vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
08:52 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 2181 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İşğal haqqında qanun yenidən gündəmdə

«Ermənistanın Azərbaycana təcavüzü barədə qanun layihəsinə ciddi ehtiyac var»

Cavanşir ABBASLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna prezidenti Petro Poroşenko Donbasın reinteqrasiyası haqqında qanunun qüvvəyə minməsindən sonra Donetsk və Luqansk vilayətlərinin rayonlarında yerli muxtariyyətin xüsusi statusunu uzatmağı təklif edib. Onun bununla bağlı Ali Radaya göndərdiyi qanun layihəsi qəbul olunub və Rusiya rəsmən işğalçı dövlət adlandırılıb.

Qanun layihəsində Donetsk və Luqansk vilayətlərində Kiyevin nəzarətində olmayan ərazilər üzərində Ukraynanın suverenliyinin təminatı üzrə dövlət siyasətinin xüsusiyyətləri yer alıb. Bundan başqa, qanun layihəsinə əsasən, hədəf Kiyevin dövlət siyasəti onun nəzarətində olmayan ərazilərin azad edilməsi və konstitusiya quruluşunun yenilənməsindən ibarətdir. Sənədin layihəsində deyilir ki, bu sahədə siyasət hamının qəbul etdiyi prinsiplərə, beynəlxalq hüquq normalarına və Ukraynanın milli qanunvericiliyinə əsaslanmalıdır. Sənəddə göstərilir ki, Donetsk və Luqansk vilayətlərində «müvəqqəti işğal» qeyri-qanunidir. Qeyd edilir ki, Rusiya Ukraynaya qarşı silahlı təcavüz həyata keçirir, Rusiya Donbasın işğal edilmiş ərazilərində onun silahlı qüvvələri və başqa hərbi birləşmələrlə işğal hakimiyyəti qurub.

Qeyd edək ki, bu tipli qanun layihəsi Rusiyaya qarşı Gürcüstanda da qəbul olunub. Gürcü parlamenti ölkənin Kreml tərəfindən 2008-ci ildə işğal edilən Cənubi Osetiya və Abxaziya ərazilərinə görə şimal qonşumuzu təcavüzkar ölkə kimi tanıyıb.

Ukraynada qəbul edilən son qanun layihəsi Azərbaycanda da bu məsələni gündəmə gətirib. Belə ki, ölkəmizin qanunverici orqanı indiyə qədər Dağlıq Qarabağın işğalına görə Ermənistanı işğalçı dövlət tanıyan belə Ukrayna və Gürcüstan tipində qanun layihəsi qəbul etməyib. Belə sənədin əhəmiyyətinin nə qədər yüksək olmasına baxmayaraq, bu məsələdə sanki bir boşluq var. Bu da bir sıra suallara yol açır.

İqtidaryönlü deputat Zahid Oruc bildirdi ki, son 20 ildə Ermənistanın işğalçılıq siyasətini sübut edən Azərbaycan tərəfdən qəbul edilmiş onlarla akt göstərmək olar: «Xocalı faciəsi ilə bağlı müzakirələrdə, qəbul edilmiş aktlarda, ölkə başçısı tərəfindən imzalanmış soyqırım və digər sənədlərdə qeyd etdiyiniz silahlardan geniş şəkildə istifadə olunub. Azərbaycan əslində Ermənistanı rəsmən işğalçı dövlət kimi elan edib. Bununla yanaşı, dediyiniz məsələyə yanaşmada çox müxtəlif mövqelər var. Biz zamanında parlamentdə işğal olunmuş Azərbaycan əraziləri haqqında qanun layihəsi təklif etmişdik. Qeyd etdiyimiz məsələdə daha çox Gürcüstan nümunəsinə istinad etməyin tərəfində idik. Burada söhbət işğal faktına hüquqi qiymət verməkdən getmir, onsuz da bunlar keçmişdə kifayət qədər edilib. Hətta yaxşı xatırlayıram ki, ulu öndər Heydər Əliyevin parlamentə rəhbərlik etdiyi qısa müddətdə qəbul edilmiş sənədlərdə Ermənistanın adı qeyd etdiyimiz kimi keçir. Eyni zamanda qondarma rejimə qanunsuz səfərlər, iqtisadi əlaqələr, maliyyə məsələləri, ora göstərilən xarici yardımlar və diplomatların səfərləri, tanınmayan subyektin xarici məkanda özünə diplomatik korpus açması, başqa ölkələrin parlamentləri, hətta dövlətləri ilə münasibətlərin qurulması ilə bağlı edə biləcəklərimiz barədə hüququ akt təklif etdik. Hörmətli həmkarımız Qüdrət Həsənquliyev bunu şəxsən qanun layihəsi formasında hazırlayaraq parlamentin aparatına təqdim etmişdi. Baxış bir qədər fərqli oldu, çoxsaylı diskussiyalar getdi. Amma sonunda nəticə olmadı. Ukraynada Ali Radanın birinci oxunuşundan keçmiş sənəd hazırkı hərbi şəraitə hüququ diaqnoz qoyur. Eyni zamanda bir sıra dövlət orqanları qarşısında konkret vəzifələri müəyyən edir».

Deputat hesab edir ki, Ukraynada qəbul edilən bu sənəd prosesləri bir qədər də uzadır: «Qanunun hazırlanıb qəbul edilməsi ölkəni işğal təhlükəsindən azad etmir. Bəlkə də prosesləri bir qədər də uzadır. Lakin digər tərəfdən, bu məsələlərlə bağlı mütləq qanunvericilik aktına ehtiyac var. Onu  xüsusilə qeyd etməyi vacib sayıram ki, burada başlıca hədəf hərbi qüvvələrə, dövlətin siyasi strukturlarına konkret zaman çərçivəsində vəzifələr qoyması deyil. Bu hüquqi müddəaları müxtəlif ölkələrin parlamentlərində qəbul etdirmək, Avropada konfliktlər üzrə ixtisaslaşmış strukturlarda daha çox dəstək qazanmağa xidmət edən strategiyanın tərkib hissəsi kimi seçmək olar. Yəni Ermənistanın Azərbaycana təcavüzünü özündə ehtiva edən sənəd mütləq olmalıdır. Bunu qeyd etdiyimiz müxtəlif bəyannamələrdən, aktlardan, digər normativ sənədlərdən çıxararaq qanun halına gətirməliyik. Bu da bizim xarici siyasətdə özünü geniş şəkildə təsbit etməlidir ki, Ermənistanın təcavüzkar dövlət kimi tanınması müxtəlif ikitərəfli münasibətlərimizin ayrılmaz hissəsinə çevrilməlidir. Çox arzulayıram ki, müxtəlif dövlətlərlə imzalanan razılaşmalarda, müqavilələrdə o bəndlər yer alsın ki, həmin dövlətlərin iqtisadi qurumlarının, fiziki şəxslərinin Qarabağa getməsini onlar qəbul etmirlər, bununla bağlı Azərbaycanla razılaşmaya gedirlər. Bunları qeyd etdiyiniz qanunun tərkib hissəsi kimi qəbul edə bilərik. Bu baxımdan, mütləq Ermənistanın Azərbaycana təcavüzü barədə qanun layihəsinə ehtiyac var. Amma bütün bunlar müxtəlif qüvvələrin iddia edə biləcəyi, yaxud iddia etdiyi kimi indiyə qədər sənədin olmaması anlamına gəlmir. Ermənistan Azərbaycanın müxtəlif sənədlərində işğalçıdır. Lakin qeyd etdiyiniz digər yaranmış vəziyyəti tənzimləmək üçün mütləq belə bir sənədin qəbulu vacibdir».