vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
SƏHİYYƏ, ORDU  
13:58 | 14 mart 2017 | Çərşənbə axşamı Məqaləyə 3413 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bir manatlıq zəlinin min bir dərmanı

ETSN-in icazəsi olmadan ölkədən çıxarmaq mümkün deyil

Gülnar ƏLIYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Dövlət Gömrük Komitəsi Azərbaycandan külli miqdarda zəlinin qanunsuz yolla çıxarılmasına cəhdin qarşısını alıb. Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasının vətəndaşı Şəfabəxş Mehran Omran oğluna məxsus yük avtomobilindən gömrük nəzarətindən gizlədilən 55 kq «Hirudo medicinalis» (tibbi zəli) növünə məxsus zəlilər aşkar edilib. Tibbi təyinatlı bu zəlilər Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutuna təhvil verilib.

Bundan əvvəl də Astara Gömrük İdarəsində digər İran vətəndaşının idarə etdiyi sərnişin avtobusuna gömrük baxışı nəticəsində ümumi sayı 29 min ədəd olan «Hirudo medicinalis» növünə məxsus zəlilər aşkar edilmişdi və onlar da AMEA-nın Zoologiya İnstitutuna təhvil verilmişdi. Bəs bu təbii sərvətin Zoologiya İnstitutuna verilməsi nə dərəcədə düzgün qərardır? Bu institutda zəlilərin gələcək taleyi necə olacaq?

Ekoloq Samir İsayev hesab edir ki, gömrükdə müsadirə olunan zəlilərin Zoologiya İnstitutuna verilməsi yanlış qərardır. Onun sözlərinə görə, əslində, bu institutun onlarla bağlı qərar qəbul etmək səlahiyyəti yoxdur:

«Zəli təbiətdə yetişən heyvandır. Təbii şəraitdə bir neçə yerdə, o cümlədən, Azərbaycanda yaşayır. Təbii şəraitdə yetişən zəli təbii sərvətdir və buna nəzarəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) həyata keçirir. Nazirlər Kabinetinin 7.01.2009-cu il tarixli 2 №li qərarı ilə təbii sərvət, vəhşi təbiət nümunəsi olan zəli sahibinə - Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qaytarılmaq əvəzinə, həmin sərvətə heç bir aidiyyəti olmayan bir quruma təhvil verilib. Zoologiya İnstitutunun zəliləri saxlamaq imkanı və onların barəsində qərar qəbul etmək səlahiyyəti yoxdur», - deyə S.İsayev bildirir.

Ekoloq hesab edir ki, bu zəlilərin gələcək taleyini Ekologiya və Təbii Sərvətlər Nazirliyi həll etməlidir.

«Nazirlik araşdırma aparmalıdır, əgər hansısa göldən tutulubsa, təbiətə qaytarılmalıdır. Əks halda, ekosistem məhv olar və bu təbii sərvətin Azərbaycanda kökü kəsilər. Gömrük məmurları bu addımı ikinci dəfədir ki, atırlar. Əgər bu səhvdirsə, ondan çəkinmək lazımdır, yox, əgər bu şüurlu şəkildə edilirsə, bu barədə tədbir görmək lazımdır. Onu da qeyd edim ki, Komitənin məlumatında göstərilən gömrük orqanları tərəfindən götürülmüş 29000 ədəd zəlinin Azərbaycanda pərakəndə satış dəyəri 29 min manatdır», - deyə S.İsayev bildirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə virtualaz.org-a bildirdilər ki, bu məsələ ilə bağlı qanunamüvafiq tədbirlər görülür.

Bəs zəli harada yetişir? Onu süni şəkildə artırmaq mümkündürmü? Dövlət bu məhsulu xarici bazara çıxararaq qazana bilərmi?


Ölkədə zəli tədarükünə heç kim nəzarət etmir


Əslində, el arasında zəli kimi tanıdığımız tibbi zəli (latınca adı «Hirudo medicinalis»)həlqəvi qurdlar tipinə və «Hirudinea» sinfinə aiddir. Zəlilərin dünya miqyasında 400 növü, respublikamızın sututarlarında isə cəmi 15 növü məlumdur. Mütəxəssislər deyirlər ki, Azərbaycanda indiyə qədər zəlilərin növ tərkibinin, onların yayılmasının, miqdarının və s. öyrənilməsi istiqamətində xüsusi tədqiqat işləri aparılmayıb. Qeydə alınan bu zəli növləri də hidrobioloji tədqiqatlarda qeydə alınan növlərdir. Zəli bir çox xəstəlikləri sağaldır. Buna kömək edən isə onun tüpürcəyində olan hirudin fermentidir. Hirudin və ya zəlinin ağzındakı su qanın laxtalanmasının qarşısını alır, duruldur, oksigenlə zənginləşdirir, trombları əridir, orqanizmdəki iltihabi prosesləri aradan götürür, immun sistemini möhkəmləndirir və infeksiya törədicilərinin inkişafının qarşısını alır. Hirudin eyni zamanda qan damarlarında yüksək təzyiqi azaldır, xoralaşma prosesini, eroziv sahələri bərpa edir və sağalma sürətlənir. Zəli yeganə vasitədir ki, hətta ölmüş sinir hüceyrələrini bərpa edir. Bundan başqa, zəli orqanizmi cavanlaşdırır, dərini şux edir.

Ekoloq Samir İsayev deyir ki, bir sıra ölkələrdə zəlinin müalicəvi xüsusiyyətlərindən kosmetika və dərman vasitələrinin hazırlanmasında istifadə edirlər.

«Fransada zəlidən hazırlanmnış onlarla kosmetik vasitə məşhurdur. Zəli 1984-cü ildən SSRİ-nin "Qırmızı kitab"ına daxil edilib. Ona təbii şəraitdə yalnız Rusiyanın cənubunda, Azərbaycanda, Ukraynada, Macarıstanda, İsraildə və Fransada rast gəlinir. Bir çox ölkələrdə zəli süni yolla biofabriklərdə yetişdirilir. Azərbaycanda indi zəli artırmaq üçün biofabrik yoxdur. Vaxtilə Azərbaycanda da bu cür müəssisə olub. Sovetlər dönəmində Masallının Mollaoba kəndində zəliyetişdirmə kombinatı olub. İndi ölkədə zəli tədarükünə heç bir nəzarət yoxdur, ölkəmizdə zəlilər təbii surətdə artıb-çoxalır. Onları göllərdən tuturlar. Adətən, Lənkəran zəlilərindən istifadə edilir».

Ekoloq deyir ki, Azərbaycanda bütün şəcərəsi, hətta ulu babası da bu işlə məşğul olan ailələr var. Zəlilər adətən göllərdə, xüsusən də qamışlıq olan hissələrdə yaşayır və çoxalır. Azərbaycanın şimal bölgəsində, Nabran və Xudat ərazisində də təbii şəraitdə artan zəlilərə rast gəlinir. Lakin bəzi şəxslər onları tutaraq apteklərə təhvil verirlər. Əslində isə bu qanunsuz iş sayılır və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmadan onları tutmaq qadağandır.


Apteklərdə 1 manata satılır


Araşdırmalar göstərir ki, zəli valyuta gətirən qiymətli məhsuldur. Azərbaycanda topdan 50-70 qəpiyə, apteklərdə pərakəndə isə 1 manata satılan zəli dünya bazarında xeyli baha satılır. S.İsayevin sözlərinə görə, onun ticarətinin təşkili ölkəyə valyuta gətirə bilər. Amma bu ticarət təbii şəraitdə yetişən zəlilərin tutulub ixrac edilməsi ilə deyil, zəliyetişdirmə fermalarında onların yetişdirilməsi yolu ilə həyata keçirilməlidir: «Ölkəmizin təbii şəraiti buna imkan verir. Bu fəaliyyət böyük investisiya tələb etmir. Xırda və orta biznes bu iqtisadiyyatın bu sahəsini inkişaf etdirə bilər. Amma bu ətraf mühitlə sıxı bağlı sahə olduğu üçün mütəxəssislərin köməyi və dövlət nəzarət orqanlarının icazəsi ilə həyata keçirilməlidir. Avropa bazarlarında zəlinin topdansatış qiyməti 2-5 avro, ABŞ-da 6 dollardır. Qonşu Rusiya bu bazarda istehsal etdiyi zəli ilə kifayət qədər fəaldır. Məsələn, «Beynəlxalq tibb zəlisi mərkəzi» hər il zəliyetişdirmə müəssisəsində 1,5 mln ədəd zəli istehsal edir və satışını həyata keçirir».


ETSN-in icazəsi olmadan ölkədən çıxarmaq mümkün deyil


Zəli kökü kəsilməkdə olan növ olduğu üçün onun ticarəti də Azərbaycan Respublikasının qoşulduğu «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında» Konvensiyanın (CİTES) tənzim etmə dairəsinə düşən canlıdır. Həmin Konvensiyaya 1975-ci ildən 183 dövlət qoşulub. 5000 heyvan və 28000 bitki növü beynəlxalq ticarət vasitəsilə hədsiz istismardan Konvensiyanın mühafizəsi altındadır. Zəli Konvensiyanın 2 saylı əlavəsinə daxil edilib və hazırda kökü kəsilməkdə olmasa da, onlarla beynəlxalq ticarət ciddi tənzim edilməsə, belə təhlükəyə məruz qala bilərlər. Belə tənzimetmənin əsas vəzifəsi beynəlxalq ticarətə səmərəli nəzarət həyata keçirməkdir.

Ekoloq deyir ki, CİTES siyahılarında olan növlərin beynəlxalq ticarəti rəsmi deyil, qaçaqmalçılıq yolu ilə aparıldıqda, belə ticarətə qurşanan şəxslər həmin növlərin dünya bazarındakı mümkün qiymətindən dəfələrlə aşağı qiymətə təbiətdən oğurladıqları mallarını satmalı olurlar.

«Konvensiyaya üzv dövlətlər CİTES siyahısında olan növün ixrac ölkəsinin rəsmi sənədləri olmadan idxalına icazə vermirlər. Yəni zəli Azərbaycandan qaçaqmalçılıq yolu ilə çıxarılırsa, İrana və ya Konvensiyaya üzv olan digər 183 dövlətə də qaçaqmalçılıq yolu ilə daxil olmalı və orada qanunsuz ticarət predmetinə çevrilməlidir. Bu isə qanunsuz işə qoyulan investisiyanın risklərini artırır və mənasız edir.

Bu məsələ qanunvericilikdə tənzim edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 yanvar tarixli 2 saylı qərarı ilə təsdiq edilmiş «Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları»nın 6-cı bəndinə əsasən, Konvensiyanın tələblərinə müvafiq olaraq, götürülmüş nümunələr saxlanılmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilir», - deyə S.İsayev bildirib.


Çirkli göldən tutulan zəli təhlükəli ola bilər


Lakin ekspertlər deyirlər ki, zəlilərin çirkli göllərdən tutularaq istifadə edilməsi təhlükəli ola bilər. Reflektoterapevt Solmaz Əliyevanın sözlərinə görə, zəli həm də həkim nəzarəti altında qoyulmalıdır.

«Təbii ki, zəli çirkli göldən tutulub istifadə olunarsa, təhlükəli ola bilər. Amma mənim bildiyimə görə, Bakıda apteklərə verilən zəlilər Masallıda xüsusi fabriklərdə yetişdirilir, oradan gətirib apteklərə verirlər. Zəli həkim nəzarəti ilə qoyulmalıdır. Onu qoyarkən xəstənin hemoqlobini və qanın duruluğu yoxlanmalıdır. Çünki hansı zonalara qoyulmalı olduğunu həkim daha yaxşı bilir», - S.Əliyeva bildirib.