vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 iyul 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ƏDƏBİYYAT  
12:59 | 15 fevral 2019 | Cümə Məqaləyə 627 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Ustada sayğı gecəsi”

Xalq şairi Bəxtiyar Vahabzadə vəfatının 10-cu ildönümündə yad edildi

Savalan FƏRƏCOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 13-də – Xalq şairi, dramaturq, ədəbiyyatşünas, ictimai xadim, akademik Bəxtiyar Vahabzadənin (1925-2009) vəfatının 10-cu ildönümündə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Ustada sayğı gecəsi” adlı ədəbi-bədii gecə keçirildi. Tədbir Azərbaycan Yazıçılar Birliyi (AYB), Bakıdakı Yunus Əmrə İnstitutu və TİKA-nın dəstəyi ilə gerçəkləşdi.

Aparıcı Nailə Ələkbərli tədbiri açaraq söz ustadının “Şair” şeirindən bir bəndi səsləndirdi:

Şair fikirlərin çırpınan seli,
Şair həqiqətin müğənnisidir.
Şair təbiətin danışan dili,
Şair cəmiyyətin üsyan səsidir.

Qeyd olundu ki, Bəxtiyar Vahabzadə düşüncəsi dərin, dili kəskin, qələmi iti, fikirləri bəşəri, duyğuları milli, mübariz şair idi. Onun şeirlərini oxuduqca düşünür və öyrənirik.

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Bəxtiyar Vahabzadənin vəfatından 10 il keçdiyini bildirdi. Qeyd etdi ki, bu müddət ərzində Azərbaycanda və Türkiyədə bir çox hadisələr baş verib və biz həmişə Bəxtiyar Vahabzadənin səsinə, sözünə və münasibətinə ehtiyac duymuşuq. Onun bu onillikdə yeri çox görünüb: “Bəxtiyar Vahabzadə öz adını doğruldan bir şairdir. Yəni bəxtiyar və xoşbəxt şairdir. Bu cəhətdən onu həm xalq sevirdi, həm də dövlət qiymətləndirirdi. Dövlətin ən yüksən mükafatlarına layiq görülmüşdü. Xalq şairi adı almışdı. Parlamentin deputatı idi. Akademik seçilmişdi. Azərbaycanın və SSRİ-nin dövlət mükafatlarını almışdı”.

Xalq yazıçısı vurğuladı ki, B.Vahabzadə Azərbaycanı sevdiyi qədər də Türkiyəni sevirdi. Türkiyədə də Azərbaycanda sevildiyi kimi sevilir: “Bu tədbirdə bizim qardaş Türkiyədən dost-tanışlarımız iştirak edirlər. Türkiyədə Bəxtiyar Vahabzadənin kitabları dönə-dönə çap olunur. Onun haqqında tədqiqat əsərləri işıq üzü görür. Xalqlarımız, dilimiz yaşadıqca bu dildə yazan şairlər də yaşayacaq. Onlardan biri də bizim əzizimiz Bəxtiyar Vahabzadədir. Onilliklər keçsə də o, hər zaman yaddaşlarda yaşayacaq”.

Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir çıxışında Bəxtiyar Vahabzadənin yaradıcılığında dilimizin zənginliyinin qorunub saxlanıldığını vurğuladı: “Yaxşı ki, xalqlarımız belə görkəmli şair və elm adamları yetişdirir. Biz ayağını vətən torpağına xoş niyyətlə basan, öz kökündən bəslənən, tarixi mədəniyyətindən bəhrələnən və yaşadığı cəmiyyətin insanlarına doğru istiqamət göstərən bu ziyalılara çox borcluyuq”.

Tədbirdə daha sonra TİKA-nın (Türk İşbirliyi və Koordinasiya Agentliyi) ölkəmizdəki proqram koordinatoru Teoman Tiryaki, Xalq şairi Sabir Rüstəmxanlı Bəxtiyar Vahabzadənin yaradıcılığından söz açdılar.

B.Vahabzadənin “Əlvida” şeirinin lent yazısı səsləndirildi, həyat və yaradıcılığından bəhs edən video-çarx göstərildi.

Gecədə xalq artistləri Flora Kərimova, Gülyaz və Gülyanaq Məmmədovalar şairin şeirlərinə bəstələnmiş “Həyat, səndən kim doydu getdi”, “Bulağa gəlsin”, “Bəxtiyaram mən” mahnılarını ifa etdilər.

Sonda şairin “Özümüzü kəsən qılınc” mənzum dramı əsasında hazırlanmış tamaşadan parça nümayiş olundu.


* * *


Qeyd edək ki, fevralın 13-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda da Yunus Əmrə İnstitutu, TİKA və AYB-nin birgə təşkilatçılığı ilə Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü münasibətilə panel keçirilib.

Tədbirdə AYB-nin sədri, Xalq yazıçısı Anar, TİKA-nın təmsilçisi Teoman Tiryaki, Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, AYB-nin katibi Rəşad Məcid və başqaları şairin həyat və zəngin yaradıcılığından söhbət açıblar.

Paneldə Türkiyənin Atatürk Universitetinin professoru Sedat Adıgözəl “Bəxtiyar Vahabzadənin şeirində millət, vətən və dil”, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Esmira Fuad “Bəxtiyar Vahabzadə yaradıcılığında türkçülük”, İzmir Katib Çələbi Universitetindən Selçuk Türkyılmaz “Millətə yol göstərən şair: Bəxtiyar Vahabzadə”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyeva “Bəxtiyar Vahabzadə və Şəki” mövzularında məruzələrlə çıxış ediblər.


Şəkidə anım tədbiri


Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü şairin doğulduğu Şəkidə də qeyd edilib. Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə mədəniyyət işçiləri, Şəki “ASAN Xidmət” Mərkəzinin əməkdaşları, Şəki şəhər 5 və 10 saylı məktəblərin kollektivləri iştirak ediblər.

İştirakçılar əvvəlcə B.Vahabzadə adına parkda şairin abidəsini ziyarət ediblər.

Sonra tədbir Bəxtiyar Vahabzadənin ev-muzeyində davam edib. Ev-muzeyi ilə tanışlıqdan sonra dəyirmi masa ətrafında şairin yaradıcılığından söz açılıb. Onun xalqımızın milli oyanışına xidmət edən əsərlərində vətənpərvərlik və azadlıq motivlərinin aparıcı yer tutduğu vurğulanıb. Qeyd edilib ki, Bəxtiyar Vahabzadənin lirik şeir və poemaları, pyesləri, elmi əsərləri ona böyük şöhrət qazandırıb.

Sonda məktəblilər şairin şeirlərini söyləyiblər.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *