vaxtlı-vaxtında oxuyun! Bazar, 18 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
QARABAĞ  
Sözlərin susub, hisslərin danışdığı görüş 21:09 | 17 may 2025 | Şənbə Məqaləyə 39 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sözlərin susub, hisslərin danışdığı görüş

Gözlərim önündə bir mənzərə var – sabah kimlər bir araya gəlməyəcək

Məğrur Əli POLAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Sabah görüş var. Qarabağın sayılıb-seçilən kəndlərindən 2 Seyidəhmədlidən Yuxarısının görüşü. Bu gün hər kəs bu görüşə hazırlaşır, bütün söhbətlər bu haqdadır. Axı bu elə-belə görüş deyil! Bu, 32 ildə bir olan, ömürlərin, talelərin, bir kəndin görüşüdür.

Kəndimizdən çıxanda, məndən yaşda böyüklər sayca daha çox idi. Sabah yaşda məndən kiçiklər daha çox olacaq. Kaş, bu ömür yerdəyişməsi olmalı olduğu kimi olaydı. Olmadı... Biz nələr çəkdik, nələr itirmədik ki. Qoy inciməsin köçkün olmayanlar: bunu başa düşmək üçün qaçqın olmalısan. Axı bizlər tək ev-eşiyimizi itirmədik. Hətta itirdiklərimiz doğmalarımızla da bitmədi. Üstəlik, hər birimiz öz həyatımızı da itirdik. Kökü kəsilən ağac kimi olduq. Təzədən kök atmalıydıq. Bundan daha böyük ifadə olsa, onu yazardım. Ömür yolları ayrıldı, qohumlar uzaq düşdü, qonşuluqlar itdi, sevgilər bitdi... Min bir zülüm tək maddi, tək fiziki olmadı ki... Bunun mənəvi, psixoloji tərəfi dağdan ağırdır. Bunun zaman tərəfi yeridolmayacaq, geridönməyəcəkdi!

Kəndimiz işğal olunandan sonra institutda oxuyurdum. Semestr bitirdi, yay gəlirdi. 9 ay ərzində dolub-daşan yataqxana boşalırdı, hər kəs öz kəndinə, öz evinə gedirdi. Qardaşımla mənsə yayda da yataqxananı tərk etmirdik. Çünki gedəcək kəndimiz yox idi!

Sevgilim yox, dərdin çəkim
Kəndim yoxdu, şəklin çəkim

- yazmışdım o vaxt. O boşalmış yataqxanada tək qalmaq həyatın bizə vurduğu zərbənin bir iynə deşiyindən görünə biləcək qədəri idi! Bu, ev-eşiyini itirmiş insanın çəkdiklərinin sadəcə bir ilməsidir. O çətinliklər, o ağırlıqlar toxumasında nələr yoxdur. Çörəyə möhtac olanlar, hər zəhmətə rəva görülənlər, tənəyə-qınağa məruz qalanlar. Həyatın çətin məqamlarından qohumsuz-qonşusuz, təkbaşına keçənlər. İllərlə əldə etdiklərini bircə gündə itirib, yetim körpə kimi həyata sıfırdan və tək başlayanlar. Başlaya bilməyənlər az olmadı. Dözə bilməyənlər də. Nənə-babalarımız, ata-analarımız, müəllimlərimiz – yolgöstərənlərimiz, məsləhət ünvanlarımız getdi. Böyük qardaşlarımız döyüşlərdə can verdi. Talelər qırıldı, ömürlər bitdi. Sağ qalanlar yarımçıq olmadı, bəlkə də beşdəbir, ondabir oldu!

...Sonradan o yataqxana otağı bütün ailəmizi məskunlaşdıracaq, illərlə kiçik bir otaqda 6 nəfər yaşayacaqdı. Bəlkə hansısa qaçqın ailəsi bir otaqda 5 nəfər yaşadı, bəlkə hansısa 7 nəfər. Amma hamı bu 30 ili eyni cür yaşadı!

Sabah görüş var. Hamı hazırlaşır, hər kəs ən gözəl geyimini geyəcək. Səhv başa düşdünüz. Mən pal-paltarı nəzərdə tutmurdum. Sabah hər kəs 32 il öncəki görkəmində, yaşında və ruhunda olacaq! Ən gözəl geyimində!

Hamımız gedəcəyik. Bizi bu hala salanları, 30 ildə yaşadıqlarımızın baiskarlarını lənətləyə-lənətləyə. Müharibədən qayıdandan sonra yazmışdım, görmüşdüm deyə yazmışdım: Biz bir də dağıdılmış evlərimizə qayıdanda, viran qoyulmuş qəbristanlıqlarımızda yatan əzizlərimizi ziyarətə gedəndə lənətləyəcəyik erməniləri. Və bu, sonuncu “bir” deyil, sıradakı olacaq. Çünki bu qarğış dillərdə-ürəklərdə əbədi səslənəcək. Amma bir gözümüz nə qədər yaşlırdırsa, sabah o biri gözümüz ondan da çox sevincli olacaq!

O adam xoşbəxtdir ki, hisslərini etibar etdiyi yer var. Axır ki, bizim də “o yer”imiz var! O yer ki, bizə o hissləri doğulanda verdi. O hisslər ki, qəlbimizdə gizlətdik, oddan-sudan qoruduq. O yer ki, sabah əmanəti ona qaytaracağıq!

32 il öncə ölkənin hər yerinə dağılmış el-oba sabah ölkənin hər yerindən bir yerə – ana qoynuna, ata sığalına yığışacaq. Sabah böyüklərin yanında Seyidəhmədlidə doğulmayan, Seyidəhmədlidə məktəb partası arxasında oturmayanlar da olacaq. Və nə yaxşı ki, elə olacaq! Amma bəlkə də onlar heç vaxt bizim qədər seyidəhmədli olmayacaq...

Gözlərim önündə bir mənzərə var: sabah kimlər görüşməyəcək, ilahi! Çəpər qonşuları, sinif yoldaşları, dükançı, traktorçu, suçu, bərbər, həkim, poçtalyon, toyçalan, oxumuş, savadsız, “Hitleri güllələyən”, vəzifəli, vurub-yıxan, fağır – hər kəs, hamı – bütün kənd. Düz fikirləşirsiz. İndiyə onlar qalarmı?.. Amma ruhları ki, orda olacaq! Hamının ruhu kənddə olacaq – ölənin də, qalanın da. Bir kəndin ruhu sabah özündə olacaq! Elə bunları qulağıma pıçıldayan da o ruhdur, mən sadəcə, qələmə aldım.

Sabah kəndimizdə görüş var. Bir kənd dolusu həyəcan, bir dünya boyu duyğular. Bir el-obanın al-əlvan rəngi qayıdır. Bir ağ-qara dövr başa çatır! Yazsan bitər, danışsan qurtarar ki?... Yaxşısı bu deyilmi: qoy sözlər sussun, hisslər danışsın.

Bircə bunu da deyim: yayda yataqxanada tək qalan tələbə oğlan daha olmayacaq!