vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
SOSİAL  
15:08 | 31 mart 2014 | Bazar ertəsi Məqaləyə 2947 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Metro» yarmarkası açılır

Ticarətçilərin etirazlarının səngiməsinin səbəbləri bilindi; «Lotos» rəhbərliyi onlara avtoparkda yer ayırıb, 200 köşkün fəaliyyətə başlamasına hazırlıq gedir

E.SALAMOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Metro ticarətçilərinin sükutunun sirri açılıb. Tacirlərin aksiyaları səngiyib. Belə məlum olub ki, təklif olunan yerlərə əksəriyyəti köçməyə razılaşıb. Ticarətçilər 3 aylıq yer pulunu ödəməmək şərti ilə bazarlarda yerləşiblər. (musavat.com)

 

Bakının «Yeni Günəşli», «Sədərək», «Binə» yarmarkalarında, «Laçın» ticarət mərkəzində, «Təzə bazar», «Şərq» bazarı, Keşlə bazarı, «AMAY» yarmarkasında və başqa yerlərdə tacirlərə mağazalar verilib. 

Ticarətçilərdən bəziləri isə metroya yaxın ərazilərdə kirayə yer götürüblər. Ona görə də 10 gündən çoxdur etirazların səngiməsi bununla əlaqədardır. 

Ancaq o demək deyil ki, tacirlərin hamısı obyektlə təmin olunub. May ayına qədər bu proses çəkəcək və yerləşmə qısa müddətdə başa çatmayacaq. Ticarətçilərdən «Yeni Müsavat»a verilən xəbərdə qeyd olunur ki, onlar «20 Yanvar» stansiyasındakı köşklərin ləğvi olunmamasını başa düşmürlər. Tacirlərin sözlərinə görə, Bakı meriyası onlar arxayın etməklə məşğuldur: 

«Aprelin 10-na qədər hamıya yer verilməlidir. Biz də gözləyirik. Ona görə aksiya keçirilmir. Heç kəsi çörəksiz qoymaq olmaz. Bunu deputat Hadı Rəcəbli də deyib. Bizdən 3 ay yer pulu alınmayacaq. Bu müddətdə ticarətimiz özünü tuta bilər». 

Onların dediyinə görə, sadalanan bazarların hamısı metro tacirlərinə «qucaq açmayıb». Məsələn, «AMAY» ticarət mərkəzində metro satıcılarından heç kim yoxdur. Bir tərəfdən də bura vaxtilə metroda ticarətlə məşğul olmuş sahibkarlardan keç kim müraciət etməyib. 

Paytaxtın 8-ci kilometr qəsəbəsində «Lotos» ticarət mərkəzində isə metrodan çıxarılmış sahibkarlar üçün ayrıca yer qurulur. Hətta adını da qoyublar: «Metro» ticarət mərkəzi. Bu mərkəz «Lotos»un zirzəmisində açılır. Vaxtilə bura avtomobil dayanacağı olub. İndi dayanacağı təmir edib «Metro» ticarət mərkəzinə çevirirlər. 

«Lotos»un direktoru Bəhruz Həsənov mətbuata açıqlamasında bildirib ki, metroda obyekti sökülənlər burada aprelin 10-dan fəaliyyətə başlaya biləcəklər. B.Həsənov qeyd edib ki, onlar metrodan çıxarılan sahibkarlardan 180 nəfərinə yer verə biləcəklər. 

Burada əsasən metronun «Neftçilər», «Qara Qarayev», «Koroğlu», «Nərimanov» və «Gənclik» stansiyalarının keçidlərində ticarətlə məşğul olmuş sahibkarlar yerləşdiriləcək. Həmin sahibkarlarla müqavilə bağlanacağı və icarə qiymətlərində onlara bəzi güzəştlərin ediləcəyi vurğulanıb. Əldə etdiyimiz məlumata görə, «Metro» ticarət mərkəzi Bakı meriyasının göstərişi əsasında açılıb. Hökumət göstərmək istəyir ki, tacirləri küçədə qoymayıblar və onlara xüsusi şərait yaradılır. 

Dünən həmin yerdə olduq və öyrəndik ki, «Lotos»un avtodayanacağı yarmarka kimi istifadə olunacaq. Avtoparkın ərazisində artıq hazırlıq işləri gedir, köşklər düzəldilir, ticarətçilər köçə hazırlaşır. 

Söhbət əsnasında məlum oldu ki, ticarətçilərə bir neçə ay yer pulu güzəşt olunacaq. Bu yer avtopark idi və çox vaxt istifadə olunmurdu. Rəhbərlik metro satıcılarına şərait yaradıb və üç ay sonra onlardan yer haqqı alınmağa başlanacaq. 

Ticarətçilər qeyd etdilər ki, onların işi Allahın ümidinə alıb. Çarəsizlikdən bura üz tutan tacirlərin dediyinə görə, üç ay ərzində işlər yaxşı getməsə, alver olmasa buranı tərk edəcəklər: «Hələlik köşklər tikilir, piştaxtalar düzəldilir. 

Avtoparkı ticarət mərkəzi kimi istifadə edəcəklər. Bu dayanacaq «Vosmoy» bazarı ətrafında tıxaclar olmasın deyə açılmışdı. Ancaq istifadə olunmadı, rəhbərlik də bizə bu imkanı yaradıb». Bildirək ki, onlar üçün 200-dən çox köşk yaradılıb. Köşklərin sahəsi 5 kvadratmetrdir. Köşk sahiblərindən ayda 300 manat icarə pulu alınacaq. 

Bundan əvvəl xırda köşklər yaradılan həmin avtoparkda mebel mağazası yerləşib. Maraqlısı budur ki, mebel mağazası üçün sahibkarlar rəhbərliyə 13 min manat icarə haqqı ödəyiblər. İndi isə ayrı-ayrı ticarətçilərdən toplanacaq ümumi məbləğ daha çoxdur. Yada salaq ki, martın 11-də «Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynov deyib ki, metro keçidlərində ticarət köşklərinin ləğvi  barədə qəti qərar qəbul edib.