vaxtlı-vaxtında oxuyun! Bazar, 28 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MƏHKƏMƏ, İSTİNTAQ  
16:45 | 8 fevral 2022 | Çərşənbə axşamı Məqaləyə 1039 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Döysəm də düz eləmişəm...”

“Sələmçi Tağı” cəmi bir ay faiz alandan sonra pulların batdığını öyrənib

MÖVZU İLƏ ƏLAQƏLİ

“Bakı Metropoliteni” QSC-nin keçmiş rəhbəri, vaxtilə 3 milyon dolları MTN generalı Akif Çovdarov tərəfindən (Eldar Mahmudovun göstərişi ilə) əlindən alınan, daha sonra 2 milyon manatı sələmə verib dələduzlara yem eləyən Tağı Əhmədov YAP-ın Yasamal təşkilatının binasında adam döymədiyini bildirir. Amma eyni zamanda əlavə edir ki, “döyübsə də yaxşı eləyib döyüb”.

Tağı Əhmədov bu yaxınlara qədər həm də YAP-ın Yasamal təşkilatına rəhbərlik edirdi. Və indi onun adı 2 milyon manatlıq dələduzluq işində faktiki zərərçəkmiş kimi çəkilir. Belə ki, Tağı Əhmədov dostu, professor Soltan Əliyevin vasitəsilə 2 milyon manatı ayda 30 min manat sələm almaq şərtilə mərmər biznesi ilə məşğul olan Səadət Xəlilov, Qulu Muxtarova və Sahil Abuşova verib. Amma cəmi bir ay faiz alandan sonra pulların batdığını öyrənib. Və iddialara görə, həmin Səadət Xəlilovu YAP-ın Yasamal təşkilatının binasında döyüb. İndi dələduzluqda təqsirləndirilən həmin şəxslərin məhkəməsi gedir, zərərçəkən qismində isə professor Əliyev tanınıb. Elə Tağı Əhmədovun YAP-ın binasında Xəlilovu döyməsi də ötən məhkəmə prosesində təqsirləndirilənlərin vəkilləri tərəfindən gündəmə gətirilmişdi. Bildirilirdi ki, Tağı Əhmədov özü də istintaqda bununla bağlı dindirilib.

Hazırda onurğa xəstəliyindən əziyyət çəkən, hərəkət qabiliyyətini itirən Tağı Əhmədov isə bu iddia haqda “Qaynarinfo”ya açıqlamasında belə deyir: “Heç kəsi döyməmişəm. Döysəm də, düz etmişəm. Amma düzünü bilmək istəyirsinizsə, döyməmişəm. Özü də mənim onunla nə işim var? Heç onu tanımıram və bilmirəm də kimdir”.

Bəs necə olub ki, Tağı Əhmədov 2 milyon manatı sələmə verib və bu pullar batıb?

O özü əhvalatı belə nəql edir:  “Vaxtilə bir culfalı dostum (indi olmasın) gəldi, dedi ki, iki milyon manat pul lazımdır. Bəs verəcəm və ayda da bu qədər... Mən də 2 milyonu bankdan çıxardım. Bu pulun müqabilində də ayda 30 min manat pul alırdım. Bu da dedi, yox e, hər ay pulunu verəcəyəm. Mən də pulu o vaxt 18 faizlə vermişdim. Bu da mənə o qədər yalvardı ki, Tağı müəllim, iki mini də mənə qalsın və 28 mini sən götür. Yazığım gəldi və faizdən gələn 30 mindən 2 mini ona verməyə razılaşdım. Bu culfalı da AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. 2 milyonu bankdan götürüb, ona verdim. Bir ay faizi gətirib verdi. İkinci ay gəlib dedi ki, pulu vermirlər…”

T.Əhmədova deyiblər ki, pullar mərmər dalınca göndərilib Qazaxıstana və orada “batıb”. Və T.Əhmədov özünün dediyi kimi, “həmin oğ...ı”, yəni Səadət Xəlilovu S.Əliyevlə birlikdə YAP-ın Yasamal təşkilatının binasına çağırıb.

“Dedim nədir, nə məsələdir? Cavab verdi ki, pulu qaytarmaq heç cür alınmır. Dedim, alınmırsa, qardaş, sən məni aldada bilməzsən axı! Pulu qaytar. İndi Soltanı mənim pulumla aldadanların hər üçü məhkəmədədir. Hər üçünə 8-10 il həbs verəcəklər. Nə qədər verirlər, qoy versinlər. Bu dəqiqə mən bu məsələ ilə heç məşğul da olmuram”, - o bildirib.

T.Əhmədov deyir ki, bu işlə bağlı onu heç kim istintaqa çağırmayıb. İstintaqa zərərçəkmiş qismində Soltan Əliyev gedir. “Mən pulu professor Soltan Əliyevə vermişəm. Səadət Xəlilov da pulu almasını təsdiqləyir. O da deyir ki, pulu Qulu Muxtarov və Sahil Abuşova verib. Filan qədərini Quluya, filan qədərini də Sahilə. Mən heç vaxt istintaqa getməmişəm və bundan sonra da getmək fikrim yoxdur. Mən pulumu professor Soltan Əliyevdən tələb edirəm. Onlarla nə işim var ki?”, - o bildirib.

T.Əhmədov onun pulunu “atanları” bir şərtlə bağışlaya bilər-1 milyon manatı dərhal versinlər, qalan 1 milyonun da nə zaman qaytarılacağına dair sənəd imzalasınlar. Məhkəmədə isə borc qismində faizlərlə birlikdə 3 milyon 180 min manat məbləğindən söhbət gedir.