vaxtlı-vaxtında oxuyun! Cümə, 15 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
REGİON  
Rusiyanın olimpiya və dünya çempionu üsyan edir 23:05 | 14 may 2026 | Cümə axşamı Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiyanın olimpiya və dünya çempionu üsyan edir

Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”

ELTON, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bədii gimnastika üzrə Olimpiya (2016) və yeddiqat dünya, dördqat Avropa çempionu, Bakıda keçirilən Avropa oyunlarının qızıl və gümüş mükafatçısı Marqarita Mamun jurnalist Vitya Kravçenkoya yeni müsahibə verib.

 Onlar iki il əvvəl də söhbət etmişdilər. Həmin vaxt Mamun demişdi ki, daha çox söz demək istəyir, lakin qorxur. Bu dəfə isə o, müharibəyə qarşı açıq mövqe sərgiləyib və Rusiyada vəziyyətin getdikcə daha da pisləşdiyini bildirib.

Bununla belə, Mamun ölkəni tərk etmək istəmir və Rusiyada yaşamağa davam edir. Müsahibə Marqaritanın atasının vətəni olan Banqladeşdə lentə alınıb.

VAXT.AZ çempionun müsahibəsindən əsas sitatları təqdim edir.

 

Müharibə və arzuları haqqında

 

“İnsani, ən sadə və əsas istəklərim haqqında danışa bilmədiyim üçün özümü çox pis hiss edirəm. Mənə elə gəlir ki, bunu deməyin nəticələri ola bilər.

Mən demək istəyirəm ki, azadlıq arzulayıram — həm şəxsi azadlığımı, həm də cəmiyyətin azadlığını. Söz azadlığını arzulayıram. Müharibənin bitməsini arzulayıram. İnsanların ölməsini dayandırmasını istəyirəm. Hər gün bu dəhşətli xəbərləri görməmək istəyirəm.”

 

Abortlarla bağlı

 

“Başqalarının mənə bədənimlə nə etməli olduğumu deməsi məni içimdən parçalayır.

Mənə deyəndə ki, abort yalnız zorakılıq və ya tibbi göstəriş olduqda mümkün olacaq, özümü müdafiəsiz hiss edirəm. Məni içinə saldıqları bu daxili klaustrofobiyadan, bu azadsızlıq hissindən boğuluram.”

“Onlar hesab edirlər ki, bu, demoqrafiyaya təsir göstərəcək. Amma Sovet İttifaqı təcrübəsinə və bu sahədə çalışan tarixçilərin, alimlərin fikirlərinə baxsaq, bunun doğum səviyyəsinin artmasına heç bir təsiri yoxdur. Abortlar qalacaq, sadəcə gizli və qanunsuz olacaq.”

 

Məişət zorakılığı haqqında

 

(Fiqurlu konkisürən Yelizaveta Tuxtamışevanın bu mövzuya həsr etdiyi çıxışla bağlı suala cavabında)

“Bəli, görmüşəm. O, çox ağıllı qızdır. Məişət zorakılığı qurbanlarının səsi yoxdur. Onlar bunu nə yaxınlarına, nə də ətrafındakı insanlara deyə bilirlər.

Bizdə hələ də məişət zorakılığı haqqında qanun yoxdur. Qurbanlardan daxil olan müraciətlər işlənə bilmir, çünki belə bir qanun mövcud deyil. Qarşısının alınması mexanizmi yoxdur, cəza tədbirləri yoxdur, tənzimləmə vasitələri yoxdur. Sadəcə belə deyirlər: ‘Ay, bunlar sizin ailədaxili problemlərinizdir.’

Bu problem ciddi şəkildə kiçildilir və dəyərsizləşdirilir. İnsanlar nəyi gözləməlidir? “Öldürüləndən sonra gələcəksiniz?””

 

Rusiyanın qaranlığa qərq olması

 

“Məndə belə bir hiss var ki, bizdə vəziyyət getdikcə daha da pisləşir. Burada məhdudiyyət, orada məhdudiyyət. Burada şikayətlər, orada şikayətlər.

Mən diqqətimi hər şeyin daha yaxşı olmalı olduğuna yönəltmək istəyirəm. Zorakılıq qaranlıqdır. Hüquqların qadağan edilməsi də qaranlıqdır.

Mən bu qaranlığın bizi tamamilə bürüməsini istəmirəm. Qorxuram ki, bu baş verəcək. Əslində bu artıq baş verir”.

 

Rusiyada insanların öyrəşdikləri

 

“Bloklamalara və məhdudiyyətlərə. Bu, bizi o vəziyyətə gətirib çıxarıb ki, indi Moskvanın mərkəzində və digər şəhərlərdə insanların internetə çıxışı yoxdur. Yalnız mobil rabitə və zənglər qalır. Bəzi hallarda hətta bunlar da işləmir. Mən buna öyrəşmək istəmirəm. Belə olmamalıdır.

Bu konformizm məni qorxudur. İnsanların çox tez uyğunlaşması məni narahat edir. Bu, hətta uyğunlaşma deyil, barışmaqdır”.

“İnsanların belə deməsi məni çox məyus edir: ‘YouTube bağlanıb? Onsuz da baxmırdım.’

“YouTube”a baxmamaq sənin hüququndur. Amma seçim imkanın olmalıdır.

Sən “YouTube”a baxmaya bilərsən, amma orada çalışan, həmin platformada təhsil alan insanların bu imkanının əlindən alınması səni narahat etmirmi?

Sabah sənin üçün həyati əhəmiyyət daşıyan imkan da sual altına düşə bilər”.

 

Rusiyada təhlükəsizlik hissi yoxdur

 

“Mən özümü müdafiəsiz hiss edirəm. Özümü təhlükəsizlikdə hiss etmirəm, çünki polis və məhkəmə kimi strukturlar əvvəlcədən mənim tərəfimdə deyil.

Yol polisi əməkdaşlarının yanından keçəndə həmişə hansısa problem olacağını gözləyirəm. Elə bilirəm ki, özümü müdafiə etməli olacağam.

Onlar yüksək səslə dinlədiyim musiqiyə irad tuta bilərlər. Telefonumu yoxlamaq istəyə bilərlər, halbuki buna heç bir hüquqları yoxdur.

Sanki sən artıq nədəsə günahkarsan. Bu çox ağır hissdir. Mən bu hissə nifrət edirəm, amma bunu hər dəfə yaşayıram”.

 

Altı yaşlı oğlu ölkədən getmək istəyir


“Son iki ildə o, “YouTube”a daxil olmaq üçün VPN-i özü açır. Uşağın etməməli olduğu şeyləri edir. “Roblox”a qoyulan məhdudiyyət onu çox məyus etmişdi. Bir gün mənə yaxınlaşıb sadəcə dedi: “Mən buradan getmək istəyirəm”.

Sonra soruşdu: “Biz niyə hələ də buradayıq?”

Əlbəttə, mən ona deyirəm ki, burada dostların var, burada mənim dostlarımın bir hissəsi var, burada nənən, baban, anan yaşayır. Sən bunların hamısını tərk etməyə hazırsanmı? O isə susur”.

 

Rusiyada qalmaq qərarı

 

“Niyə mənim ölkəmi, vətənimi əlimdən almaq haqqınız olsun? Mən burada yaşamaq istəyirəm. Mən getmək istəmirəm. Onlar onsuz da çox şeyi əlimizdən alıblar — gələcəyi, imkanları, azadlığı. İndi bunu da alacaqsınız?

Hələlik hiss edirəm ki, nəyisə dəyişmək üçün gücüm var.

Biz ölkədən getmək variantını ümumiyyətlə nəzərdən keçirməmişik.”