vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
13:29 | 7 dekabr 2016 | Çərşənbə Məqaləyə 1031 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Samanta Pauerin samanlıqda iynə axtarışı

Obama administrasiyası xəlvətcə «erməni soyqırımı»nı tanıyıb?

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Doğrudanmı Obama administrasiyası xəlvətcə «erməni soyqırımı»nı tanıyıb? Virtualaz.org xəbər verir ki, bu sualla «Assosiated Press» agentliyi çıxış edir. Nüfuzlu agentliyin bu sualı verməsinin səbəbi isə budur ki, uzun illərdir «erməni soyqırımı» sözü ABŞ-ın rəsmi şəxslərinin dilində tabuya çevrilmişdi. Ancaq ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer sükutu pozub.

Ötən həftə Vaşinqtonda Nobel mükafatı laureatı Eli Vizelyuyanın xatirəsinə həsr olunmuş mərasimdə səfir Samanta Pauer «erməni soyqırımının inkar edilməsi»  (Genocide denial against the Armenians) barədə danışıb.

Bu beş söz parçası Türkiyəni dəli edə bilər. Çünki Ankara Amerika kimi müttəfiqinin rəsmilərinin dilindən hansısa formada «erməni soyqırımı» sözlərini eşitmək istəmir. Agentlik belə yazır. «Bu sözlər Pauerin statusunu nəzərə alanda sürpriz də hesab edilə bilər, çünki o, ölkənin ranqına görə ikinci ən yüksək rütbəli diplomatıdır. Diplomatın sözləri həm də Obamanın erməni «soyqırımı»nı tanımamasına eyhamla onun siyasətinin tənqidi idi» - agentlik yazır.

«Assosiated Press» xatırladır ki, seçki kampaniyası dövründə Obama «erməni soyqırımı»nı tanıyacağını vəd edib, ancaq seçiləndən sonra bunu etməyib. Samanta Pauer isə ABŞ-ın BMT-dəki səfiri olana qədər Vaşinqtonun «soyqırım»a reaksiyası barədə çox yazıb. «Rəsmi şəxslər deyir ki, o, kuluarlarda Obama administrasiyasının erməni «soyqırımı»nı tanıması üçün fəal lobbiçilik edib. Habelə Pauer 8 il əvvəl Obamanın seçki kampaniyasında Amerika ermənilərini ona səs verməyə çağırırdı və deyirdi ki, demokratların namizədi «soyqırımı» tanıyacaq» - agentlik yazır.

Samanta Pauerin mətbuat katibi Kertis Kuper bildirir ki, diplomat «soyqırımın» tanınmasının inkarını Vizelyanın həyatı kontekstində xatırladıb və onun sözləri administrasiyanın siyasəti kimi qəbul edilə bilməz. Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner də ABŞ-ın bu məsələyə dair siyasətində dəyişiklik olmadığını bildirir. Onun sözlərinə görə, prezident və digər şəxslər «1.5 milyon erməninin öldürülməsini və sürgün edilməsini» dəfələrlə bildiriblər, bundan kədərləniblər. «Habelə bildiriblər ki, faktların düzgüncə etiraf edilməsi bizim marağımızdadır» - Toner deyib.

Xatırladaq ki, 2000-ci illərin ortalarında ABŞ-ın Ermənistandakı səfiri Con Evans tədbirlərdən birində «erməni soyqırımı» ifadəsi işlətdiyi üçün böyük qalmaqal yaranıb. Nəticədə Buş administrasiyası Evansı vaxtından əvvəl geri çağırıb və diplomatik xidmətdən azad edib.

İndi səfir Samanta Pauerin də «erməni soyqırımı»nı yada salıb göz yaşları tökməsi qalmaqal yarada bilərdi. Ancaq Obama administrasiyasının səlahiyyət müddətinin başa çatmasına sayılı günlər qaldığı üçün bir neçə həftə sonra postunu tərk edəcək diplomatın sözlərinə ola bilsin az əhəmiyyət verəcəklər...