Ermənistana Ukrayna misalı
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
10:16 | 30 may 2026 | Şənbə
Məqaləyə 171 dəfə baxılıb
Şriftin ölçüsü
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Kreml büdcədə kəsirini bağlamaq üçün əlində-ovcunda olanları satır
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
7 iyun — bu tarix yalnız Ermənistan üçün deyil, bütün postsovet coğrafiyası üçün sınaq günüdür. Parlament seçkilərindən əvvəl Kreml Ermənistanı görünməmiş miqyasda dezinformasiya dalğasına qərq etdi. Yalan xəbərlər, saxta videolar, ƏSB-yə bağlı “jurnalistlər”, süni zəka ilə yaradılmış böhtan materialları – hamısının bir hədəfi var – Paşinyanı devirmək.
“The Insider”, “Bloomberg”, “Euronews”, “NewsGuard”, Londondan fəaliyyət göstərən, əsas ixtisası ekstremizm, dezinformasiya və rəqəmsal təsir əməliyyatlarının araşdırılması üzrə ən nüfuzlu qurumlardan biri sayılan “Institute for Strategic Dialogue”, ABŞ-ın Cənubi Karolina ştatındakı Klemson Universitetinin mediada saxta məzmunu aşkarlayan laboratoriyası “Clemson University Media Forensics Hub” – (“Storm-1516”nın Ermənistan kampaniyasını ilk sənədləşdirən tədqiqat qrupu) və Vaşinqtonda yerləşib konservativ-millətçi siyasi xəttə yaxınlığı ilə seçilən, milli təhlükəsizlik, xarici siyasət və Rusiyanın təsir əməliyyatları üzrə analitik hesabatlar hazırlayan ABŞ beyin mərkəzi “Foundation for Defense of Democracies” (FDD Analysis) hesabatları əsasında hazırlanan məqaləni VAXT.AZ oxucularına təqdim edirik.
30 dalğanın 1 hədəfi
CNN xəbər verir ki, 2025-ci ilin aprelindən 2026-cı ilin aprelinə qədər Ermənistan dünyada “Storm-1516” tərəfindən ən çox hücuma məruz qalan ölkə oldu. Tədqiqatçılar 30-dan artıq ayrı dezinformasiya dalğası qeydə aldı.
Kremlə bağlı şəbəkələr aprel ayından etibarən bir çox platformada yalan narrativlər yayaraq Ermənistanın demokratik institutlarına inamı sarsıtmaq, Baş nazir Paşinyanın Qərb tərəfdarı hökumətini gözdən salmaq və Rusiya tərəfdarı aktorların yenidən hakimiyyətə gəlməsinə şərait yaratmaq məqsədi güdür.
Bu kampaniya Ermənistanın Rusiyadan uzaqlaşaraq Avropa və ABŞ-a yaxınlaşdığı bir dönəmə, Moskvanın uzun illər hökmranlıq etdiyi regionda nüfuzunu itirdiyi bir mərhələ ilə üst-üstə düşürdü.
“QRU”nun silahı – “Storm-1516”
Qərb rəsmiləri “Storm-1516”nın arxasında Rusiyanın Hərbi Kəşfiyyatı İdarəsinin (QRU) durduğunu bildirir. Ukrayna kəşfiyyatının “Bloomberg”ə çatdırdığı sənədə görə QRU-nun 29155 nömrəli bölməsi Oleq Kuşnir rəhbərliyi altında qrupun serverlərini və saxta məzmun yaratmaq üçün süni intellekt alətlərini maliyyələşdirir.
“Əl-Cəzirə” deyir ki, “Storm-1516” “Putinin aşpazı” ləqəbli Prigojinin öldürülməsindən sonra ləğv edilmiş “İnternet Tədqiqat Agentliyi”nin, yəni “Vaqnerlər” adlı muzdlu birləşməyə aid “troll fabriki”nın varisidir. 2023-cü ildən etibarən qrup ən azı 50 yalan narrativ yaratmış və yaymışdır.
ABŞ-nin Cənubi Karolina ştatındakı Klemson Universitetinin Media Mərkəzi Laboratoriyasının rəqəmsal təsir analitiki Ella Murray qrupun taktikasının Ermənistanda inkişaf etdirildiyini deyib: “Xüsusilə influnser şəbəkələrini və saxta marketinq botlarını genişləndiriblər. Bundan əlavə yerli və ölkəyə məxsus hesablar kimi görünən akkauntlardan istifadəyə başlayıblar”.
“Paşinyan xəstədir” və “Ağrı dağında qaz kameraları var” iddiaları
Yalan narrativlər böhtan səviyyəsini çoxdan keçib.
“The Insider”in araşdırmasına görə, “Matryoşka” şəbəkəsinin botları süni intellektlə yaradılmış videolarda “Osvensim” dustaqlarının simasından istifadə edərək məlumat yaymışdı ki, “Nikol Paşinyan Ermənistanın vətəndaşları üçün qaz kameraları tikir, onları Ağrı dağında sınaqdan keçirir”. Şəbəkənin yaydığı iddialarda baş nazir xain adlandırılır, ermənilər isə Holokost soyqırımı gözləyən yəhudilərə bənzədilirdi.
Ötən ilin may ayında “Storm-1516”ya bağlı akkauntlar Paşinyanın xəstə olduğuna dair şayiələr yaymağa başladı. CivilNet.am-ın saxta versiyası kimi hazırlanmış bir videoda iddia edilirdi ki, Paşinyan 2010-cu ildə həbs olarkən HİV-ə yoluxub. CivilNet.am bu məlumatı rəsmən təkzib etdi.
“Bloomberg”in müəyyən etdi ki, “Storm-1516” nərrativlərinin sayı 2026-cı ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artıb. Martın sonundan etibarən demək olar ki, hər gün yeni narrativlər ortaya çıxır. Ermənistana aid 25-dən artıq saxta hekayə aşkar edilib. Hamısında Paşinyan ya korrupsiyada ittiham edilir, ya da ölkəni idarə etməkdə aciz kimi göstərilir.
“Matryoşka” – 343 saxta video
“The Insider”in araşdırmasına görə, “Matryoşka” şəbəkəsinin botları “Euronews” və “France 24” kimi nüfuzlu nəşrləri təqlid edən saxta videolar yayıb. Bu videolarda xarici “alimlər” adından Ermənistanda soyqırımı baş verdiyi və bunun gizlədildiyi iddia edilib. Digər videolarda Paşinyanın hökuməti “ənənəvi dəyərləri məhv etməkdə” suçlanıb.
CNN xəbər verir ki, “Bot Bloker” layihəsinin hesablamalarına görə, may 2026-cı ilə qədər “Matryoşka” şəbəkəsi Ermənistan və Paşinyan haqqında 343 saxta video yayımladı. Bu rəqəm Moldovadakı seçki kampaniyasında yayılanlar eyni miqyasda idi. Müqayisə üçün – ABŞ seçkilərindən əvvəl 180, Almaniyada 97, Polşada isə 14 video yayımlanmışdı.
6 abunəsi olan milyonluq layihə – “Öncə İrəvan”
“The Insider”in sızdırılan daxili sənədlər əsasında apardığı araşdırma Kremlin dezinformasiya maşınının pərdəarxasını üzə çıxardı.
Moskvada qeydiyyatdan keçmiş “Öncə İrəvan” portalı guya Rusiyada yaşayan ermənilərə yönəlib. Sənədlərə görə layihə Rusiyanın Prezident İdarəsinə hesabat verən Sosial Layihələr Agentliyi (ASP) tərəfindən hazırlanıb. Aylıq hədəf 200 böyük həcmli məqalə, 200 xəbər, 500 illüstrasiya, 10 video idi. Layihənin sosial şəbəkələrdəki abunəçi sayı 2026-nın mayına qədər “VKontakte”də 81, “Facebook”da isə cəmi 6 nəfər idi. Maraqlısı budur ki, bu 81 abunəçinin praktiki olaraq hamısı Ermənistanla heç bir əlaqəsi olmayan, Primorye və ya Tver vilayətindən olan Rusiya vətəndaşlarıdır.
Layihənin arxasında duran əsas simaların biri ABŞ Dövlət Departamentinin 2023-cü ildə Latın Amerikasında dezinformasiya yaymaqda ittiham etdiyi siyasi texnoloq Andrey Perladır. Digəri isə “Doppelganger” kampaniyasının bütün “yazar”larını idarə edən Tver reklamçısı Aleksey Ulyanovdur. Onun rəhbərliyi altında hazırlanan tipik mətnlər belə bir dil daşıyırdı: “Kasıb Fransa Ukraynaya kömək etməyə davam edir. Fransada 2000-dən çox uşaq küçədə yatır. Bilirsinizmi, bu rəqəm bir ildə 22% artıb?”
“Wyoming Star” – FSB-nin qəzeti
2026-cı ilin fevralında İrəvanın küçələrində “Wyoming Star” adlı “Amerika” qəzeti peyda oldu. Qəzet erməni dilindəki tərcümə məqalələrdən ibarət idi. Nə qəzetdə, nə də saytda müəllif göstərilmirdi.
“The Insider” araşdırması nəticəsində məlum oldu ki, qəzetin müəlliflərindən biri kimi göstərilən Mişel Larsenin (Michelle Larsen) e-poçtu əslində Aleksandr İonovundur. Bu şəxsə Floridanın Tampa şəhərindəki seçkilərə müdaxilə etməyə cəhd etdiyi üçün 2023-cü ildə ABŞ məhkəməsindən ittihamnamə verilib. Həmin məhkəmədə eyni zamanda iki Federal Təhlükəsizlik Xidməti (Федеральная служба безопасности – FSB) zabitinə də rəsmi ittiham irəli sürülüb. “Antiqlob Hərəkatı”nın prezidenti İonov peşəkar donos yazan və təxribatçıdır, Dövlət Departamenti onun üçün 10 milyon dollar mükafat təyin edib.
Vikipediyanın klonu
“The Insider”in yaydığı sənədlərdə daha bir qorxuducu planı üzə çıxdı. Ermənistan üçün Vikipediyanın klonu yaradılmışdı. Məqsəd sadəcə insanları aldatmaq deyil – süni zəka modellərini yalan məlumatlarla “zəhərləmək” idi.
Sənədlərə görə, layihə Almaniya üçün tətbiq edilib və 200 000-dən çox səhifə yaradılıb. Əsas fəaliyyət göstəriciləri arasında 6 süni zəka platformasını redaktə olunmuş məqalələrlə öyrətməklə – ayda 500 məqalə hədəfi olub. Layihənin Türkiyədə yerləşdirilməsi planlaşdırılırdı. Çünki Türkiyə bu cür layihələri bloklamır və “saxta bayraq” kimi istifadə üçün tamamilə mümkün görünür. Rus IP-adresləri isə “hüquqi risklər” bəhanəsiylə əvvəlcədən bloklanıb.
Putinin xəbərdarlığı
Mayın 9-dakı mətbuat konfransında Vladimir Putin Ermənistanın Aİ-yə üzvlüyü və Aİİ-dən çıxışı məsələsinin referendum vasitəsilə həll edilməsini tələb etdi. Rusiya prezidenti Ukraynanı işarə edərək hər şeyi həddindən artıq gərilib çıxartmamağı tövsiyə etdi: “Bütün bunlar sonradan dövlət çevrilişinə, Krım məsələsinə, Ukraynanın cənub-şərqinin mövqeyinə və döyüş əməliyyatlarına gətirib çıxardı. Bu ciddi məsələdir”.
Bu sözlər yalnız siyasi bir bəyanat deyildi. Ekspertlər bunu Ermənistana açıq hədə kimi qəbul etdi.
Seçki döyüşü meydanda deyil, ekranda gedir
Siyasi qeyri-sabitlik İrəvanda Ermənistan-Azərbaycan normallaşma prosesini də poza bilər. Vaşinqtonun vasitəçiliyi ilə yaradılan sülh çərçivəsi sərhəd delimitasiyası, əlaqəlilik layihələri və digər etimad artırıcı tədbirlər üzrə davamlı siyasi dəstəkdən asılıdır.
Ermənilər iyunun 7-də seçkiyə gedəcək. Lakin həqiqi döyüş isə ekranlarda, sosial şəbəkələrdə, saxta səhifələrdə artıq həftələrdir gedir. Kreml seçkiləri oğurlamaq üçün avtomatdan deyil deyil, klavyaturadan istifadə edir.
Amma əsas sual budur: Ermənistan bu döyüşə hazırdırmı?