Ermənistanın seçimi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
14:20 | 8 iyun 2026 | Bazar ertəsi
Məqaləyə 19 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” Partiyası parlament seçkilərində 49,8 faiz səs toplayaraq qalib gəlib. Bu barədə Mərkəzi Seçki Komissiyasının ilkin rəsmi nəticələrində bildirilir.
Komissiyanın məlumatına görə, rusiyalı erməni milyarder Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku 23,3 keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” alyansı isə təxminən 10 faiz səs toplayıb.
İş adamı Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” Partiyasının parlamentə düşüb-düşməyəcəyi məsələsi isə hələ tam dəqiqləşməyib. Bunun üçün səslərin yenidən hesablanmasının yekunlaşması gözlənilir.
Qalan 14 partiya və blok seçki baryerini keçə bilməyib. Onların topladığı səslər, eləcə də “Çiçəklənən Ermənistan”ın səsləri parlamentə düşən üç siyasi qüvvə arasında yenidən bölüşdürüləcək. Bunun nəticəsində “Vətəndaş müqaviləsi” Partiyası parlamentdə çoxluğu qoruyub saxlayacaq.
Bu gün günorta saatlarınadək üç əsas müxalif qüvvədən heç biri rəsmi nəticələri tanımayıb. Müxalifət səsvermə və səslərin hesablanması zamanı çoxsaylı pozuntuların baş verdiyini, həmçinin seçicilərin ələ alınması ittihamı ilə müxalifət tərəfdarlarının saxlanılmasının davam etdiyini bildirib.
Seçki analitiki Roman Udotun fikrincə, Paşinyanın xeyrinə müəyyən anomaliyalar müşahidə olunub, lakin onların miqyası böyük deyil: “Şəxsi qiymətləndirməmə görə, Paşinyanın xeyrinə müəyyən təhriflər var. Bunlar Rusiyada gördüyümüz kütləvi saxtakarlıqlar səviyyəsində deyil, lakin həm yüksək, həm də aşağı fəallıq qeydə alınan məntəqələrdə müəyyən uyğunsuzluqlar mövcuddur. Məncə, onun nəticəsi 49% deyil, təxminən 47-48 faiz olmalı idi”,.
Paşinyan isə öz növbəsində bəyan edib ki, partiyası əsas rəqiblərini darmadağın edib. O, müxalifəti üçbaşlı müharibə partiyası adlandırıb və onların liderlərinin cinayət məsuliyyətinə cəlb olunmasına nail olacağını vəd edib.
“News.am” portalının məlumatına görə, Paşinyanın partiyası hökuməti təkbaşına formalaşdırmaq hüququ əldə edib. Yeni çağırış parlamentdə “Vətəndaş müqaviləsi” 61, “Güclü Ermənistan” 28, “Ermənistan” alyansı 11, “Çiçəklənən Ermənistan” isə 5 mandat əldə edəcək.
Siyasi şərhçi İvan Probrajenski bildirib ki, Paşinyan ikinci turdan yayınmağa nail olub. Əks halda onun partiyası ikinci mərhələdə Karapetyanın Rusiyayönlü siyasi qüvvəsi ilə mübarizə aparmalı olacaqdı.
Lakin Paşinyanın partiyası parlamentdə konstitusion çoxluq – yəni mandatların üçdə ikisini əldə edə bilməyib. Halbuki Azərbaycan Ermənistan Konstitusiyasına dəyişiklik edilməsini sülh sazişinin əsas şərtlərindən biri kimi irəli sürür.
Ermənistan Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış yeni Konstitusiya layihəsi əvvəlcə parlament tərəfindən təsdiqlənməli, daha sonra referendumda səsverməyə çıxarılmalıdır.
Probrajenskinin sözlərinə görə, Azərbaycan Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir. Həmin bəyannamədə Qarabağla bağlı müddəalar yer alır.
“Paşinyan konstitusiya qanunlarını dəyişə bilməyəcək. Halbuki bu, onun seçkiqabağı vədlərindən biri idi. Məsələn, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasından Qarabağa istinad edilən Müstəqillik Bəyannaməsi ilə bağlı müddəanın çıxarılmasını tələb edir. Referendum keçirilməsə və ya parlamentə düşən Rusiyayönlü qüvvələrdən biri ilə razılıq əldə olunmasa, Paşinyan hökuməti hələ də qismən “Qarabağ klanı”ndan miras qalan qanunlarla işləmək məcburiyyətində qalacaq”, – ekspert bildirib.
Mədəniyyət və Sivilizasiya Araşdırmaları Mərkəzinin əməkdaşı, politoloq Narek Sukiasyan isə açıqlamasında Konstitusiya dəyişikliklərinin uzanmasının Ermənistan üçün yeni eskalasiya riskləri yaratdığını vurğulayıb.
“Azərbaycanla münasibətlərdə əsas məsələ Konstitusiyaya dəyişikliklər və bu tələbin necə həll ediləcəyi olacaq. Paralel olaraq Türkiyə və Azərbaycanın tətbiq etdiyi blokadanın aradan qaldırılması istiqamətində səylər davam etdirilməlidir. Konstitusiya dəyişiklikləri prosesi uzandıqca Bakı və Ankara normallaşma prosesini ləngidə, Ermənistanın blokadasını davam etdirə və münaqişəni qeyri-müəyyən vəziyyətdə saxlaya bilər. Beynəlxalq ictimaiyyət sülh sazişinin imzalanması və regionda əlaqələrin bərpası istiqamətində səylərini təcili artırmalıdır. Əks halda hazırkı sülh impulsu ciddi təhlükə altına düşə bilər”, – o qeyd edib.
Politoloq əlavə edib ki, yeni parlamentdə siyasi qütbləşmə əvvəlki çağırışla müqayisədə eyni səviyyədə və ya daha dərin ola bilər.