vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
11:04 | 13 oktyabr 2017 | Cümə Məqaləyə 4466 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

UNESCO nədir?

ABŞ təşkilatı niyə tez-tez tərk edir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən cümə axşamı günü ABŞ, habelə İsrail UNESCO təşkilatını tərk etdiklərini bildiriblər. Bu hələ rəsmən baş verməsə də, gəlin, bu təşkilatın, ümumiyyətlə nə olduğunu, onun tarixini, məqsədlərini, habelə səbəb olduğu münaqişəli vəziyyətləri yada salaq.


UNESCO nədir?

 

Əvvəla UNESCO ingiliscə uzun bir adın qısaldılmış formasıdır: «United Nations Educational, Scientific and Cultural Organization» - BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı.

UNESCO-nun rəsmi işgüzar dilləri bunlardır: ingilis, ərəb, ispan, rus və fransız dilləri. Təşkilatın baş qərargahı Parisdə mənzillənir.

Hazırda bu təşkilata 195 ölkə daxildir. ABŞ öz statusunu dəyişərək müşahidəçi üzvə çevrildikdən və İsrail bu təşkilatı tərk etdikdən sonra həqiqi üzvlərin sayı 193 olacaq. Təşkilatın 10 müşahidəçi üzvü də var. Bunlar əsasən öz xarici siyasəti olmayan, məsələn Britaniyanın Virciniya adaları və Makao kimi ərazilərdir.

UNESCO-nun müşahidəçi üzvləri arasında Vatikan və Malta ordeni də var.

İsrail hələlik UNESCO-da hansı qisimdə təmsil olunacağını bildirməyib.

 

Təşkilat nə vaxt yaradılıb?


Hələ İkinci Dünya Müharibəsi illərində BMT-nin əsasını qoymuş ölkələr dinc dövrdə təhsil sisteminin bərpası barədə düşünürdü. Buna görə də müharibə qurtarandan sonra qərara gəlindi ki, təhsil və mədəniyyət məsələləri ilə məşğul olacaq qlobal təşkilat yaradılsın.

UNESCO-nun Nizamnaməsi 4 noyabr 1946-cı ildə 20 dövlət tərəfindən imzalanaraq qüvvəyə mindi.

SSRİ bu təşkilata yalnız 1954-cü ildə qoşulmuşdu. Buna qədər sovetlərin bu təşkilatın işinə qoşulmamasına səbəb bu olmuşdu ki, 1946-cı ildə UNESCO-nun təsis qurultayında təşkilatın yaradılmasının təxirə salınmasına dair Moskvanın təklifi rədd edilmişdi.

Amma Qərb tarixçiləri bu qənaətdədirlər ki, İosif Stalin ölkənin ziyalı elitası ilə geniş əlaqələrə yol açacaq belə bir təşkilatın yaradılmasını lap əvvəldən istəmirdi.

Onun ölümündən sonra SSRİ Ukrayna SSR və Belarusiya SSR-lə birlikdə UNESCO-ya daxil oldu. Ukrayna və Belarusiya yaradıldığı gündən BMT-nin üzvləri idilər.


UNESCO nə ilə məşğuldur?


Təşkilat əsasən 5 proqramın icrası ilə məşğuldur. Bunlar təhsil, təbiət elmləri, sosial və humanitar elmlər, mədəniyyət, kommunikasiya və informasiyadır.

Bundan başqa UNESCO bir sıra uzunmüddətli layihələri həyata keçirir.

Məsələn, insan və ətraf mühit, dünya irsi abidələrinin qorunması (məsələn, ABŞ-da «Yellowstone» Milli Parkı və Azadlıq heykəli, Britaniyada «Stonehenge», Moskvada Kreml və Rusiyanın Baykal gölü) və qeyri-maddi mədəniyyətin - milli rəqs, musiqi və ayinlərin, festival və peşələrin mühafizəsi, habelə sənədli irsin (arxivlərin) qorunub saxlanması və bu sənədlərə çıxışın təmin edilməsi.


Təşkilatın büdcəsi necə yaradılır?


Təşkilatın büdcəsi hər iki ildən bir onun böyük qurultayında təsdiq edilir.

2016-2017-ci illər üçün UNESCO-nun büdcəsi 667 milyon dollar olaraq təsdiq edilib. Büdcə təşkilata daxil ölkələrin üzvlük ödənişlərindən formalaşır.

ABŞ UNESCO-ya ildə 80 milyon dollarlıq üzvlük haqqı ödənişlərini 2011-ci ildə Fələstin muxtariyyətinin təşkilata üzv qəbul edilməsinə etiraz olaraq dayandırıb.

UNESCO-nun bu addımını ABŞ-la yanaşı İsrail də pisləmişdi.

ABŞ UNESCO-ya üzvlük haqqının ödənişlərini dayandıranadək onun büdcədəki payı 22 faiz təşkil edirdi.

«Foreign Policy» jurnalının məlumatına görə, ABŞ-ın təşkilatdan çıxmaq qərarı, həm də onun üzvlük haqqı borclarının yığılaraq 500 milyon dollara çatmasıdır.


UNESCO ilə daha kimlərin münaqişəsi olub?


Bütün BMT üzvləri avtomatik olaraq UNESCO üzvü olmaq haqqına malikdir. Buna görə də UNESCO-nun tarixi ərzində bir sıra üzvlər onun tərkibindən çıxmış və sonradan qayıtmışlar.

ABŞ UNESCO-dan artıq bir dəfə 1984-cü ildə Ronald Reyqanın qərarı ilə çıxmışdı. ABŞ təşkilatı korrupsiyada və SSRİ-ə ideoloji loyallıqda ittiham edirdi.

Lakin 2003-cü ildə, artıq oğul Buşun administrasiyası zamanında ABŞ UNESCO-ya təkrar tam üzvlüyünü bərpa etmişdi.

Böyük Britaniya bu təşkilatdan 1985-ci ildə çıxsa da, 1997-ci ildə hökumət dəyişikliyinin ardınca üzvlüyə qayıdıb.

2016-cı ildə UNESCO Yerusəlimin müqəddəs ocaqları barədə qətnamə qəbul etdikdən sonra İsrail təşkilatla əməkdaşlığını dayandırıb. Bu qətnamədə müsəlmanların müqəddəs ocaqlara buraxılmaması pislənirdi.

Bu qətnaməyə cavab olaraq İsrailin təhsil naziri Naftali Bennett UNESCO-nun baş katibi İrina Bokovaya yazdığı məktubda təşkilatı yəhudilərin Yerusəlimlə minillik bağlılığını inkar etməkdə və «İslam terrorçuluğuna» dəstək verməkdə ittiham etmişdi.


UNESCO Azərbaycanda


Azərbaycan 3 iyun 1992-ci ildə UNESCO-ya üzv qəbul edilib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2004-cü ildən təşkilatın ölkəmizdəki xoşməramlı səfiridir. Mehriban xanımın təşəbbüsü ilə Azərbaycanda UNESCO adına bir çox layihələrə imza atılıb. 2009-cu ilin martında Bakıda Beynəlxalq Muğam Festivalı keçirildi. Müsabiqədə İran, Suriya, İraq, Mərakeş, Özbəkistan, Tacikistan, Qazaxıstan, Misir, Türkiyə və Almaniyadan 67 iştirakçı qatılıb.

Ümumiyyətlə, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanda təhsilin, mədəniyyətin və cəmiyyətin müxtəlif sahələri üzrə xoşməramlı missiya həyata keçirilir. UNESCO-nun səfiri Azərbaycanda uşaqların müdafiəsi sahəsindəki nəcib fəaliyyətinə görə YUNİSEF-in xüsusi mükafatına layiq görüldü.

UNESCO-nin milli-mədəni irsi siyahısına daxil edilən mədəniyyətimizin incisi muğamın qorunması və inkişaf etdirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci ildə Bakı da Beynəlxalq Muğam Mərkəzinin yaradılması ilə bağlı sərəncam imzaladı. 2009-cu ildə dənizkənarı Milli parkda Beynəlxalq Muğam Mərkəzinin orijinal üslubda tikilən binasının açılışı oldu.

28 iyul 2010-cu ildə təşkilatın baş direktoru İrina Bokova Azərbaycana rəsmi səfər edib. Xanım Bokova Bakıda Azərbaycanın UNESCO üzrə milli komissiyasının təşkilatçılığı ilə dəyirmi masada iştirak edib. «Azərbaycan mədəniyyətlərarası dialoq və yaxınlaşmada unikal yerə malikdir» kimi əhəmiyyətli bəyanat verib.