vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 5 yanvar 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ANALİZ  
Venesuela – sosializmin sonuncu viranəsi... 14:29 | 4 yanvar 2026 | Bazar Məqaləyə 25 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Venesuela – sosializmin sonuncu viranəsi...

... Padşahı yatağında oğurlanan neft ölkəsinin hekayəti

İlham ŞABAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Venesuelada neft 1914-cü ildə aşkarlanıb və qısa zamanda hasilatı həyata keçirilib. 1920-ci illərin əvvəlində Britaniya-Hollandiya şirkəti “Royal Dutch Shell”in “La Rosa” yatağında böyük neft kəşf edilməsi ilə Venesuela dünya neft sənayesinə qədəm qoyur.

Hasilat sürətlə artaraq 1929-cu ildə ildə 137 milyon barrel səviyyəsinə yüksəlir və ABŞ-dan sonra Venesuela dünyada ikinci yerə çıxır. Venesualada neft hasilatının zirvə göstəricisi 1970-ci ildə qeydə alınıb- gündə ortalama olaraq 3,8 milyon barel. 1976-cı ildə Venesuela dövlət neft şirkəti (PDVSA) yaradılıb.

1997-ci ildə Venesuela gündəlik 3,45 milyon barel neft istehsal edirdi. İstehsalçılar arasında Qərb şirkətləri çoxluq təşkil etsələr də ən böyük oyunçu ABŞ-nin Chevron şirkəti idi.

Amma 1998-ci ildə Venesuelada seçki yolu ilə hakimiyyətə keçmiş hərbçi, 1992-ci ildə uğursuz hərbi çevrilişə cəhd edən, 1980-ci illərdən gizli marksist-inqilabçı hərəkat yaradan sosialist Uqo Çaves gəlir və 1999-cu ildə konstitusiyanı dəyişir.. 

O, az keçmir ki, ölkənin inkişaf kursunu 180 dərəcə döndərir və yuxarıdan inqilab etməyə başlayır: hər şey zəhmətkeş xalqın rifahı üçün, hər şey sosializmin tərənnümü naminə..

...və bu arzuların gerçəkləşdirilməsi üçün başlayır Qərb şirkətləri sıxışdırılmağa, önə keçir Venesuelanın dövlət neft şirkəti PDVSA.. bir qədər keçir və neft-qaz sənayesi milliləşdirilir, sərvət tam cəmlənir dövlətin əlində.

Həmin sərvət hesabına masştablı sosial proqramlar həyata keçirilməyə başlanır: bunlar camaatın xoşuna gəlir. XXİ əsrin ilk onilliyində neft qiymətləri artırdı və dövlət neftdən külli miqdarda gəlirlər əldə edirdi, buna görə də "xalq naminə" həyata keçirilən layihələrin maliyyələşməsi heç də çətin deyildi. Bu baxımdan Çavesin özü də, sosialist ideyaları da populyar idi.

Amma meydanda bir qüvvə olanda, rəqabət (fikirdə, əməldə və işdə) arxa plana keçirilən zaman önə KORRUPSİYA çıxır (eynilə Sovet dövründə yaşananlar) və dövlət malının oğurlanması bir qədər sonra məmurlar üçün adi hal alır və başlanır sosial eniş (narazılıqlar) dövrü. 2011-cü ildə neft qiymətlərinin dünya bazarında növbəti yüksəlişinə baxmayaraq Venesuelada artıq sosial layihələrin effekti şişirdilmiş bürokratiya, oğurlanan vəsaitlər ucbatından insanları razı salmağa yetərli olmur. Baxmayaraq ki, 2013-cü ildə Uqo Çavesin xərçəngdən dünyasını Kubada dəyişən zaman Venesuelanın ümumi ixracında neftin payı 96% təşkil edirdi.

Sonrakı illərdə həm neft hasilatı azalmağa başlayır, həm də neft qiymətləri iki dəfəyədək ucuzlaşır və Venesuelanın məşəqqətli günləri gündəmə gəlir.

Belə dövrdə ölkənin siyasi sükanını ələ alan isə Maduro olur.. çünki o hakimiyyətə 13 il əvvəl məhz administrativ resur (Çavesin ölümü ilə hakimiyyət müvəqqəti olaraq ona həvalə edilmişdi) hesabına yiyələnə bilmişdi.

Maduronun hakimiyyəti  ağır iqtisadi şərait və xalqın günlərlə, aylarla etiraz mitinqləri ilə yadda qalmış, ölkə hiperinflyasiya dövrünə qədəm qoymuş, vətəndaşlar çıxış yolunu kütləvi şəkildə ölkəni tərk etməkdə görmüşlər. BMT-nin apardığı statistikaya görə, Maduro hakimiyyəti dövründə ölkəni 7,9 milyon vətəndaş tərk edib ki, bu da dünya miqrasiya tarixinin ən böyük faciələrindən biridir.

Maduro hakimiyyətə bismillah edəndən ölkədə hər şeyin qıtlığa çevrilməsi adiləşib və sonradan 3 rəqəmli inflyasiya təəccüblü bir şey hesab edilməyib, çünki hiperinflyasiya dərəcəsi ilbəil dünya rekordlarını yeniləyib. Nəticədə 2018-ci ilin yekunu olaraq ölkədə 1,3 MİLYON FAİZ dərəcəsində inflyasiya qeydə alınıb. Müqayisə üçün deyim ki, Azərbaycanda ən ağır il olan 1993-də inflyasiya 1680% idi.

Və.. artıq Maduronun xəzinəsi hesab olunan PDVSA şirkəti kapital qoyuluşlarına vəsait ayıra bilmədiyindən hasilat 300 min barel səviyyəsinədək azalmışdı. Diqqət etdinizmi: sosialistlər hakimiyyətə gəlməzdən öncə gündəlik hasilat Venesuelada 3,45 milyon barel idi - azalma 10 dəfə..

Düzdür, 2025-ci ilin yekunlarına görə hasilatı təqribən 900 min barel səviyyəsinədək artırmaq mümkün olsa da (Çin və Rusiya şirkətlərinin yardımı hesabına), ixracın 85%-i yalnız bir dövlətə – Çinə tuşlanmışdı. Çin isə nefti bazar qiymətlərinə görə almırdı: 1 bareli üçün $25-28 qiymətə razılaşırdı (o zaman ki, Brent markalı neftin orta qiyməti $65 ətrafında idi). Yerdə qalan bir hissə isə Kubaya gedirdi (o isə ümumiyyətlə pulla almırdı, dəyiş-düyüş mübadilələri).

Venesuela isə uzun illərdir ehtiyatların həcminə görə dünyanın 1 N-li neft ölkəsi sayılır - 300 milyard barel.

Yəni məsələ sərvətin həcminə bağlı deyil, ölkənin maraqları ilə bazar iştirakçıları arasında KÖRPÜ yaratmağa bağlıdır, özü də həmin körpünün dayanıqlığı üçün gərək dörd bir tərəfindəki oyunçularla DİL tapa da biləsən.

Bu baxımdan Azərbaycanın üstünlüyü ondadır ki, biz həm coğrafi ölçülərimizə, həm ehtiyatlarımızın həcminə görə kiçik ölkə olsaq da, amma müstəqillik illərimizdə sərvətlərimizin KAPİTALA çevrilməsi və qlobal bazarlarla kommunikasiya yaradılmasına çox ciddi yanaşmışıq. Hər zaman addım-addım irəliləmişik.

Amma Venesuelada və qonşumuz neft-qaz ölkəsi İranda (o cümlədən şimal qonşumuz, Çar və Sovet İmperiyaları dövründən qazlı gəzən, amma indi qazını satmağa bazar tapmayan Rusiya) bu gün baş verənlərə də ciddi nəzər yetirməliyik (1 dollar verib 1 milyon rial almaq üçün insanlar didir bir-birlərini). Çünki görürük ki, tarix boyu ölkələrin dayanıqlığı məhz xalqın (vergiödəyicilərin) gün-güzəranı, dolanışığına bağlıdır.