vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
MƏHKƏMƏ, İSTİNTAQ  
19:38 | 23 yanvar 2014 | Cümə axşamı Məqaləyə 2851 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Məni lap öldürün, amma qanunla!»

«ABŞ səfirliyinə, başqa beynəlxalq təşkilatlara teleqram vurmuşam ki, ...»

İnarə RAFİQQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə sabiq YAP-çı deputat Gülər Əhmədovanın apelyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirildi. Virtualaz.org saytının məhkəmə prosesində iştirak edən müxbirinin verdiyi məlumata görə, prosesdə G.Əhəmədovanın vəkili Əfsər Talıbov vəsatətlə çıxış edərək sabiq deputatın dəmir barmaqlıqlar arasında çıxarılaraq vəkili ilə yanaşı oturmasını istədi: «Gülər Əhmədovanın hüquqları istintaq və məhkəmə tərəfindən məhdudlaşdırılıb və o, dəmir barmaqlıqlar arasında saxlanılıb. Xahiş edirəm onun dəmir barmaqlıqlar arasından çıxarılmasını və vəkilinin yanında oturmasını təmin edəsiniz».

Hakim bu vəsatəti müzakirəyə çıxarmağa ehtiyac olmadığını dedi: «Gülər Əhmədovanın mühafizəsi və təhlükəsizliyi ilə Penitensiar Xidmət məşğul olur. Bu, birbaşa onların sənədlərində də öz əksini tapır. Necə mühafizəsi, eləcə də təhlükəsizliyi təmin olunmalıdır. Nə qədər istəyirsiniz görüşün, fasilə elan edərik».
Vəsatətə münasibət bildirən Gülər Əhmədova fasiləyə ehtiyac olmadığını dedi: «Uzun illər psixologiya ilə məşğul olmuşam. Dəmir barmaqlıqlar arasına salınma mənə qarşı psixi təsir formasıdır. Azərbaycan məhkəmələrində bu praktika Avropa Konvensiyasına uyğun həyata keçirilir. Bakı İstintaq Təcridxanasında dələduzluqda mühakimə olunan kifayət qədər xanım var. Onların heç biri dəmir barmaqlıqlar arasına salınmayıb. Bu, şəxsi kapriz və eqoizm deyil. Bu, jurnalist Eynulla Fətullayev və digərləri ilə bağlı da belə olub. Mən hər zaman dövlətçiliyin tərəfindəyəm. Burada terrorist, qatil yoxdur. Məhkəmə zalında əyləşənlər mənim dostlarım, ailə üzvlərim və jurnalistlərdir».
Hakim isə bu vəziyyətin daha məqsədəuyğun olduğunu bildirdi.
Vəkil daha sonra prosesdə audio və video yazılışın aparılması barədə vəsatət qaldırdı. Vəsatətə münasibət bildirən sabiq deputat birinci instansiya məhkəməsi zamanı mətbuatda bir sıra yanlış məlumatların əks olunduğunu məhkəmənin nəzərinə çatdırdı: «Bizim keçən məhkəmə təcrübəmiz var. Mətbuatda yanlış məqamlar yer aldı. Biz irad bildirəndə dedilər ki, nə eşitmişiksə, onu da yazmışıq. Bu məsələ ictimaiyyətin marağındadır. Xahiş edirəm, çəkiliş aparılmasına, diktofondan istifadə etməyə icazə verəsiniz. Biz burda dövlət əleyhinə heç nə danışmırıq. Bu, məhkəmənin işıqlandırılması üçün ən optimal yoldur».
Hakim bu məsələnin məhkəmənin səlahiyyətində olduğunu bildirdi: «Jurnalistlərin qabağında dəftər, kitab var. Məhkəməni şouya çevirmək lazım deyil. Sakitcə işimizə baxaq. Məhkəmə prosesində hər şeyi olduğu kimi yazmaq jurnalistlərin vicdanına qalıb. Nə eşidirlərsə, onu da yazsınlar. Nə indi, nə də sonrakı proseslərdə audio və video çəkilişə icazə verilmir».
Daha sonra vəkil Əfsər Talıbov birinci instansiya məhkəməsinin işi obyektiv araşdırmadığını əsas gətirərək prosesin istintaqla aparılması barədə vəsatət qaldırdı: «Birinci instansiya məhkəməsinin hökmündə göstərilir ki, şahidlərin məhkəmədəki ifadələri sübut kimi götürülməlidir. Əgər istintaqdakı ifadələr əsas götürüləcəkdisə, onda ittihamı köçürsünlər hökmə. Daha məhkəmə nəyə lazımdır? Hökm verilərkən qanunvericiliyin bütün tələbləri pozulub. Elşad Abdullayev deyir videoda pozuntular var, ekspert deyir yox, sən yalan deyirsən. Məhkəməyə ekspert dəvət olunsun. Görək bu video montaj olunub, yoxsa yox. Müstəntiq və ekspert gəlsin, bizim suallarımıza cavab versin. Mən vəsatəti cinayət işində yatmaq üçün vermirəm. Vəsatətimin niyə təmin olunmaması izah edilsin. Sevinc Babayeva Azərbaycanı tərk edəndə 7 mesaj yazıb. Həmin mesajlarla jurnalistlər də, Milli Məclisin deputatları da, alimlər də tanış olub. Məhkəmə bu mesajların üstündən sükutla keçdi.
Hökmdə göstərilib ki, 2005-2006-cı illərdə Elşad Abdullayev 21 dəfə Gülər Əhmədova ilə danışıb. Nə olsun? Buna görə adam tutarlar? Sevinc Babayevanı sağlığında dindirə bilərdilər. Öləndən sonra prokurorluq gedib fatihə verməyə. Sevinci vaxtında dindirsəydilər, Gülər Əhmədova bu gün burada oturmazdı. Gülər xanıma o telefon və mesajlar barədə sual vermədilər. Elşad özü deyib ki, mən Gülər Əhmədovaya pul verməmişəm, Sevinc Babayevaya vermişəm. Sevincin oğlu Ayxanın Türkiyədə verdiyi ifadəsinə də əhəmiyyət vermədilər. Bu iş üzrə adıçəkilən Səlcuq Ağlayan bəraət aldı, Gülər Əhmədovaya isə 3 il iş verdilər. Bir daha xahiş edirəm ki, apelyasiya şikayəti məhkəmə istintaqı ilə aparılsın».
Gülər Əhmədova günahsız olduğunu məhkəmənin nəzərinə çatdırdı: «Mən günahsızam. Ortada fakt, sübut yoxdur. Video da başdan-ayağa kimi montajdır. Elşad Abdullayevin məhkəmədə zərərçəkən kimi tanınmaması və mülki iddiasının təmin olunmamasına görə mən çox rahat idim ki, bu işə xitam veriləcək. Təsəvvür edin ki, bir insanı qətldə ittiham edirlər ki, sən qatilsən, amma heç kimi öldürməmisən. Bu gün düşdüyümüz vəziyyət həm qəlizdir, həm də ciddi. Mən Azərbaycan dövlətçiliyi uğrunda canını qoymuş adamam. Burada olmağıma baxmayaraq, hansı qərar verilməsindən asılı olmayaraq Azərbaycan dövlətçiliyini müdafiə edib dövlətçiliyə xidmət etməyə hazır olan adamam. Son nəfəsimə qədər də bunu deyəcəyəm. Xahişlərimdən biri də budur ki, müstəntiq məhkəməyə gəlsin. Soruşmaq istəyirəm: hansı təxirəsalınmaz hala görə xəstə adamı iki gün saxlayıb gecə vaxtı ifadəsini alırdılar? Mən heç kimdən pul almamışam və aldatmamışam. Mənə deyəndə ki səni həbs edəcəyik, dedim yoldaşımın yanında məni həbs etməyin, nə istəyirsiniz, yazacağam. Dedilər ki, onda yazacağıq ki, pulu hissə-hissə qaytaracaqsınız. Dedim nə istəyirsiniz yazın. Lakin bunu mətbuatda bəzəyib başqa cür yazdılar. Mən bunun axırına gedəcəyəm. ABŞ səfirliyinə, başqa beynəlxalq təşkilatlara teleqram vurmuşam ki, prosesə gəlsinlər. Görək hansı əsaslarla məni cinayətkar adlandırırlar. Bəzi jurnalistlər «Gülər parlamenti», «Mandat alveri» yazıb pul qazanırlar, onlara ayıb olsun. Burada söhbət təkcə insan taleyindən deyil, Azərbaycan dövlətçiliyinə dəyən zərbədən gedir. Mən günahsız olduğumu sübut edəcəyəm. Tarix mənim bəraətimi verəcək. Gəlin yalnız qanunlara əsaslanaq və məhkəmə baxışı da bunun üzərində qurulsun».
Məhkəmə prosesi günün ikinci yarısında davam etdirildi. Prosesdə vəkil Əfsər Talıbov Gülər Əhmədova barəsində cinayət işinə xitam verilməsi və ittiham hökmünün ləğv edilməsi barədə vəsatət qaldırdı: «Dəfələrlə təkid etdik ki, Elşad Abdullayev videonun əksini məhkəməyə təqdim etsin. Gəlsin məhkəmədə dindirilsin. Gündə bir kino çəkir Fransada. Bizim istintaq orqanları da onun kinoları ilə cinayət içi açır».  
Gülər Əhmədova da vəsatətin təmin olunmasını məhkəmədən xahiş etdi: «Prokurorluq da, məhkəmə də, ictimaiyyət də çox gözəl bilir ki, mən pul almamışam. Həmin hadisə olan dövrdə elə bir ajiotaj qalxdı ki, gəl görəsən. Pul vermək məsələsi bir kənarda qaldı. Sevincin oğlu Ayxan məndən 20 min manat borc almışdı. Həmin pulu qaytarmasın deyə elə bir oyun çıxardı ki, Sevinci zəhərləyiblər. Hamı elə bilirdi ki, mən qatiləm. Necə ola bilər ki, ali qurum olan məhkəmə əsli olmayan sənədi əsas götürüb mənim həbsimə qərar verir? Mən demirəm ki, mənə iş verməsinlər. Mən qorxmuram. Amma bütün bunlar qanunla olsun. Qanunla məni lap öldürün, amma qanunla! Azərbaycan qanunlarını bu qədər tapdalamaq olmaz axı. Mən azadlığa çıxacam. Bəraətimi də tarix verəcək. Mən 12 il çıxış etmişəm ki, Azərbaycan məhkəmələri qanuni hökm çıxarır. Axı bu hökm qanunsuzdur. Bu hökmdə konstitusiya da, qanun da pozulub. Mənim 12 illik fəaliyyətim heçə gedir axı. Hakimlər gəlib parlamentdə and içirlər, biz səs vermişik ki, bu adamlar qanunla fəaliyyət göstərirlər. Bu gün mənim özümə qanunsuz qərar çıxarıblar. O vaxt istintaq başlayanda dedim ki, imkan verin, gedim Fransaya. Yanıma da kimi istəyirsiniz qoşun. Ya onu özüm gətirim, ya da ki, bu məsələsini orada qaldırım. Onun üstündə bir neçə cinayət işi var. Demokratiyanın beşiyi olan Avropa belə bir cinayətkarı mühacir kimi ölkəsində saxlamaz. Elşad Abdullayev, sən ömür boyu YAP-ın üzvü olmusan, yaxşı imkanın olub. Sən necə siyasi mühacir ola bilərsən axı?»
Vəkil Əfsər Talıbov Elşad Abdullayevin yaydığı videonun sübutlar siyahısından çıxarılması, Sevinc Babayevanın yazdığı mesajların sübutlar siyahına daxil olunması, əlavə şahidlərin dindirilməsi, Gülər Əhmədovanın istintaq zamanı verdiyi ifadənin tam mətninin elan olunması, Elşad Abdullayevin gətirilərək ifadəsinin alınması, Səlcuq Ağlayanın və Ayxan Məmmədovun Türkiyə məhkəməsində verdikləri ifadələrin sübutlar siyahısına daxil edilməsi barədə vəsatətlər qaldırdı.
Məhkəmə prosesi sabah saat 15:30-da davam etdiriləcək.