vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
10:51 | 30 noyabr 2017 | Cümə axşamı Məqaləyə 2051 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qarabğda qışda yüksək hərarət

Müharibənin tətiyi çovğunda da çəkilə bilər; səfir qalmaqalında barıt «qoxusu»: Bakının səbri tükənir; Kremlin ən çox ehtiyatlandığı məsələ - Azərbaycan niyə sifət göstərdi?

Analitik xidmət

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya və Azərbaycan arasında yeni səfirlə bağlı məlum olay, heç şübhəsiz, ilk növbədə Azərbaycanın öz köklü maraqlarını ikitərəfli münasibətlərin fövqündə tutması ilə bağlıdır. Qarşı tərəf Rusiya kimi bir dövlət olsa belə, faktiki, Ermənistanla birgə ərazilərimizin ortaq işğalçısı rolunda çıxış eləsə belə, Azərbaycan da dövlət olaraq prinsipial mövqeyini cəsarətlə ortaya qoya, Rusiya kimi bir gücə «sifət göstərə» bildi. Qarabağ, işğal məsələsinin bizdən ötrü «qırmızı xətt» olduğunu şimal qonşumuzun nəzərinə bir daha çatdırdı. Bu da hamısı deyil.

Yəqin ki, bu jest Moskvanın xoşuna getməyəcək. Ancaq tarixdən bəllidir ki, Rusiya müti tərəfdaşlara hörmət qoymur, geri çəkildikcə onların üzərinə daha çox gedir. Ermənistan timsalında bunu əyani görmək olar. Odur ki, Kreml Bakının təzə səfirlə bağlı sərt davranışından incisə də-inciməsə də, Azərbaycanın mövqeyi təqdirəlayiqdir. Necə deyərlər, hərənin öz milli marağı.

«Qırmızı xətt»ə gəlincə, əslində bununla Azərbaycan incə şəkildə bir daha işarə vurdu ki, Dağlıq Qarabağ ixtilafı ədalətli şəkildə çözülməyincə, Rusiya, nəhayət, əlindəki real rıçaqlardan istifadə edib problemin həllinə ciddi töhfə verməyincə, Ermənistana işğalçı kimi baxmayınca, onunla siyasi-diplomatik münasibətlər yüksək səviyyəyə qalxmayacaq. Yəni baş verənlərdə həm də Azərbaycanın sonsuzadək gözləməyəcəyi mesaj əksini tapıb və o, öncəliklə Kremlə ünvanlıdır.

 

***

 

Rusiyanın yeni səfiri məsələsi ətrafında yaranan gərginlik xarici ekspertlərin də diqqətini çəkib. Ukraynalı bloqqer, tarix elmləri namizədi Sergey Klimovskinin «Obozrevatel» saytında dərc edilmiş məqaləsi bu xüsusda maraq kəsb edir. Müəllif, belə demək mümkünsə, Azərbaycan və Rusiya arasında yaşanan diplomat qalmaqala bütövlükdə bölgədəki, o sırada postsovet məkanındakı geosiyasi proseslər və həll olunmamış konfliktlər fonunda qiymət verməyə çalışıb.

«Hərbi aspektdə Ukrayna hazırda Moskvanı Suriya və Qarabağdan daha az narahat edir. Suriyada hər şey ümumiyyətlə, plan üzrə getmir. Hətta Soçidə keçirilməsi nəzərdə tutulan Suriya xalqlarının konqresini fevral ayına kimi ertələmək lazım gəlib. Bu da Rusiyadakı prezident seçkisi ərəfəsində daha bir şou. Beləcə, Əsədi nə qədər xilas eləsələr də, məlum olur ki, boşunadır» - müəllif öncə məqaləsinin girişində qeyd edib.

Ukraynalı analitik daha sonra yazır: «Rusiya üçün hazırda Donbasda aşağı intensivlikli atışmalarla status-kvonu saxlamaq, bununla da Qarabağda olduğu kimi vaxt udmaq və dünyanı Azərbaycan ərazilərinin işğalına alışdırdığı kimi, Donbasın da işğalı ilə barışmağa məcbur etmək ən münasib variantdır». Onun fikrincə, Moskvanın Qarabağ məsələsində necə hərəkət edəcəyini heç kim bilmir.

«Rusiyanın Qarabağda 20 il əvvəl divardan asdığı »tüfəng" Rusiyadakı seçkilərin yekununu gözləmədən elə bu qışda atəş aça bilər. Ukrayna ordusundan fərqli olaraq, Azərbaycan ordusu üçün böyük şəhərlərə hücum etmək zərurəti yoxdur - Dağlıq Qarabağın və digər işğal edilmiş rayonların əhalisi 150 mindən çox deyil. Bakının böyük həvəsi var ki, «aprel müharibəsi»ni təkrarlasın və mövzunu birdəfəlik qapatsın. Önəmli deyil ki, Ermənistan ordusu və Sərkisyan bu zaman güclü müqavimət göstərə biləcək. Noyabrın 27-də belə informasiya meydana çıxdı ki, Bakı Rusiyanın yeni səfiri qismində Georgi Zuyevin namizədliyini qəbul etməkdən imtina edib - həmin şəxsin açıq-aşkar ermənipərəst mövqe tutmasına görə. Bu, diplomatik münasibətlərin qırılması deyil, amma yetərincə aydın bir işarədir ki, Bakı gözləməkdən artıq bezib", - məqalədə qeyr olunur. Müəllifə görə, Kremlin «vaxt uzatmaq» strategiyası hələlik Ukraynada işləyə bilir, Qarabağda isə artıq işləmir.

 

***

 

Qarabağda müharibə ehtimalı isə gerçəkdən də ilin fəsillərindən asılı olmayaraq gündəmdədir. Hər halda, Azərbaycan milyardlar xərclədiyi bahalı silah-sursatı və müasir döyüş sistemlərini vitrinə qoyub paslatmaq, sonsuzadək işğal rejiminə dözmək niyyətində deyil. Bunu bizim əsas silah tədarükçülərimizdən olan Rusiyada da yaxşı bilirlər.

Yeri gəlmişkən, dünən Azərbaycan prezidenti, Ali Baş Komandan cəbhə bölgəsindəki hərbi hissələrdən birinə baş çəkib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov prezidentə raport verib. İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında olub, burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraiti ilə tanış olub. Ona interaktiv təlim-məşq sistemi barədə də məlumat verilib. Prezident təlim silahlarına baxıb, özü də onların atəş qabiliyyətini yoxlayıb.

Müdafiə naziri və nazirliyin rəhbər heyəti isə bu arada cəbhəyanı bölgədə raket və artilleriya bölmələrinin döyüş hazırlığı səviyyəsini yoxlayıblar. Nazirliyin saytı xəbər verir ki, Azərbaycanın hərb naziri raket və artilleriya qoşunlarının döyüş hazırlığının artması və döyüş vasitələrindən effektli istifadə ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

 

***

 

Səfir qalmaqalı fonunda bütün bunlar bir daha işğalçı Ermənistana ismarışdır ki, sülh və ya müharibə seçimi ən əvvəl onun öz əlindədir: düşmən sülh istəsə, sülh, savaş istəsə, savaş alacaq və zəbt elədiyi əraziləri enində-sonunda silah gücünə olsa da, azad etməli olacaq. Əfsus ki, Ermənistanın kriminal rəhbərliyi kritik seçimin yaxınlaşmasını fərq eləmək əvəzinə, işğal rejimini uzatmaq üçün iki və hətta daha çox «stul»da oturmağa can atır.

Bunu həm də Rusiyanın tanınmış nəşri rosbalt.ru yazır. Nəşrin dünənki təhlili məqalələrin birində işğalçı ölkənin Avropa Birliyi (AB) ilə saziş imzalaması ilə bağlı deyilir: «Ermənistan özünə sadiq qalaraq, iki və hətta daha çox «stul»da oturmağa çalışır. Bu da sövq-təbii, risklidir. Ona görə ki, «balansı saxlamaq» və «oturacaq»lardan birindən və ya üçündən də eyni vaxtda yıxılmaq təhlükəsi var. Bəli, Avropa Birliyi İrəvana «islahatlar və demokratiya» üçün bir az pul ayıracaq. Ancaq Rusiyanın dövlət kapitalı onu bütünlüklə alaraq, respublikaya böyük güzəştlər və imtiyazlar verib. O sırada təbii qazın və satılan silahların qiymətindəki güzəştlər və s. var. Yəni Rusiya kapitalı və nüfuzu fonunda AB solğun görünür».

Məqalədə İrəvana ünvanlı hədələyici fikirlər də yer alıb: «Belə gəlişmələrdən sonra Ermənistan geosiyasi, daxili-siyasi, hərbi-texniki, energetik-iqtisadi və s. anlamda çox şey itirəcək. Ermənistan üçün əsl vaxtıdır ki, «səmadakı durna" haqda deyil, Dağlıq Qarabağ probleminin real həlli barədə, nəqliyyat blokadasının yumşaldılması və öz məhsullarının heç olmasa, postsovet dövlətlərinin bazarlarına daha geniş miqyasda çıxarmaq  haqda düşünsün. Sərkisyan isə «Şərq Tərəfdaşlığı» sammitinin tribunasından Qarabağ və Azərbaycan barəsində «kəskin söz» demək üçün istifadə edir...»

 

***

 

Söz yox ki, Moskva özünün regiondakı satellitinin siyasi «şıltaqlıqlarını» diqqətlə izləyir. Bu şıltaqlıqların ifrat şəkil almasına qarşı Rusiyanın əlində ən güclü kozır isə əlbəttə ki, Qarabağdır...