vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
09:46 | 29 noyabr 2017 | Çərşənbə Məqaləyə 2575 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həmyerlilərimizin vətənə axını başlaya bilər

Səbəb yenə böhrandır - Rusiya iqtisadiyyatında ikinci iflas xəbərdarlığı

Nərgiz LİFTİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın məşhur «Kommersant» qəzetində Rusiya iqtisadiyyatında ikinci iflas dalğasının başladığı haqda məqalə dərc olunub. Qəzet iflasa uğramış müəssisələrin siyahısını dərc edib və məlum olub ki, həftə ərzində onların sayı yüzə çatır. Payız ayı tamamilə iflas və müflisləşmə ilə dolub-daşıb və belə hala düşən müəssisələrin sayı dördüncü rübdə durmadan artır.

«Makroiqtisadiyyat üzrə Analiz və Qısamüddətli Proqnozaşdırma Mərkəzi»nin statistikası göstərir ki, üçüncü rüb üzrə - iyuldan sentyabradək 3227 şirkət iflasa uğrayıb. Bu, demək olar ki, öncəki rübdən 3%, 2016-cı ilin üçüncü rübündən isə 12,4% çoxdur. Digər tərəfdən, bu, 2014-cü ildən başlayan iqtisadi böhranın ən yüksək göstəricisidir.  İndi baş verənlər müəyyən mənada artıq ikinci iflas dalğasıdır. Birincisi 2014-cü ildən 2015-ci ilədək baş vermişdi. Onda dövlət neftin qiymətinin düşməsi və Avropa sanksiyaları üzündən yaranmış iqtisadi böhranın nəticələrini yumşalda bilmişdi. Amma indi artıq bunu etmək mümkün deyil.

Rusiya İqtisadiyyat nazirinin keçmiş müavini, hazırda isə «Vneşekonambank»ın vitse-rəhbəri işləyən Andrey Klepaç deyib: «Bu, böyük fiaskodur və yalnız 1992-ci il illə müqayisə edilə bilər».

1992-ci il Rusiyada yeni tarixin ən pis ili hesab olunur. O zaman Sovet İttifaqı dağılmışdı. Bunun ardından görünməmiş iflas dalğası, iş yerlərinin itirilməsi, yüksək inflyasiya və gəlirlərin dramatik azalması baş vermişdi. Andrey Klepaç hesab edir ki, böhrandan əvvəlki səviyyəyə 2020-ci ilədək gəlinməyəcək. Bütün bunlar ilk öncə istehlak və inşaat sektorunu əngəlləyir. Maraqlıdır ki, üçüncü rübdə iflasa uğrayan əksər firmalar məhz bu sektordandır.

Diqqətçəkən məqamlardan biri də odur ki, Rusiyada yaşanan iqtisadi böhran hər zaman orada yaşayan 2 milyon azərbaycanlının da maddi durumuna mənfi təsir göstərir. Onlardan bir çoxu  işsiz qalıb vətənə dönmək məcburiyyətində qalırlar. Bu isə onsuz da işsizliyin baş alıb getdiyi Azərbaycanda sosial problemlərin daha da artmasına səbəb olur.

İqtisadçı ekspert Rəşad Həsənov sualı cavablandırarkən bildirdi ki, indiki halda Rusiyada növbəti böhran dalğasına səbəb ABŞ-ın tətbiq edəcəyi yeni sanksiyalardır: «Bu sanksiyalar fonunda artıq son aylarda müəyyən simptomlar hiss olunmaqdadır. Onlardan biri də bundan ibarətdir ki, ötən ay Rusiyadan çıxan xarici kapitalın həcmi iki dəfə artıb, 70 milyon ABŞ dollarından çox olub.  Yanvar ayında sanksiyalara yenidən baxılması ehtimalı var. Bu sanksiyalar nəticəsində Rusiyanın iqtisadi subyektlərinin fəaliyyət sferası kifayət qədər məhdudlaşdırıla bilər. Eyni zamanda ABŞ oktyabr ayından qüvvəyə minmiş sanksiyalarda xarici şirkətlər üçün öhdəlikləri daha da sərtləşdirib. Rusiyanın siyahıda olan şirkətləri və sahibkarları ilə hər hansı bir qarşılıqlı formada fəaliyyət göstərməsini tamamilə qadağan edir. Digər tərəfdən, Rusiyanın hərbi sənayesinə və neft sənayesinə yatırımlara məhdudiyyətlər tətbiq olunur. Bu isə bütövlükdə növbəti ildə Rusiya üçün çətinliklərin yaranmasına gətirib çıxara bilər. Belə olan halda, təbii ki, azərbaycanlılar da bu ölkədə yaşayan digər miqrantlar kimi müəyyən çətinliklərlə üzləşəcəklər. Onlar iş yerlərini itirə bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların defoltu mümkündür. Bir qrup insanların da gəlirləri azalacaq. Nəticədə ilk çıxış yollarından biri kimi Azərbaycana geri qayıtmaq haqqında düşünə bilərlər. Lakin 2014-cü ildə baş verənlər onu göstərdi ki, bu insanlar ölkəyə qayıtdıqdan sonra burada mühitə uyğunlaşa bilmir, qısa müddət sonra həmin ölkələrə qayıdırlar. Düşünmürəm ki, növbəti böhran dalğasında da kütləvi axın baş versin».

İqtisadçı onu da vurğuladı ki, Azərbaycanın özündə də hazırkı vəziyyət əlavə məşğulluq yaratmaq gücündə deyil: «Azərbaycanın özündə işsizlik problemi dərinləşməkdədir, biznesdə mənfəət norması azalır. Belə olan halda  insanlar təbii ki, çətinliklə üzləşəcəklər, bunun da ilk təsirləri region ailələrində özünü göstərəcək. Çünki regionlarda əhalinin böyük bir qismi Rusiya, Ukrayna kimi  ölkələrdən gələn vəsaitlər hesabına gündəlik sosial ehtiyaclarını qarşılayır. Böhran ilk növbədə bu vəsaitlərə təsir edəcək. 2013-cü illə müqayisədə Rusiyadan gələn vəsaitlərin həcmi onsuz da kifayət qədər azalıb. Hətta manatın dəyərdən düşməsi valyuta ilə daxil olan bu vəsaitlərin itirilmiş hissəsini manatla ifadədə müəyyən qədər kompensasiya edə bilirdi. Bu gün məbləğin yenidən azalması və ya kəsilməsi sosial iqtisadi rifaha mənfi təsir edəcək.  Müəyyən bir qrup ölkəyə qayıtmalı olacaq. Son dövrlər Azərbaycanın öz daxilində belə  regionlara doğru müəyyən köç hiss edilməkdədir. Çünki paytaxtdakı böyük iş potensialı artıq yoxdur. Bunun əksinə olaraq həyat bahalıdır. Ona görə də insanlar regionlara geri qayıdır. Rusiyadan  da regionlara axın olarsa, bu, bölgələrdə sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırmaqla müəyyən qədər gərginliyi artıra bilər».

Hökumət nə etməlidir ki, gələn il - seçki ilində sosial gərginlik yaşanmasın?

Rəşad Həsənov qeyd etdi ki, regionlarda ciddi bir gərginlik gözlənilmir: «Vəziyyət o həddə çatmayacaq ki, burada hakimiyyətin planları üçün müəyyən problem yaratsın. İstənilən halda,  regionların sosial - iqtisadi inkişafı hər zaman hökumətin prioriteti olmalıdır. Bu istiqamətdə dəfələrlə dövlət proqramları qəbul edilib, həyata keçirilib. Ancaq struktur təhlili onu göstərir ki, bu  proqramlarda infrastruktura yatırımlar daha çox olub, nəinki kiçik və orta sahibkarlığı dəstəkləyən layihələrə... Bundan sonrakı dövrdə yaxşı olar ki, infrastruktur deyil, daha çox digər istiqamətlərdə, əlavə dəyər yarada biləcək sahələrə hədəflənmiş proqramların həyata keçirilməsinə ehtiyac var. Bu proqramla bağlı öhdəliklərin yerinə yetirilməsində məsuliyyət daşıyan dövlət orqanları üzərində də sərt nəzarət mexanizmi olmalıdır. Bəzi hallarda proqramların icrası, sadəcə, hesabatlar şəklində olur, real effekti olmur. Yerli özünüidarə və icra hakimiyyəti orqanlarının fəaliyyəti qiymətləndirilərkən, bu proqramların hansı səviyyədə icra edilməsi və biznes mühitinə, sahibkarlığın inkişafına təsirləri əsas parametrlər olaraq götürülməlidir».