vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 23 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
KİNO-TEATR  
Günü 7 rubla yaradılan obraz ... 08:11 | 23 aprel 2026 | Cümə axşamı Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Günü 7 rubla yaradılan obraz ...

... Yaxud kolxoz sədri Cəbrayıldan qaraçı Budulaya

Vasif AYAN

1979-cu ildə ekranlara “Qaraçı” filmi çıxdı. Filmdə baş rolları Budulay obrazında çıxış edən Mixay Volontir və onun sevdiyi qadın Klavdiyanı canlandıran Klara Luçko oynayırdı.

Nə yaradıcı heyət, nə də baş rol ifaçıları ekranlaşdırmanın bu qədər uğur qazanacağını gözləmirdi. Əslində ssenariyə görə baş qəhrəman dördüncü seriyanın sonunda ölməli idi. Lakin tamaşaçı marağına görə ssenaristlər hekayəni yarımçıq bitirməmək qərarına gəldilər və 1986-cı ildə “Budulayın qayıdışı” adlı davam filmi ekranlara çıxdı.

Volontir və Luçko o qədər təbii və inandırıcı oynayırdılar ki, tamaşaçılar onları dərhal evli hesab etdilər. İnsanlar inanmaq istəmirdi ki, sevən iki insanı bu qədər real oynamaq mümkündür — deməli, kadr arxasında da nəsə var idi. Kadr arxasında isə uzun illərə dayanan möhkəm dostluq var idi.

Maraqlıdır ki, rejissor Aleksandr Blank Budulay roluna əvvəlcə Nikolay Sliçenko və Armen Ciqarxanyanı sınaqdan keçirmişdi, lakin onlar bu obrazda onu qane etməmişdi. Məhz o zaman Klara Luçko Moldovadan olan həmkarını xatırladı — onunla birlikdə “Həyatın kökü” filmi üzərində çalışmışdı.

Klara Stepanovna Volontirin fotosunu rejissora göstərdikdən sonra, o dərhal köməkçisini Kişinyova göndərdi. Aktyor tərəddüd etmədən razılıq verdi, çünki aktrisa ilə yenidən işləməyi çox istəyirdi. Onun qonorar isə çox az idi — çəkiliş günü üçün cəmi 7 rubl. Luçko isə Sovet kinosunun ulduzu olduğuna görə 40 rubl alırdı. Maraqlıdır ki, Mixay Yermolayeviç “xalq artisti” adını Klaradan bir il əvvəl — 1984-cü ildə almışdı. Amma nə fəxri adlarda, nə də qonorar məsələsində Volontir və Luçko heç vaxt rəqabət aparmırdılar — yaxşı film naminə hər ikisi hətta pulsuz da çəkilməyə hazır idilər.

Qeyd edək ki, “Qaraçı” filminin uğurundan sonra moldovalı aktyora əlavə qonorar da verildi. İllər sonra, aktyorun tibbi yardıma ehtiyacı olanda, məhz Klara Luçko “Birinci kanal”da tok-şouda çıxış edərək tamaşaçıları ona kömək etməyə çağırdı. Beləcə, əməliyyat üçün lazım olan vəsait toplandı.

Təqaüd illərində Mixay Yermolayeviç bir sıra ağır xəstəliklərdən əziyyət çəkirdi. Ən ciddi xəstəlikləri onkoloji xəstəlik və diabet idi; bu səbəbdən o, demək olar ki, görmə qabiliyyətini itirmişdi. Buna baxmayaraq, mübarizəni davam etdirirdi və hətta Klara Luçkodan 10 il çox yaşadı. Onun yanında daim həyat yoldaşı Yefrosinya Alekseyevna olur, hər işdə ona dəstək verirdi.

Volontir 2015-ci ildə, Luçko isə 2005-ci ildə vəfat edib. O, 81, aktrisa isə 79 yaşında dünyasını dəyişib. Aktrisa sağ olduğu müddətdə Volontirin ailəsi ilə sıx əlaqə saxlayırdı. Bu isə göstərir ki, aktyor mühitində təkcə paxıllıq və rəqabət deyil, həm də səmimi və möhkəm dostluq mövcuddur.

Xatrladaq ki, Mixay Volontir təkcə Azərbaycan kinosevərlərinə 1975-ci ildə ekranlara çıxan “Tütək səsi” filmində yaratdığı kolxoz sədri Cəbrayıl obrazı ilə tanışdır.