vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
MÜSTƏVİ  
14:27 | 6 mart 2014 | Cümə axşamı Məqaləyə 4515 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Foqtsun yuxusu»

Avropada hər hansı bir ölkənin vətəndaşı olsaydım, bu məsələyə toxunmazdım

Rövşən ƏHLİMANOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Almanlar qəribə, həm də dəqiqliyi sevən millətdi. Nə yuxu gördülərsə, suya danışırlar və hamısı həyata keçir.

Berti Foqts da dünən Dubayda yatıb və qəribə yuxu görüb. Yuxusunda ABŞ yığmasının baş məşqçisi Jürgen Klinsmannı görüb. Görüb ki, onunla görüşür. Foqts da tənbəllik etməyib və su əvəzinə yuxusunu Elxan Məmmədova danışıb. AFFA-nın baş katibi isə öz növbəsində «nemes»in yuxuda gördüklərini çin etmək üçün yoldaşlıq görüşü təşkil etmək qərarına gəlib.

Filippinlə yoldaşlıq görüşündə «möhtəşəm» qələbə qazanan millimiz indi də ABŞ-la qarşılaşacaq. Çempionatın bitməsini gözləməyə səbri çatmayan Foqts Klinsmannla görüşmək eşqinə düşüb. Axı, macəra dolu Amerikada - San-Fransiskoda mundiala gedəcək «yankilər»ə əhval-ruhiyyələrini qaldırmaq, qapazlamaq üçün zəif rəqib lazımdı. Elə bu səbəbdən də Premyer Liqanın təqvimi yenə alt-üst olacaq və yenə də Peşəkar Futbol Liqası çempionatın təqvimini dəyişəcək.

Filippinə görə çempionatın qızğın vaxtında bir neçə turun vaxtını dəyişən PFL bu dəfə almanın yuxusunun qarşısında aciz qalıb. Bu haqda Ramin Musayev özü açıqlamasında bildirib: «Bir müddət öncə yığmamızın baş məşqçisi Berti Foqts final matçının vaxtını daha irəli tarixlərə salmağı xahiş etmişdi. O, millimizin mayın sonlarında yoldaşlıq görüşü keçirəcəyini bildirmişdi. Amma həmin vaxt komandamızın rəqibi və oyununun tarixi bilinmirdi. İndi isə mayın 27-də ABŞ-la San-Fransiskoda yoldaşlıq görüşünün keçiriləcəyi dəqiqləşib. Biz hər zaman millimizə şərait yaratmalıyıq. Həm yoldaşlıq görüşünü, həm də ABŞ-la 12 saatlıq fərqi nəzərə alaraq, final matçını mayın 21-də və ya 22-də keçirmək niyyətindəyik».

Düzdü, ABŞ kimi komandayla yoxlama görüşü maraqlı olacaq. Bu qarşılaşma hazırda daha çox amerikalıların işinə yarasa da, hər halda beynəlxalq təcrübə baxımından belə rəqib arzulanandı. Gəl ki, Foqts və Məmmədov bu oyunu indi planlaşdırmamalıydı. Normal futbol ölkələri kimi, bizim yığmanın da təqvimi çox öncədən bəlli olmalıydı. İndi birdən-birə belə matçın ortaya çıxması Premyer Liqanın təqvimini alt-üst edəcək, üstəlik mövsümün yekununda avrokuboklara vəsiqə, çempionluq üçün mübarizə aparanların narazılığına səbəb olacaq. Foqtsun qaynatdığı, Məmmədovun dəstək verdiyi təklif Musayevə başarı gətirəcək.

Görünür Musayev acizliyini hər zaman milliyə şərait yaratmaqla ört-basdır edir. Ya da hörmətli Ramin müəllim Foqtsa hörmət etdiyindən bu cür addım atır. Amma nə vaxta kimi Foqtsa hörmət edildiyinə görə Premyer Liqanın təqvimində sıxlıq olacaq və klublar əziyyət çəkəcək? Mart əziyyətindən indi qurtulan elita klubları mövsümün sonuna 2-3 tur qalmış yenidən xeyli tər tökməli olacaq. Belə ki, Premyer Liqanın təqviminə baxdıqda, mayın 2-3, 7-9, 16 və 21-də sonuncu turların oyunlarının olduğunu görərik. Bu isə 33, 34, 35 və 36-cı turlara təsadüf edir. Kubokun final oyununun mayın 21 və ya 22-nə salınacağı təqdirdə isə yenidən proqramda dəyişiklik olunacaq. Beləliklə, Foqts kef edəcək, PFL və klublar əziyyət çəkəcək.

Əgər mən Avropada hər hansı bir ölkənin vətəndaşı olsaydım, bu məsələyə toxunmazdım. Amma yerli klublarımızın 10 günə 3 oyun keçirəcək gücü yoxdu. Bu, hər kəsə məlumdu.

Deyilənə görə, Filippin yığması üzərində qələbəyə görə futbolçulara 15 min manat veriləcək. Görəsən, Klinsmannın komandası ilə görüşdən qalib ayrılsaq, bu məbləğ nə qədər olacaq? Təxmin etmək çətin deyil, yəqin ki, 50-60 min olar.

Hə, cənab Musayev, siz AFFA-nın binasındakı kabinetinizdə əyləşib sadəcə, deyilənlərə əməl və ya hörmət edin, xahişləri yerə salmayın, ayıbdı.  Siz səsinizi çıxartmayın, imkan verin, Foqts Azərbaycan futbolunu idarə etsin, pulunu qazansın. Necə deyərlər, yesin və yedirtsin. Amma bir xahişim var: siz Allah I divizionun təqvimini dəyişməyin, heç olmasa, onlar əziyyət çəkməsin.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)