vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 17 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9314 AZN
1 Rusiya rublu 1 RUB = 0.0256 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1474 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3176 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
15:53 | 30 aprel 2018 | Bazar ertəsi Məqaləyə 364 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan kritik həftəyə girdi

Müharibənin “fitil”i çəkilə bilər

Analitik xidməti

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 1-də Ermənistan parlamenti yeni baş naziri seçməlidir. Müxalifət hərəkatının lideri, “Vətəndaş Müqaviləsi” partiyasının rəhbəri, deputat Nikol Paşinyan bu üzdən xalqı sabah saat 8:00-dan daha izdihamlı mitinqə çağırıb. Çünki həmin gün əslində Paşinyanın ölkənin müvəqqəti baş naziri olub-olmayacağı ilə yanaşı, “məxməri” inqilabın taleyi həll olunacaq. Eyni zamanda, proseslərin konstitusion məcrada, yoxsa qanlı ssenari üzrə gedəcəyi bilinəcək.

Aydındır ki, budəfəki kütləvi etiraz parlamentə, çoxluqda olan hakim Respublikaçılar Partiyasına təzyiq məqsədi güdür. Təsadüfi deyil ki, Paşinyan iqtidarı hədələyərək bəyan edib ki, hakim partiya və ya parlament baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyana səs versə, siyasi böhran davam edəcək. Paşinyan vurğulayıb ki, ümidi yalnız xalqadır.

Qiyamçı deputata isə hazırda hakim fraksiyadan hardasa 6-7 səs lazımdır (baş nazir olmaq üçün 53 səs kifayətdir). Özünün başçılıq elədiyi “Yelk” (“Çıxış”) bloku və hərəkatın tərəfinə keçən “Tsarukyan” bloku hesabına onun 40 səsi artıq var, üstəgəl, daşnaklar da onu dəstəkləməyə hazır olduqlarını bildiriblər.

Maraqlı məqamlardan biri də səsvermənin Sərksiyan seçkisində olduğu kimi, açıq keçirilib-keçiriməyəcəyi ilə bağlıdır. Açıq olarsa, N.Paşinyanın əleyhinə səs verən deputatlar, sözsüz ki, narazı kütlənin qəzəbinə gələcək - hərçənd, onlar bilərəkdən səsverməyə qatılmaya və ya bitərəf də qala bilərlər. Ancaq o halda seçki baş tutmaya bilər ki, bu da böhranlı vəziyyətin dərinləşməsi demək olacaq.

 

***

 

Bu arada məlum olub ki, Respublikaçılar Partiyası baş nazir vəzifəsinə öz namizədini irəli sürməyəcək. Bunu parlamentin vitse-spikeri, partiyanın İdarə Heyətinin üzvü Eduard Şarmazanov deyib. O bildirib ki, ötən şənbə sabiq baş nazir Serj Sərkisyan və Karen Karapetyan arasında görüş keçirilib. Görüşdə ölkədəki daxili siyasi vəziyyət və baş nazir seçkiləri ilə bağlı məsələ müzakirə olunub.

“Bu görüşdə Respublika Partiyasının baş nazir postuna namizəd irəli sürməməsi barədə qərar verilib. Biz mayın 1-də parlamentdə səsvermə keçirilənə qədər irəli sürüləcək bütün namizədlərlə bağlı müzakirə aparacağıq. Bizim 30 aprel saat 18:00-a qədər vaxtımız var”, - deyə o qeyd edib.

Yada salaq ki, az öncə S.Sərkisyan fraksiya üzvləri ilə görüşdə baş nazirliyə Karen Karapetyandan əlavə, İrəvan meri Taron Marqaryan və keçmiş prezident Robert Koçəryanın namizədliyi barədə düşünməyi tövsiyə eləmişdi...

 

***

 

Bir çox təhlilçilərə görə, mayın 1-də Paşinyanın baş nazir olma şansı zəif deyil. Bunu anlayan hakim qüvvənin odioz təmsilçiləri ona dəstək qarşılığında öz biznes maraqlarına zəmanət istəyirlər. Ötən həftəsonu hakim partiya Paşinyana belə bir variant da təklif edib: onun baş nazirliyi müdafiə edilir, bir şərtlə ki, erkən parlament seçkiləri indi yox, bir il sonra keçirilsin. Hakim qüvvə ümid edir ki, məhz bu bir ildə xalq baş nazir Nikol Paşinyanın ciddi islahatlara gedə bilmədiyini görüb seçkilərdə onun partiyasına səs verməz və yekunda yeni baş nazir başqası olar. Bunu Paşinyan yaxşı anladığı üçün təklifi rədd edib və deyib ki, erkən seçkilər ən qısa zamanda baş tutmalıdır.

Əlbəttə ki, Rusiya amili də proseslərdə öz sözünü mütləq deyəcək. Moskva hadisələrə hansı formada müdaxilə edəcək?

Bu, yəqin ki, xalqın prosesə nə dərəcədə dəstək verməsindən, parlamentdəki çoxluğun müxalifətin tərəfinə keçib-keçməsindən asılı olacaq. Bəzi analitiklərə görə, Rusiya hərəkatı gözdən salmaq, üsyançı deputatın baş nazirlik şansını azaltmaq və öz istəyinə çatmaq üçün cəbhədə atəşkəsin pozulmasını da təşkil edə bilər. Odur ki, hərbi ekspert Üzeyir Cəfərovun “Azərbaycan bu günlər xüsusilə diqqətli olmalıdır” xəbərdarlığı ilə razılaşmamaq çətindir.

“Putin hazırda təşviş içindədir. Ermənistanda hakimiyyət dəyişikliyinin qarşısını almaq üçün müxtəlif variantlara əl atmaqdan çəkinmir. Hətta o, Ermənistanda baş nazir vəzifəsini əvəz edən Karen Karapetyanı zorakı üsullara əl atmağa təhrik edir və Ermənistanda zor gücünə yenə də siyasi status-kvonu qoruyub saxlamaq istəyir. Qarabağın alınıb ermənilərə verilməsində, torpağımızın işğal edilməsində, 1 milyona yaxın insanın öz yurdundan qovulmasında Rusiya çox böyük rol oynayıb. İşğalçı əslində Rusiyadır. Ona görə də Moskvanın Qarabağı alıb bizə verməsi inandırıcı görünmür”.

Bu sözləri axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Paşinyanın bütövlükdə Sərkisyan rejimi üzərində qəti qələbə qazandığını, qələbəsini təmin etdiyini söyləmək çətindir: “Çünki hələ parlamentdə baş nazirlik vəzifəsinin müzakirəsi mayın 1-də keçiriləcək. O zamana qədər Rusiya sürətlə Ermənistandakı hadisələrə müdaxilə edəcək. Təsadüfi deyil ki, erməni rəsmiləri durmadan Moskvaya çağırılır. Rusiya hadisələrə zoraki üsullarla müdaxilə etməyin tərəfdarı olduğunu açıq surətdə ortaya qoyub. Sadəcə, hələlik bunu uğurla həyata keçirə biləcək lider tapa bilməyib. Karapetyan güc tətbiq etməkdən ehtiyat edir”.

Politoloqun fikrincə, Qərb də prosesləri diqqətlə izləyir. “Rusiyanın bu proseslərin sonunda ciddi zərbə ala biləcəyi və bunun Rusiya üçün arzuolunmaz nəticələri olacağını proqnozlaşdırmaq olar. Ona görə də Rusiya tərəddüd içindədir”, - deyə ekspert sonda əlavə edib.

 

***

 

“Hakimiyyət dəyişikliyindən sonra Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzv kimi qalacaq. Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı ilə bağlı öhdəliklərə də sadiq qalacaq”. Bu sözləri isə ötən həftəsonu Nikol Paşinyan Gümrüdə keçirdiyi mitinqdə bəyan edib. “Ermənistanın KTMT-də qalacağına zəmanət verirəm. Çünki bu, Ermənistanın milli maraqlarına cavab verir”, - o vurğulayıb. Onun sözlərinə görə, rəhbərlik etdiyi hərəkət Rusiyaya qarşı düşmən mövqedə deyil və ölkəni düşüncəsiz, macəralı yola sürükləməyəcək.

Paşinyanın belə bir açıqlamanı məhz Rusiya hərbi bazasının olduğu Gümrüdə verməsi, şübhəsiz ki, rəmzi məna daşıyır və Kremlin hakimiyyət dəyişikliyi ilə bağlı son şübhəsini də aradan qaldırmaq, onu sakitləşdirmək və yekun etibarilə baş nazirliyə onun “dobro”sunu almaq niyyəti güdür. Halbuki, bu şəxs həmişə Ermənistanın Avrasiya Birliyindən çıxmasının tərəfdarı olub. Paşinyanın blokunun adı da elə burdan götürülüb - “Çıxış”.

Ancaq Rusiyaya nə lazımdır? Ermənistan onun siyasi və hərbi nüfuz dairəsində, “Rus NATO-su”nda qalmada davam edəcəksə, baş nazirin kimliyi ondan ötrü ikinci dərəcəli məsələdir. Yalnız bircə sual açıq qalır ki, eyni siyasəti Serj Sərkisyan da həyata keçirirdisə, Qarabağ məsələsində də N.Paşinyan kardinal dəyişikliyə nail ola bilməyəcəksə (çünki Rusiyasız bu mümkün olmayacaq), o zaman qiyama-inqilaba dəyərdimi? Yox, məsələ yalnız daxili islahatlarla bağlı olacaqsa, yenə Qarabağ ixtilafı çözülmədən, blokada rejimi götürülmədən, iki böyük qonşu - Azərbaycan və Türkiyə ilə əlaqələr qaydaya salınmadan Ermənistanda heç bir islahat ciddi nəticə verə bilməz, erməni xalqının rifahı yaxşılaşa, müharibə riski azala, ölkədən kütləvi köç dayana bilməz. Demək, Paşinyan da sözünü tuta bilməz.

Mayın 1-dən sonra Ermənistan hansı yolla gedəcək və ən əsası, Qarabağ ətrafında situasiya hansı səmtə dəyişəcək, müharibənin “fitil”i çəkilə bilərmi? 1 gün də gözləyək...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *