vaxtlı-vaxtında oxuyun! Şənbə, 26 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MUSİQİ  
“Qaranlıq şahzadəsi” 11:11 | 25 iyul 2025 | Cümə Məqaləyə 987 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qaranlıq şahzadəsi”

Son konsertini oturaq halda verən rok musiqisinin əfsanəsi Ozzi Osborn

MEHİN

“Heavy metal” rok musiqisi janrının əfsanəvi siması, “Black Sabbath” qrupunun qurucusu və “Qaranlıq şahzadəsi” (“Prince of Darkness”) Ozzi Osborn (Ozzy Osbourne), səhnəyə və həyata son salamını verdi. Onun arxasında çılğın performanslar, enişli-çıxışlı həyat hekayəsi və unudulmaz bir iz qaldı.

Qrupunun qurucu solisti və solo karyerası ilə dünya şöhrəti qazanan İngilis rok musiqiçisi Ozzi Osborn, 22 iyulda 76 yaşında dünyasını dəyişdi.

Əsl adı Con Maykl Osborn (John Michael Osbourne) olan sənətçinin ölüm xəbəri ailəsi tərəfindən “Bu səhər sevimli Ozzi Osbornun həyatını itirdiyini, sözlə ifadə edə bilməyəcəyimiz dərin kədərlə elan edirik” ifadələri ilə açıqlanıb.

 

Son səhnəsinə oturaraq çıxdı

 

Osborn bu ayın əvvəlində vətəni Birminemdə təşkil olunan vida konsertində son dəfə pərəstişkarları ilə görüşmüşdü. Fiziki vəziyyəti səbəbilə səhnədə oturaraq performans göstərmiş, “Paranoid” (“Paranoid”), “Dəmir Men” (“Iron Man”) və “Çılğın Qatar” (“Crazy Train”) kimi klassik parçalarını ifa etmişdi.

1970-ci ildə “Black Sabbath”ın debüt albomu ilə musiqi səhnəsinə addım atan Osborn, yalnız musiqisi ilə deyil, həm də qeyri-adi həyat tərzi və qalmaqalları ilə də tez-tez gündəmdə olmuşdu.

1982-ci ilin yanvarında bir konsert zamanı səhnədə yarasanın başını dişləyərək kəsən Osborn, bu hərəkəti ilə böyük reaksiya toplamışdı. Sənətçi bu hadisədən sonra yarasanın oyuncaq olduğunu düşündüyünü və dişlədikdən sonra gerçək olduğunu anladığını söyləmişdi. Konsertlərdə pərəstişkarlar səhnəyə oyuncaq atırdılar.

Bu və buna bənzər hadisələr səbəbilə “Qaranlıq şahzadəsi” kimi tanınan Osborn, bir çoxları üçün qorxunc sima kimi görünməsinə baxmayaraq, musiqi dünyasında bir ikonaya çevrilmişdi.

 

Sağlamlıq problemləri və asılılıqlar

 

Osborn, alkoqol və narkotik asılılığı ilə mübarizə aparmışdı. 1979-cu ildə “Black Sabbath”dan bu səbəbdən ayrılmaq məcburiyyətində qalmışdı. Ardınca dərin bir böhran dövrü keçirən sənətçini həmin dövrdə menecerinin qızı olan Şeron Arden (Sharon Arden) yenidən musiqi dünyasına qaytardı. Osborn, Şeronun dəstəyi ilə solo karyerasına başladı və 1982-ci ildə onunla evləndi.

Solo albomları “Ozzinin qasırğası” (“Blizzard of Ozz”, 1980) və “Dəlinin gündəliyi” (“Diary of a Madman”, 1981) gənc gitaraçı Rendi Roudsun (Randy Rhoads) töhfələri ilə böyük uğur qazandı. Rouds, 1982-ci ildə qastrol zamanı baş verən təyyarə qəzasında həyatını itirmişdi, bu da Osbornu dərindən sarsıtmışdı.

Sənətçi, 2003-cü ildə keçirdiyi ATV qəzasında boyun və qabırğa sümüklərini sındırmış, 2019-cu ildə isə Parkinson xəstəliyinə tutulduğu aşkarlanmışdı. Bu müddət ərzində depresiya ilə mübarizə apardığını da açıqlamışdı.

 

Şəxsi həyatı və gündəmə gəlməsi

 

Özünəməxsus vokalı və enerjili səhnə performansı ilə tanınan Osborn, səhnədəki çılğın hərəkətləri ilə diqqət çəkirdi. “Black Sabbath”ın introvert gitaraçısı Toni Yommi (Tony Iommi) və soyuqqanlı basçısı Gizer Batlerin (Geezer Butler) yanında teatral bir fiqur kimi yer aldı.

ABŞ-dakı mühafizəkar və dini dairələr tərəfindən “satanist” olmaqda ittiham edilən Osborn, heç vaxt şeytana sitayiş edən biri olmadığını və sehrlə əlaqəsinin olmadığını dəfələrlə bildirib.

Yarasa hadisəsindən bir il əvvəl, narkotik təsiri altında olduğu halda bir göyərçinin başını dişləməsi isə bu ittihamları daha da artırmışdı. Sənətçi 2020-ci ildə verdiyi müsahibədə “O zamanlar ağılım başımda deyildi, dəlilik edirdim” demişdi.

2002-ci ildə MTV-də yayımlanan “The Osbournes” adlı realiti-şouda görnüdü. Burada eksantrik, lakin sevimli bir ailə atası kimi görünürdü. Şeron ilə evliliyindən üç əvvəlki nikahdan isə iki uşağı var idi. Qızı Kelli Osborn (Kelly Osbourne) də musiqi karyerasında atasının izindən getdi.

Osborn, “Black Sabbath” ilə zaman-zaman səhnələrə qayıtdı və yeni albomlar yayımladı. 2017-ci ildə “The End” (“The End”) turnesi ilə qrup olaraq səhnədən getdi. 2018-ci ildə başlayan solo vida turu isə sağlamlıq səbəbləri ilə yarımçıq qaldı.

2024-cü ildə ABŞ-ın Ohayo ştatında yerləşən “Rock and Roll Hall of Fame”ə daxil olan Osborn, Birmingemdəki son konsertində taxtda oturaq halda pərəstişkarlarına vida etdi. Yorğun səslə az sayda mahnı oxusa da səhnədəki xarizması ilə dinləyiciləri təsirləndirdi.

Qaranlıq mövzular, sərt gitara riffləri və provokativ səhnə tərzi ilə “heavy metal”in ən önəmli fiqurlarından biri sayılan Osborn 13 solo studiya albomu yayımladı. 2022-ci ildə çıxan son albomu “9 nömrəli xəstə” (“Patient Number 9”) ona “Qremmi” (“Grammy”) qazandırdı.