vaxtlı-vaxtında oxuyun! Cümə, 22 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0209 AZN
Rusiya rublu 1 RUB = 0.0292 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2939 AZN
Türk lirəsi 1 TRY = 0.4853 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MEDİA-QHT  
14:10 | 21 iyun 2017 | Çərşənbə Məqaləyə 271 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hərə əlinə bir qələm alıb...

Jurnalistlərin evinə göz dikənlər...

MÖVZU İLƏ ƏLAQƏLİ

2010-cu ildən Azərbaycan hökuməti tərəfindən jurnalistlərin sosial rifahının yaxşılaşdırılması baxımından layihəyə start verilib. Səbail rayonunda 18 mərtəbəli bina tikilib, 156 jurnalist evlə təmin olunub. Elə həmin ərəfədə jurnalistlərin arzusu nəzərə alınaraq, ikinci binanın təməli də qoyulub. Bu dəfə isə tikilən binada mənzil sayı 255-ə qədər artırılıb. Yeni binadakı mənzillər bu günlərdə sahiblərinə təhvil veriləcək.

«Qafqazinfo» xəbər verir ki, müraciətlər KİVDF vasitəsilə qəbul olunur və artıq yekunlaşmaq üzrədir.  Rəsmi sənəd qəbulu son bir ayda baş tutsa da, il ərzində xeyli şəxs mənzil sahibi olmaq üçün müraciət edib. Əvvəllər hər hansı bir qalmaqal və yaxud problemlər gözə çarpmasa da, vaxt daraldıqca artıq müxtəlif gərgin situasiya və arzuolunmaz hallar yaşanmağa başlayıb. Belə ki, adından da göründüyü kimi bina jurnalistlər üçün inşa edilsə də, burada ev almaq istəyənlər təkcə mətbuat adamları deyil. Məlumatlara görə, KİV Fondunun yerləşdiyi binanın qarşısında hər gün onlarla insan toplaşaraq sənədlərinin qəbul olunmasını tələb edirlər. Evlərin verilməsi üçün kriteriyalar müəyyən olunsa da,  sənəd verənlərin böyük əksəriyyətinin bu tələblərə cavab verməməsi bir yana, ölkənin bütün yaradıcı təşkilatlarının, dövlət qurumlarının ictimaiyyətlə əlaqələr şöbələrində çalışan və dövlət qulluqçusu statusu olan şəxslərin, bütün bunlar bir yana, ömründə bircə dəfə xəbər yazmayan adamların da müraciətləri, ev iddiası hər gün mətbuatda yayılmaqdadır.

Xüsusi vurğuladığımız kimi, mənzilin jurnalistlərə verilməsi nəzərdə tutulsa da, Yol polisinin mətbuat xidmətində, nazirliklərin ildə bir dəfə yayımlanan qəzet və jurnalında işləyən, Milli Elmlər Akademiyasının və Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanlarında çalışanlar da mənzil tələb etdiyi üçün acınacaqlı bir situasiya yaranıb. Vəziyyət o həddə çatıb ki, artıq yaşanan bu arzuolunmaz qalmaqallar sadəcə mətbuat işçilərini yox,  oxucuları, izləyiciləri də iyrəndirib.

Məsələn, jurnalistlər üçün tikilən binadan mənzil istəyən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədovun ötən gün sosial şəbəkələrdə yayılan villasının fotoları istifadəçilər tərəfindən sərt tənqid olunub. Polkovnik isə açıqlamasında mənzil istəməyində hər hansı bir qəbahət olmadığını bildirib.

Oxucularda  daha bir ikrah hissi yaradan hal isə redaksiyalarda baş verən qarşıdurmalardır. Media nümayəndələri qoyulmuş kriteriyalara cavab vermək üçün evini başqasının adına keçirir, hətta həyat yoldaşından boşananlar da var.

Əslində necə olmalıdır? Yəni şairin, yazıçının, yol polisinin mətbuat xidmətində, akademiyanın hansasa ildə bir dəfə çıxan jurnalında, nazirliklərin divar qəzetlərində işləyənlərin də illərdir redaksiyalarda ömrünü, gününü, dolanışığını qonorara hesablayan, çörəyi ancaq xəbər yazmaqla çıxan jurnalist kimi mənzil istəmək haqqı varmı?  Məscidin qapısı açıqdırsa, itin həyasızlıq etməsi təbiidirmi? Yaranmış durum evlərin əsl sahiblərinə verilməsində hər hansı çətinlik yaratmayacaq ki?

«Qafqazinfo» yaranmış situasiyanı təhlil etmək üçün mətbuat orqanlarının baş redaktorlarından münasibət öyrənib.

«Azadinform İnformasiya Agentliyi»nin baş redaktoru Niyaz Niftiyev məsələyə münasibət bildirən zaman mənzil üçün sənəd verənlərin böyük əksəriyyətinin dövlət qurumlarının mətbuat xidmətləri, yazıçılar, şairlər və jurnalistikaya aidiyyatı olmayan şəxslərin olduğunu vurğulayıb:

«Əvvəla, ölkə prezidentinin müvafiq sərəncamında qeyd edildiyi kimi bu jurnalistlər üçün inşa edilmiş yaşayış binasıdır. Sərəncamda yalnız mətbuat işçilərinin adı keçir, yazıçılar, şairlər, dövlət qulluqçuları ilə bağlı məsələ yoxdur. Amma bu gün müşahidə etdiklərimiz tamam başqa şeylərdən xəbər verir. Dövlət qurumlarının mətbuat xidmətlərinin rəhbərləri dövlət qulluqçuları hesab olunur, böyük əksəriyyətinin də vəziyyəti yüksək səviyyədədir, onlar da iddiaçıdırlar. 

Yazıçı və şairlər də Azərbaycan Yazıçılar Birliyindən ev almaq əvəzinə KİVDF-yə üz tuturlar. Bu insanlar dövlətin humanistliyindən sui-istifadə edirlər. Əlbəttə, deyə bilərlər ki, ev almağın şərtləri bizə imkan verir. Bəli, elədir, amma bunlar özlərinə sual verməlidirlər ki, axı biz jurnalist deyilik. Təəssüf ki, bu məsələdə qəlbinin səsinə qulaq asan çox az adam var. Baş verənlər dövlətin bu kimi gözəl təşəbbüsü haqqında mənfi rəy formalaşdırır, sosial şəbəkələrdə bəzilərinin ağıllarına deyil, ağızlarına gələni yazmalarına vəsilə olurlar. Bölgü zamanı bütün bunların nəzərə alınacağına tam əminəm. Heç kim narahat olmasın, keçən dəfə olduğu kimi bu dəfə də üstünlük bilavasitə jurnalistikaya dəxli olan, dolanışığı bu sahədən asılı olan, dövlətə və cəmiyyətə məhz jurnalist fəaliyyəti ilə töhfə verən  insanlara veriləcək».

APA Holdinq-in prezidenti Vüsalə Mahirqızı isə dövlət qurumlarının mətbuat xidmətində çalışan şəxslərin mənzil üçün sənəd verməsini yanlış hesab etmir. O bildirib ki, mənzillər əsas iki kriteriya üzərində verilməlidir. Birincisi, haqqı, ikincisi isə ehtiyacı olanlara:

«Ölkə jurnalistikasında uzun illər xidmət etmiş və ehtiyacı olan insanlar var. Nəzərə alsaq ki, hazırda mediamızda bu qədər kadr çatışmazlığı var, onda 255 mənzilin verilməsi böyük rəqəmdir. Lazım olanda normal-işlək 500-600 jurnalistin adını çəkmək olmur. O ki qaldı, mətbuat xidmətində olan insanların sənəd verməsinə onların çoxunun keçmişi jurnalistika ilə bağlıdır. Məncə, onların mənzil almasında heç bir problem yoxdur. Xüsusi olaraq baş redaktorlarla bağlı danışırlar.  Bizim elə də böyük mediamız yoxdur və hər kəs bir-birini tanıyır, maddi şərtlərinə bələddir. Baş redaktorlar var ki, elə də yüksək maaşı, evi yoxdur. Bu halda onun mənzil almasında heç bir problem yoxdur. Sözün düzü, məsələnin bu qədər böyüdülməsini, müzakirəyə çıxarılmasını kifayət qədər ürəkbulandırıcı hal hesab edirəm. Heç kim bu peşəyə ona mənzil  verilməlidir iddiası ilə gəlmir, ya da işəgötürən qurumların elə bir öhdəliyi yoxdur. Redaksiya sadəcə seçimdə ədalətlilik prinsipini qoruya bilər. 

İndidən bu məsələni belə şişirdib kimlər ev alacaqsa, onların burnundan gətirməyə ehtiyac yoxdur. Kimlər alacaqsa, sağlıqla otursun. Ancaq jurnalistikada hədəfi yalnız mənzil almaq üçün qoymaq olmaz. Hətta məlumatıma görə, mənzil aldıqdan sonra jurnalistikadan uzaqlaşmağı düşünən şəxslər də var. Bunun özü qeyri-etikdir. Son olaraq təklifim bundan ibarətdir ki, gələn dəfə bu arzuolunmaz müzakirələri azaltmaq üçün jurnalistlər fərdi şəkildə və elektronlaşmış qaydada müraciət etsin. Bu məsələ şirkətlərin üzərindən götürülsün».

«Yeni Müsavat»ın baş redaktoru Rauf Arifoğlu bu məsələdə sadəcə öz redaksiyasına cavabdeh olduğunu və digərlərinə qarışmadığını bildirib:

«Biz şəffaf qaydada iclasımızı keçirib siyahını təqdim etmişik. Başqa kimlərin mənzil üçün sənəd verməsinə mən qarışmıram».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *