vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 8 iyun 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
Ermənistanın seçimi 14:15 | 8 iyun 2026 | Bazar ertəsi Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistanın seçimi

Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi

Əliməmməd NURİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda keçirilən 7 iyun parlament seçkiləri ilk baxışda növbəti siyasi kampaniya kimi görünə bilər. Lakin bu seçkilərin mənası hakimiyyət uğrunda rəqabətin hüdudlarını çoxdan aşır. Söhbət təkcə parlament çoxluğunun kim tərəfindən formalaşdırılacağından getmir. Əslində Ermənistan cəmiyyəti qarşısında duran əsas sual ölkənin hansı tarixi istiqaməti seçəcəyi ilə bağlı idi.

Seçkilərin yekun nəticələri göstərdi ki, Ermənistan cəmiyyəti sülh gündəliyinə növbəti dəfə siyasi legitimlik verdi. Bu nəticə revanşizmə, yeni qarşıdurma və yeni müharibə vədlərinə deyil, daha realist siyasi xəttə verilmiş dəstək kimi qiymətləndirilə bilər. Ermənistan cəmiyyəti son illərdə ikinci dəfədir ki, qisasçılıq ritorikasına deyil, gələcəklə bağlı daha praqmatik yanaşmaya üstünlük verir. Bu seçimin arxasında isə təkcə siyasi simpatiya deyil, həm də son illərin ağır dərsləri dayanır.

Bəzən xalqların taleyi döyüş meydanlarında dəyişir, bəzən isə seçki qutularının qarşısında. Ermənistanda baş verən də məhz belə hadisələrdən biridir. Çünki seçici faktiki olaraq keçmişlə gələcək arasında seçim etdi. Bir tərəfdə uzun illər regionu qarşıdurma məkanına çevirən, Ermənistanı geosiyasi asılılıqlara sürükləyən köhnə düşüncə dayanırdı. Digər tərəfdə isə bütün çətinliklərinə baxmayaraq sülh, əməkdaşlıq və açıq kommunikasiyalar perspektivi vardı.

Bu seçimin formalaşmasında son illərdə regionda yaranmış yeni reallıqların xüsusi rolu var. Həmin reallıqların əsas müəllifi isə Azərbaycandır. 2020-ci ildən sonra yaranmış vəziyyət təkcə hərbi-siyasi balansı dəyişmədi. Eyni zamanda Cənubi Qafqazın gələcəyi ilə bağlı yeni gündəm formalaşdırdı. İlk dəfə olaraq regionun inkişafı münaqişənin davam etdirilməsi üzərində deyil, sülh sazişi, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması, sərhədlərin müəyyənləşdirilməsi və iqtisadi əməkdaşlıq üzərində müzakirə olunmağa başladı.

Tarixdə elə məqamlar olur ki, hərbi qələbənin həqiqi dəyəri sonrakı siyasi nəticələrlə ölçülür. Dövlətlər var ki, müharibəni qazanır, amma sülhü itirirlər. Dövlətlər də var ki, qələbəni yeni siyasi arxitekturanın təməlinə çevirə bilirlər. Azərbaycanın son illərdə yürüdüyü siyasətin mahiyyəti məhz bundan ibarət idi. Məqsəd yalnız müharibədə qalib gəlmək deyildi. Məqsəd regionun gələcəyini dəyişmək idi.

Bu proses təsadüfən baş vermədi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müharibədən sonra qalib dövlət kimi region üçün yeni siyasi model təklif etdi. Müxtəlif dövrlərdə bu təşəbbüslərə müqavimət göstərildi, fərqli güc mərkəzləri prosesi öz maraqlarına uyğun istiqamətləndirməyə çalışdı. Lakin zaman keçdikcə bir həqiqət daha aydın görünməyə başladı: regionda dayanıqlı inkişafın alternativi yoxdur və bu alternativin adı sülhdür.

Təsadüfi deyil ki, son illərdə həm müəllif olaraq mənim çıxışlarımda, həm də Konstitusiya Araşdırmalar Fondunun müxtəlif analitik materiallarında regionun gələcəyinin məhz sülh gündəliyindən keçdiyi ardıcıl şəkildə vurğulanıb. Fondun təhlillərində dəfələrlə qeyd olunub ki, Azərbaycanın hərbi qələbəsinin ən mühüm nəticəsi yeni qarşıdurma üçün zəmin yaratmaq deyil, yeni regional sülh arxitekturası formalaşdırmaq imkanının yaranmasıdır. Hələ regionda qarşıdurma ritorikasının üstünlük təşkil etdiyi dövrlərdə irəli sürdüyümüz əsas tezis bundan ibarət idi ki, gec-tez Ermənistan cəmiyyəti də seçim qarşısında qalacaq: ya keçmişin geosiyasi asılılıqları və revanşist illüziyaları ilə yaşamaq, ya da regionun açdığı yeni imkanlardan faydalanmaq.

Bu gün müşahidə olunan proseslər həmin yanaşmanın təsadüfi mülahizə deyil, siyasi reallığın düzgün qiymətləndirilməsi olduğunu göstərir. Bir neçə il əvvəl Ermənistan siyasətində Azərbaycanla sülhdən danışmaq siyasi risk hesab edilirdisə, bu gün sülh gündəliyi seçki kampaniyalarının əsas elementlərindən birinə çevrilib. Bu faktın özü regionun necə dəyişdiyini göstərir.

Burada Prezident İlham Əliyevin siyasi iradəsini ayrıca qeyd etmək lazımdır. Son illərdə Azərbaycan rəhbərliyi müxtəlif təzyiqlərə, vasitəçilik formatlarının dəyişməsinə və beynəlxalq güclərin fərqli yanaşmalarına baxmayaraq sülh gündəliyindən geri çəkilmədi. Hətta ən mürəkkəb mərhələlərdə belə Azərbaycan tərəfi regional əməkdaşlıq modelini gündəmdə saxlamağa nail oldu. Bu gün həmin xətt artıq Ermənistan daxilində də siyasi nəticə verməyə başlayır.

Yekun nəticələrdən sonra Nikol Paşinyanın səsləndirdiyi fikirlər də diqqət çəkir. O, Ermənistan xalqının səsvermə yolu ilə dövlətçiliyin, müstəqilliyin, gələcəyin və sülhün müdafiəsinə qalxdığını bəyan etdi və “müharibə partiyası” adlandırdığı qüvvələrin məğlubiyyətini vurğuladı. Bu yanaşma göstərir ki, Ermənistanın daxili siyasi mübarizəsində artıq əsas xətt keçmiş münaqişə ritorikası ilə gələcək inkişaf modeli arasında gedir. Siyasi bəyanatların sonrakı praktik addımlarla təsdiqlənməsi ayrıca məsələ olsa da, seçkinin verdiyi siyasi mesaj kifayət qədər aydındır: Ermənistan cəmiyyətinin əhəmiyyətli hissəsi növbəti dəfə qarşıdurmadan daha çox sabitlik və inkişaf perspektivinə üstünlük verib.

Bu baxımdan seçkilərin yekun nəticələri yalnız Nikol Paşinyanın və ya onun rəhbərlik etdiyi siyasi qüvvənin qələbəsi kimi qiymətləndirilə bilməz. Bu, eyni zamanda 2020-ci ildən sonra formalaşmış yeni geosiyasi düzənin, Prezident İlham Əliyevin böyük siyasi qətiyyətlə müdafiə etdiyi sülh strategiyasının növbəti siyasi təsdiqidir.

Lakin seçkilər yalnız imkan yaradır. İmkanın tarixi nəticəyə çevrilməsi isə sonrakı addımlardan asılıdır. Ermənistan rəhbərliyi bundan sonra sülh gündəliyinə uyğun real siyasi qərarlar qəbul etməlidir. Qarabağ separatizmi ilə bağlı bütün siyasi, maliyyə və ideoloji qalıqlardan qəti şəkildə imtina olunmalı, separatizmin hər hansı formada dəstəklənməsinə son qoyulmalıdır. Sərhədlərin delimitasiya və demarkasiyası prosesinin sürətləndirilməsi, sülh sazişinin imzalanması üçün zəruri hüquqi addımların atılması və regional nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi növbəti mərhələnin əsas göstəriciləri olacaq.

Forpost olmaqla dövlət olmaq arasında böyük fərq var. Forpost başqalarının maraqlarına xidmət edir, dövlət isə ilk növbədə öz xalqının gələcəyini düşünür. Son seçkilərin ən mühüm siyasi mənalarından biri də Ermənistan cəmiyyətinin ən azı indiki mərhələdə bu fərqi anlamağa başlamasıdır. Bu isə regionda uzunmüddətli sabitlik üçün az əhəmiyyət daşımayan amildir.

Bu gün Ermənistanın qarşısında duran əsas məsələ keçmiş münaqişələrin kölgəsində yaşamaq deyil, gələcək dövlətçiliyin əsaslarını müəyyənləşdirməkdir. Çünki müstəqillik yalnız bayraq, himn və beynəlxalq tanınma deyil. Müstəqillik həm də tarixi məqamlarda düzgün qərar vermək, milli maraqları xarici təsirlərdən üstün tutmaq və gələcəyi keçmişin əsirinə çevirməmək bacarığıdır.

Seçkilərdə ifadə olunan ictimai iradənin sonrakı siyasi qərarlarda da öz əksini tapması indi Ermənistan hakimiyyətinin üzərinə düşən əsas məsuliyyətlərdən biridir. Əgər bu baş verərsə, 7 iyun seçkiləri   Cənubi Qafqazda yeni dövrün başlanğıcını rəsmiləşdirən siyasi hadisə kimi tarixə düşəcək. O zaman bu nəticələr bir partiyanın qələbəsindən daha böyük məna daşıyacaq: regionda sülh ideyasının, əməkdaşlıq perspektivinin və müharibədən sonrakı siyasi transformasiya xəttinin növbəti mühüm uğuru kimi qiymətləndiriləcək.

Tarix xalqlara ikinci dəfə eyni fürsəti nadir hallarda verir. Bu gün Ermənistanın qarşısında açılmış imkan pəncərəsinin dəyəri də məhz bundadır.