunlarında, eləcə də əvəzedicilərin çempionatında özünü biruzə verdi. Belə ki, futbolumuzun «inkişaf» etdiyi bir dövrdə qarın yağması 3 oyunun təxirə salınmasına və fərqli məkanlarda keçirilməsinə səbəb oldu.

Bildiyiniz kimi, fevralın 1-də «Bayıl Arena»da ilk olaraq «Neftçi» və «Simurq»un əvəzedici komandaları meydana çıxmalı idi. Ancaq qarın yağması qonaq komandanın uzun yol qət edib, çətinliklərlə Bakıya gəlməsinə baxmayaraq, oyunun baş tutmamasına səbəb oldu. Stadionun qardan təmizləməsinə ümid edən rəqib komanda 4 saat stadionda gözləməli oldu. Ancaq onların bu ümidi puç oldu.

Futbolinfo.az saytı olaraq «Bayıl Arena» stadionun rəhbəri Rza Həsənovun fikrini öyrənmək məqsədi ilə ona telefon açdıq. O isə dəstəyi qaldıraraq: «Bu məsələ ilə bağlı heç kimə məlumat vermək istəmirəm. Çox sağ olun ki, mənə zəng vurdunuz» deyərək hörmətsizlik edib, telefonu üzümüzə qapadı.

Rza bəy elə hərəkət etdi ki, guya qarın yağmasını biz sifariş etmişik. 21-ci əsrdə inkişafdan danışırıqsa, futbolumuza yatırılan pullardan bəhs ediriksə, belə problemlərlə üzləşmək normal hal deyil. Hətta süni örtüklü meydançanı belə qardan təmizlətdirə bilməyən birinin ümumiyyətlə, hansı haqla bu vəzifədə çalışdığı müəmmadı. Bu arena qartəmizləyən maşınla da təmin edilib, sadəcə: oyun günü yuxudan bir az tez oyanıb iş görmək lazım idi. Bu problemləri aradan qaldırmaq peşəkarlıq tələb edir ki, bu da yəqin yağan qarın altında qalıb.

«Neftçi» bu matçda ev sahibi olduğu üçün meydanın təşkil edilməsində birbaşa məsuliyyət daşıyırdı. Hətta oyunun keçirilməsi üçün meydanı təşkil etmədiyinə görə «Neftçi»yə texniki məğlubiyyət də verilməli idi. Çünki qaydalar bunu tələb edir. Saytımıza açıqlama verən Professional Futbol Liqası (PFL) mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev isə bunun ağır qərar olacağını düşünür: «Düzdü, komanda oyunun keçirilməsi üçün meydanı təmin etməli idi. «Neftçi» stadionu təmin etməkdən boyun qaçırmadı. Sadəcə, hava şəraitindən irəli gələrək oyun baş tutmadı. «Neftçi»ə texniki məğlubiyyət vermək isə bir qədər ağır qərar olardı. Çünki bu, komandanın özündən asılı olmayan səbəblərdən irəli gəlirdi».

Əsas diqqət isə «Neftçi» və «Simurq»un əsas komandalarının qarşılaşmasının baş tutub-tutmayacağına yönəlmişdi. Belə ki, oyun günü klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə saytımıza açıqlama verərək, matçın baş tutması üçün stadion rəhbərliyinin meydanı tam hazır vəziyyətə gətirməyə söz vermədiyi üçün narahat olduğunu bildirmişdi. Bu səbəbdən də oyun Bakıxanov stadionda keçirilməli oldu.

«Bakcell Arena»nın direktoru Tələt Məmmədov isə məsələyə fərqli yanaşdı: «Oyun bildiyiniz kimi, bazar gününə təsadüf etmişdi. Havanın sərt olması isə 5-ci gündən başlamışdı. Ancaq bu qədər qar yağmasını gözləmirdik. «Bakcell Arena»da əgər oyun keçirilsə idi, meydan biabırçı vəziyyətə düşəcəkdi. Havaların sərt keçməsi ilə bağlı nə tədbir görə bilərik ki? Bizim stadionun heç isitmə sistemi yoxdu».

Qeyd etdiyimiz kimi, qarın yağması «Sumqayıt» - «Qəbələ» matçının da fərqli məkanda keçirilməsinə səbəb oldu. Məlumat üçün bildirək ki, oyun Mehdi Hüseynzadə adına stadionun süni örtüklü meydançasında baş tutmalı idi. Ancaq süni örtüklü meydanın qardan təmizlənə bilməməsi bu matçın da «Bayıl Arena»da keçirilməsinə səbəb olmuşdu. Stadionun klub nəzdində olduğu nəzərə alaraq «kimyaçılar»ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun məsələyə münasibət öyrəndik: «Bakıdan fərqli olaraq Sumqayıta qar çox intensiv yağırdı. Buna baxmayaraq, bizim stadionu qardan təmizləmək üçün maşınlarımız var. Qarı təmizləməyimizə baxmayaraq, yenidən yağırdı. Oyunun hakim-inspektoru da bildirdi ki, oyunun keçirilməsi üçün əlverişli şərait yoxdu».

Göründüyü kimi, qəfil yağan (əslində isə ilin bu vaxtında tamamilə gözlənilən hadisədi - red.) qar hətta məhz belə havalar üçün salındığı əldə bayraq edilən süni örtüklü meydanları belə üzüqara çıxardı. İnanın ki, işə məsuliyyətli yanaşma olsaydı, elə Bayıldakı arenanı təmizləmək üçün uzağı 2 saat bəs edərdi. Amma səriştəsizlik, eləcə də Peşəkar Futbol Liqasının «təxirəsalma ənənəsi»nə arxayın olmaq üzündən heç kim özünə əziyyət vermədi və belə biabırçı mənzərə yarandı. Amma «Bayıl Arena» rəhbərliyinin qulağını çəkən olsaydı, nə «Neftçi»nin əvəzediciləri texniki məğlubiyyət təhlükəsi ilə üz-üzə qalardı, nə də belə biabırçılıq yaşanardı.

Bizdə olan məlumata görə, stadion rəhbərləri, eləcə də oyunun keçirilməsi və təşkili ilə məşğul olan şəxslər qarın Azərbaycana yağmaması üçün müəyyən miqdarda nəzir vəd ediblər. Çünki yağan bəyaz qar çirkinlikləri ört-basdır etməkdənsə, üzə çıxarır. Futbolumuz o qədər «inkişaf» edib ki, ölkəmizə yağan qar da öz funksiyasını səhv yerinə yetirir.