Tələbələr zirzəmidə boğulub
Səlahiyyətlilər qeyri-qanuni dərslər keçən 12 mərkəzi bağlayıb
Dövlət qulluqçusu olmaq üçün imtahana hazırlaşan 3 tələbə mərkəzin zirzəmisini su basması nəticəsində boğularaq ölüb. Hindistanın paytaxtı Yeni Dehlidə baş verən faciə qəzəb və etirazlara səbəb olub.
Şənbə günü axşam saatlarında dərs oxuduqları zirzəmidə su altında qalan tələbələrin 20 yaşı olub.
Polis institut sahibi də daxil olmaqla 7 nəfəri həbs edib və onlara qarşı “səhlənkarlıqdan ölümə səbəb olmaq” maddəsi ilə iddia qaldırıb.
Şreya Yadav, Tanya Soni və Nivin Dalvin adlı tələbələr dövlət qulluqçusu olmaq üçün ölkədə keçirilən imtahana hazırlaşırdılar.
Bəzi tələbələr mətbuata bildiriblər ki, təhsil ocağının girişindəki darvaza uçub və yola yığılan su içəri axıb. Lakin məlumatlara görə, leysan yağışlar səbəbindən yaxınlıqdakı drenaj xətti partlayıb və nəticədə sel basıb.
Dehlidəki səlahiyyətlilər, binaların zirzəmilərində qeyri-qanuni dərslər keçirildiyini əsas gətirərək, rayondakı 12 mərkəzi bağlayıb.
Rayonda yüzlərlə tələbə rəhbərliyin üzərinə düşən vəzifəni yerinə yetirmədiyini və şikayətlərə məhəl qoymadığını iddia edərək etiraz aksiyası keçirib.