vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AKTUAL  
09:02 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 2190 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bütün millətin başına-dizinə döyməsindənsə...

«Keçənə güzəşt» deyiblər

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu günlərin söhbətidir. Şəhərdə bir tanışıma rast gəldim. Bir az söhbətləşdik. Çox şeydən danışdı. Axırda demokratiyadan gileylənməyi də unutmadı. Dedi ki, əşi, bu demokratiya da bir şey deyil, bu yaxınlarda Ukrayna Radasında deputatlar yenə biri - birini qırırdılar...

Ona heç nə demədim. Birincisi, ona görə ki, artıq buna alışmışam, dost - tanış məni görəndə mütləq demokratiyadan gileylənməlidir, sanki bu  ölkədə demokratiyanın vəkili mənəm. İkincisi, yeni bir şey də deyilmədi və ən azı otuz ildir ki, bu söhbətləri eşidirəm.

Amma elə ondan uzaqlaşa-uzaqlaşa özüm - özümə «Bütün millətin başına - dizinə döyməsindənsə beş - üç deputatın parlamentdə biri - birini döyməsi daha yaxşı deyilmi?» - deyə pıçıldayırdım.

Deyim ki, bizim də yaxın siyasi tariximizdə qalmaqallı, dava - dalaşlı parlament illəri olubdur. O vaxtlar Rusiyanın və İranın təsir dairəsində olanların, ölkədəki qarışıqlıqdan istifadə edib «yorğan davası» aparanların və Azərbaycanı Rusiyadan ayrı təsəvvür etməyənlərin bizim parlamentdə necə cövlan etdiklərini xatırlayanda indi də bədənimdən üşütmə keçir, özümdən xəbərsiz yumruqlarım düyünlənir.

Amma yenə də həmin illəri faydasız hesab etmirəm. Ən azı ona görə ki, bir sıra insanlarımız bilavasitə parlamentdə və böyük siyasətin nüvəsində vuruşmaqla-çarpışmaqla, bizim kimi minlərlə gənc, orta yaşlı və ahıl insanlarsa kənardan onlara dəstək olmaqla axır istəyimizə çatdıq - Azərbaycan müstəqil oldu...

Hərçənd, bəziləri hələ də bu fikirdədirlər ki, bütün bunlar olmasaydı belə hər şey «OK» olacaqdı. Fəqət, belə deyil, elə- belə hətta toyuqlar da yumurtlamır.

Həm də o illər müəyyən parlamentarizm təcrübəsi illəri oldu. Güman, heç kim inkar etməz ki, o vaxt televiziyada ən çox izlənilən parlamentin iclasları idi.

Təəssüf, bütün bunlar davamlı olmadı. Əminəm, gec-tez parlament etikası məsələsi də öz yoluna qoyulacaqdı, deputatlar biri - birinə daha dözümlü olacaqdılar, hər şey prosedurlaşdırılacaqdı və parlamentin faydalı iş əmsalı da artacaqdı.

Amma təəssüf, olmadı. Nə etmək olar? «Keçənə güzəşt» deyib atalarımız. Sadəcə, bu illər ərzində hifz olunan, qorunan nəsə oldusa, o, da insanlarımızın bir qisminin demokratik üsul-idarəyə inamı oldu. Bəli, bəndəniz bu gün də hesab edir ki, demokratiyanın alternativi yoxdur və gec-tez yenidən həmin yola qayıdacağıq.

Bəli, əsas odur ki, itirdiklərimiz çox olmasın. İndi müəyyən azadlıqlar var, amma onlar çox təəssüf, institusional xarakter daşımırlar. Ən əsası söz və ifadə azadlığıdır. Hələ ki, sözümüzü deyə bilirik. Deməli, gələcəkdə bunu artırmaq da olar...

Daha bir vacib məqam da odur ki, demokratiyadan bədgümanlıq azalsın. Hamı başa düşsün ki, buranın da,  Allah eləməmiş, suriyalara, iraqlara çevrilməməsi, İŞİD-lərin - filanların buralara da yol tapa bilməməsi üçün bir şey lazımdır - demokratiya! İnsanların demokratik vərdişləri və təcrübələri artıqdıqca, cəmiyyətdə dialoq və əməkdaşlıq mədəniyyəti oturuşduqca radikallığa, qaraguruhçuluğa da meyl azalır və ya heç olmur.

Düzdür, indi demokratiyadan söz düşəndə çoxu deyir ki, əşi, görək, bir Qarabağ nə olur?!. Amma inanın, bunlar biri - birinə bağlı məsələlərdir, çünki demokratiya ölkənin həm də imicidir.

Baxın, Azərbaycanın dünya çapında bir multikultural və tolerant ölkə kimi tanınması ermənilərin çox bəhanələrini və iddialarını heç edir. Bura demokratiya da əlavə olunsa, daha ermənilərin bəhanə üçün bir arqumenti qalmaz, çünki onların daha bir bəhanəsi də odur ki, guya «demokratiya və azadlıqsevər erməni xalqı»na «avtoritar» Azərbaycanda yaşamaq çətindir!

Halbuki Ermənistanın özünün «demokratiyası» daha hiyləgər tərtibatdan başqa şey deyil. Seçkilərdə daha «inandırıcı» ədədlər yazmaqla dünya aldatdıqlarını düşünürlər. Reallıqda isə ölkəni avtoritar və kriminal hərbi rejim idarə edir.

O ki qaldı demokratiyanın «vaxt»ına, nə vaxt «yerinə düşməsi məsələsi»nə, inanın, biz ermənilərə gec- tez qalib gələcəyik. Buna heç  şübhəniz olmasın. Hətta siyasi, iqtisadi, hərbi və ya diplomatik vasitələr  onlara təsir etməsə belə bir gün hamısı paxıllıqdan qırılacaq...

Təbii, sonuncunu zarafat üçün dedim ki, azca könlümüz açılsın. Digər tərəfdən, niyə də yox? Məgər məmurlarımızın bir qismi demirlərmi ki, az qala, dünyanın yarısı bizə paxıllıq edir? Məntiqsə buyurur ki, həmin  paxılların cərgəsində ön sırada dayanan məhz ermənilərdir...

Nə isə, zarafat öz yerində. Amma iki şeyə inamınızı itirməyin. Biri bizim Qarabağdakı qələbəmizdir. İkincisi isə demokratiyadır...