vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
12:18 | 10 avqust 2017 | Cümə axşamı Məqaləyə 1790 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrəvan Qərbin qucağına girərsə...

Politoloqlara görə, Rusiyanın zəifləməsi region dövlətləri, o cümlədən Azərbaycan üçün faydalıdır, lakin...

Əli RAİS

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya ilə Qərb arasında gərginlik artır. Qərbdən gələn sanksiyalarla sıxılan Rusiyanın iqtisadiyyatı da ötən illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə zəifləyib. Ekspertlər hesab edirlər ki, Qərb çalışır ki, Rusiyanın hegemon güc olmasının qarşısını alsın.

Bəllidir ki, Rusiyanın illərdir ən çox maraq göstərdiyi region Cənubi Qafqazdır. Rusiya hər zaman region ölkələrinə təzyiqlər edib, onların müstəqil formada inkişafına süni maneələr yaradıb. O cümlədən Azərbaycanın da torpaqlarının 20 faizini işğal edən Ermənistan bəllidir ki, Rusiyanın bölgədəki maşasıdır. Hesab olunur ki, Rusiyanın zəifləməsi ilə Azərbaycan işğal altındakı torpaqlarını geri qaytaracaq. Digər bir qisim ekspertlər isə bildirirlər ki, əgər Rusiya regiona nəzarət gücünü itirərsə, Ermənistan bu dəfə Qərbin ağuşuna girəcək. Son zamanlar rəsmi İrəvanın Qərbə doğru meylləndiyi də açıq şəkildə görünür.

Politoloq Hikmət Hacızadə «Yeni Müsavat»a bildirdi ki, Rusiyanın zəifləməsi bütün postsovet ölkələri üçün faydalıdır: «Rusiya ilə Qərb arasındakı gərginlik Rusiyanın yaratdığı problemlərin həll edilməsinə qədər davam edəcək. Bu problemlər Ukraynanın şərqində, Gürcüstandakı vəziyyət və digər bu kimi məsələlərlə bağlıdır. Bax, bu məsələlər həll edilməyənə qədər təzyiqlər davam edəcək. Rusiya zəiflədikdə isə əlbəttə ki, bunun ümumən bütün keçmiş sovet respublikalarına faydası olacaq, o cümlədən də bizə. Bəlkə Ermənistan da Avropa tərəfə hərəkət etdi, ancaq bunun özü də bizim üçün faydalı olacaq. Əvvəla, Rusiya olmasa, biz özümüz Ermənistanla bacaracağıq. İkincisi də Qərb tələb edəcək ki, Ermənistan işğal etdiyi torpaqları boşaltsın və beynəlxalq səviyyədə tanınan Azərbaycanın sərhədləri bərpa olunsun. Əlbəttə ki, o zaman Azərbaycan demokratik ölkə olmalıdır».

Politoloq Mübariz Əhmədoğlu isə dedi ki, Ermənistanın Qərbin ağuşuna girməsi istiqamətinsə siyasət aparması realdır: «Hazırda Ermənistanın siyasi kursu məhz bu istiqamətdədir və NATO ilə xüsusi münasibətləri də var. Ermənistan yaxşı başa düşür ki, onun NATO-nun təlimlərinə qatılması Rusiyanın xoşuna gəlmir. Ancaq buna baxmayaraq təlimlərdən geri qalmır. Amerika və Böyük Britaniya hərbiçiləri də Ermənistana gəlib, orada təlimlər keçirdilər. Bu da nəzərə alınmalıdır ki, Qarabağ münaqişəsinin yaranmasının səbəbkarı ABŞ-dır. 1987-ci ildə ABŞ Dövlət Departamentinin SSRİ xarici işlər nazirinə, Mixail Qorbaçova yazdığı məktubları oxuduqda, hər şey bəlli olur. 1989-cu ilin iyun və noyabr aylarında ABŞ konqresi Dağlıq Qarabağla bağlı 2 qətnamə qəbul edib. Həmin qətnamələrdə Qorbaçovdan tələb olunurdu ki, separatizmi yaradan adamlarla danışıqlar masasında otursun. Ancaq Azərbaycanı tanıdıqdan sonra ABŞ ermənilərə verdiyi dəstəyi azaltdı. Təxminən 1994-cü ildən sonra ABŞ müəyyən qədər Azərbaycanın gücünə inandı. İndi də Qərbin Ermənistana və ya Ermənistanın Qərbə olan yaxşı münasibətinin reallaşması üçün uzun zaman lazımdır. Nəzərə almaq lazımdır ki, Ermənistan bu gün Qərbin ağuşuna girmək istəsə də, Qərb onu qəbul edəcək deyə bir şey yoxdur. Bu, inandırıcı görünmür. Qərbin Ermənistanla əlaqələri o zaman güclü olacaq ki, həmin əlaqələr Türkiyə üzərindən qurulsun. Çünki Rusiyadan ayrılan Ermənistanın Qərblə əlaqələrinin hansı səviyyədə olacağı Türkiyədən asılıdır».

Politoloq qeyd edib ki, Türkiyə bu gün Ermənistanla Qərbin əlaqələrinə tam dəstək verir: «Bunu ermənilər də deyirlər ki, əgər Türkiyə istəsə, istənilən anda NATO-nun Ermənistana etdiyi yardımları dayandıra bilər. Ona görə də zaman baxımdan Ermənistanın Rusiyadan ayrılaraq Qərbin himayəsinə girməsi hələ ki yaxın müddət üçün gözlənilmir. ABŞ-la Rusiya arasındakı gərginliyin Dağlıq Qarabağ məsələsinə ən böyük təsirləri yaxın 2-3 il ərzində özünü göstərə bilər. Ümumi götürəndə bu gərginlik iki anlamda Azərbaycanın xeyrinədir. Əvvəla, Ermənistan hədsiz dərəcədə yalançıdır və orada yalan, prezident səviyyəsində danışılır. Qərb dövlətləri isə ağıllarına gətirmirlər ki, ölkə prezidenti yalan danışa bilər. Lakin onlar onu da bilmirlər ki, Sarkisyan heç doğru danışa bilmir. Ona görə də Serj Sarkisyan hər iki tərəfi aldada bilirdi. İndi isə Amerika və Rusiya arasında gərginliklər fonunda Sarkisyanın yalanları yeriməyəcək. Bu baxımdan yaranmış vəziyyət bizim üçün faydalıdır. Eyni zamanda ABŞ-la Rusiya arasında sanki razılaşma var ki, Dağlıq Qarabağ məsələsini həll etməsinlər. Bu iki gücün arasında gərginlik yarandıqda isə həmin konsensus da pozulacaq. İkincisi, ABŞ-la Rusiya arasında gərginlik olacaqsa, hər ikisi çalışacaq ki, Cənubi Qafqaz regionunu özünə tərəf çəksin. Bu zaman region dövlətlərinə təzyiqlər ediləcək. Azərbaycanın isə həm ABŞ, həm də Rusiya tərəfindən təzyiqlərə dözümü var. Ermənistanın isə belə bir üstünlüyü yoxdur və ona görə də ola bilər ki, bu məqamda Ermənistan ümumiyyətlə, dövlətçiliyini itirəcək. Azərbaycan həm Rusiya, həm də ABŞ-dan gələn təzyiqləri dəf etdikdən sonra hər iki tərəflə artıq Cənubi Qafqaz regionunun lider dövləti kimi münasibətlərini quracaq. O mənada hətta mümkündür ki, ABŞ Azərbaycanda «iskəndər»i neytrallaşdıran müəyyən silahlar təklif etsin. Yəni gərginlik, bax bu dərəcəyə qədər arta bilər».

M.Əhmədoğlu hesab edir ki, hazırda Rusiya ABŞ-la olan münasibətlərinin gərginliyində maraqlıdır: «Çünki hesab edirəm ki, Trampın prezident seçilməsi zaman baxımından heç də uyğun deyil. Tarixdə ilk dəfədir ki, Amerikanın ərazisi Koreya Xalq Demokratik Respublikası tərəfindən raketlə vurula bilər. Rusiya artıq Koreyaya humanitar yardım adı ilə ərzaq da göndərir. Rusiya bununla ABŞ-la aralarındakı gərginliyi daha uzun müddətə aparmağa hazırlaşdığını göstərir. Çox təəssüf ki, Amerikanın elitası Rusiya tərəfindən aparılan siyasəti görmür. Rusiya bu gün müvəqqəti olaraq itirsə də, strateji olaraq ABŞ-ı dünyanın siyasi liderlik kürsüsündən saldıqdan sonra yenidən itirdiklərini qazanmağa başlayacaq. Nə qədər ki, Putin hakimiyyətdədir, ABŞ və Rusiya münasibətləri normallaşmayacaq».