vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
MÜBAHİSƏ  
09:56 | 20 fevral 2014 | Cümə axşamı Məqaləyə 2942 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hamımız onu xilas etməliyik»

«Məhkəməyə müraciət etsə, sübutlar ortaya qoyacağam və Xədicə İsmayılova çox pis vəziyyətdə qalacaq»

Hazırladı: Etibar SEYİDAĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

Tanınmış jurnalist Eynulla Fətullayevin özünün rəhbərlik etdiyi haqqın.az saytında yazdığı «Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı...» adlı məqaləsi ölkə gündəmini dəyişib. Məqalədəki iddialar kifayət qədər böyükdür. Orada göstərilir ki, jurnalist Xədicə İsmayılova ABŞ kəşfiyyatçılarına «hakimiyyətlə əlaqəsi olan müxalifətçilərin, ictimai xadimlərin siyahısı»nı ötürüb. Həmin siyahıdakı adlar isə Azərbaycan müxalifətinin, mediasının, ictimaiyyətinin tanınan simalarıdır.

Görünür, bütün bunlara görə məqalə ölkənin siyasi gündəminə bomba kimi düşüb. İş o yerə qədər gəlib ki, artıq Amerikanın Bakıdakı səfirliyi də mövzuya münasibət bildirib. Yazıda «iqtidarın gizli adamları» kimi siyahılaşdırılan tanınmışların bir çoxu da iddialara cavab veriblər. Bu mövzuda ən az danışan isə məqalənin müəllifi Eynulla Fətullayevdir. Onun ünvanına saysız-hesabsız suallar, iddialar və qınaqlar var. Məhz ona görə də E. Fətullayevi redaksiyamıza dəvət edib, mövzunu daha da açmaq qərarına gəldik. Müsahibə boyunca sual yağışına tutduğumuz E.Fətullayev olduqca ilginc açıqlamalar verdi, yeni məlumatlar paylaşdı.

(birinci hissə)

Eynulla Fətullayevlə müsahibənin ikinci hissəsini təqdim edirik.

 

- Qəribəsi budur ki, özünüzü də, belə demək mümkündürsə, «ifşa» etmisiniz. Özünüzü gizlədə bilərdiniz. Nədən etmədiniz?

- Ona görə etmədim ki, sabah hansısa suallar meydana çıxmasın. Obyektivliyi qorumaq naminə öz adımı gizlətmədim. Mən bununla həm də cəmiyyətə bir mesaj, siqnal vermək istədim. Diqqət etdinizsə, Xədicə İsmayılova o adamlarla şəxsi münaqişədədir, münasibəti pisdir, əsasən məhz həmin adamları siyahıya daxil edib. Bu siyahını həqiqətə oxşar qismində təqdim etmək üçün isə oraya bir-iki dostunu da əlavə edib. 

 

- Kimlərdir onun siyahıdakı dostları?

- Məsələn, Erkin Qədirli. Xədicə İsmayılova bir neçə dostunu da oraya əlavə etməsəydi, sabah Qərbdə böyük şübhə yarana bilərdi ki, necə olur, ancaq Xədicə İsmayılovanın şəxsi münasibətləri gərgin olan adamların adları siyahıdadır. Xədicə İsmayılovanın Rauf Arifoğlu ilə ciddi toqquşması olmuşdu, Eynulla Fətullayevlə Xədicə düşməndir, İsa Qəmbərə qarşı Xədicənin aqressiv münasibəti bəllidir, Eldar Namazovla da münasibətlərində gərginlik var, eləcə də digərləri ilə. Göründüyü kimi, əsasən məhz bu adamların adlarını siyahıya daxil edib.

 

- Xədicə İsmayılovanın bu siyahı ilə bağlı açıqlamalarında daha çox inkar var idi...

- Baxın, Xədicə İsmayılova bu siyahıdan sonra çıxıb ortaya konkret olaraq inkar və rədd etsəydi, başqa vəziyyət yarana bilərdi.

- Bu zaman siz sübut üçün ortaya konkret sənəd qoya biləcəkdiniz?

- Əlbəttə, ortaya sübut qoya biləcəkdim.

- Sizin əlinizdə gerçək sənəd varmı? Tutaq ki, Xədicə İsmayılova sizi məhkəməyə verdi. O zaman nə edəcəksiniz? 

- Açığı, mən Xədicədən tam fərqli bir taktika gözləyirdim. Mən gözləyirdim ki, o, buna etiraz edəcək, ciddi və əsaslandırılmış bir mövqe ortaya qoyacaq, məhkəməyə müraciət edəcək. Lakin o bunları etmədi. Məhkəməyə müraciət etsəydi və etsə, ortaya sübutlar qoyacağam. Yüz faiz sübutlar ortaya qoyacağam və mən sizə deyim ki, o zaman Xədicə İsmayılova çox pis vəziyyətdə qalacaq. Xədicə İsmayılova bunu bilir.

- Sizdə sübutlar varsa, bu, o deməkdirmi ki, müvafiq hakimiyyət qurumlarında da var? 

- Görünür, elədir.

- Bəs bu, elə bir situasiya yaradırmı ki, xüsusi xidmət orqanlarına görə Xədicə İsmayılova xarici ölkələrə informasiya ötürür?

- Onu mən də bilmirəm, deyə bilmərəm. Hüquqi tərəfi ilə bağlı yəqin ki, hüquqşünaslara müraciət etsəniz yaxşı olar. Amma burada bir fakt var ki, Xədicə artıq Milli Təhlükəsizlik Nazirliyinin daxili sənədini də ortaya qoyub, yayıb. 

- Həmin sənədə baxmısınız?

- Diqqətlə baxmışam. 

- O, dövlət sirrini yayma əməlinə oxşamır axı. Hakimiyyətin Xədicə İsmayılovaya qərəzi məlum məsələdir. Bu iqtidar onu, yumşaq desək, sevmir. İndi ona oxşayır ki, iqtidar fürsətdən istifadə edib, bəhanədən yararlanıb jurnalistin üzərinə gəlir?

- Axı kim Xədicə İsmayılovanı məcbur eləmişdi ki, o siyahını dərc etsin, MTN-in sənədini yaysın? Heç kim. Xədicə İsmayılova könüllü olaraq, sanki mənim siyahı məsələsində mövqelərimi möhkəmləndirmək üçün avantürist addım atdı. 

 

- Sizcə, niyə belə etdi? Bir izahatınız varmı?

- Məntiq tamamilə Xədicə İsmayılovanın hərəkətlərini inkar edir. Mən anlaya bilmirəm ki, o niyə həmin sənədi yaydı.

- Bəlkə o istəyib ki, problemi daha da böyütsün?

- Bu problemi böyütmək onun nəyinə lazımdır, niyə bunu edir, mən başa düşmürəm. Bu gün bir ekspert belə bir rəy söylədi ki, ola bilər Xədicə İsmayılova ikili agent olub. Yəni həm ABŞ-ın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib, həm də Azərbaycanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda olub. Bu da mümkündür. Siz niyə bunu inkar edirsiniz. 

- Biz heç nə demirik. Biz sadəcə, suallar veririk ki, aydınlıq gəlsin. 

- Şəxsən mən ekspertin həmin fikrinin əsaslı olduğunu istisna eləmirəm. Ola bilər ki, Xədicə İsmayılova ikili agent olsun. Bax, niyə MTN-in hansısa sənədi sizin əlinizə, mənim əlimə keçmir, yaxud da başqa hansısa tanınmış media orqanının əlinə keçmir; hakimiyyətin sizin təbirinizcə desək, sevmədiyi Xədicə İsmayılın əlinə keçir? Xədicə deyir ki, üç ildir bu sənəd ondadır. 

- Xədicə xanım özü o sənədə «kağız parçası» adını qoyub...

- Bəs o zaman niyə kağız parçasını çap edir? Görürsünüzmü, yenə də sual yaranır. 

- Həmin sənəddə flomastrla üstünü örtdüyü adın AXCP üzvü olduğunu da iddia edir. Bunun bir izahatı varmı?

- Burada bir versiya ola bilər. Birinci siyahıda Xədicə daha çox müsavatçıların üzərinə gedib. Ona görə də müəyyən qınaqlarla üzləşib, mövqeyi qeyri-obyektiv görünüb. Ona görə də nümayiş etdirmək istəyib ki, cəmiyyətə «baxın, cəbhəçi fəallardan da «verbovka" olunanlar var", demək istəyib. 

- Artıq fakt üzrə cinayət işi qaldırıb, Xədicə İsmayılovanı istintaqa cəlb ediblər. Sizcə, xanım jurnalisti həbs təhlükəsi gözləyirmi?

- Mən təəssüf edirəm ki, Xədicə özünü uçuruma apardı və özünü bu cür dolaşdırdı. Mən indi bir həmkar kimi ona kömək əlimi də təklif edə bilərəm. Biz hamımız onu xilas eləməliyik. Çünki bu adam öz yalanları, iftiraları, aqressiv və isterik münasibəti ilə insanlara, insaniyyətə nifrət edir ki, hərəkətlərində məntiqi zəncirvarilik itir. Bax, bu məntiqsizlik, qeyri-müəyyənlik Xədicəni çox ağır vəziyyətlə üz-üzə qoydu. Təsəvvür edirsinizmi ki, bu adam bir tərəfdən bir xüsusi xidmət orqanına məlumat ötürür, digər xüsusi xidmət orqanının saxta sənədini yayır. Bu, fəlakətdir. Maraqlıdır ki, o özü də dərk etmir nə edib.

- Eynulla bəy, hakimiyyətin də ona münasibəti çox aqressiv və qərəzlidir. İndi bu hadisədən istifadə edib onu həbs eləsələr, necə davranacaqsınız? Siz həbs olunanda mən bilən Xədicə İsmayılova sizi müdafiə edirdi. Hətta həbs edilməsə belə, jurnalisti prokurorluğa çağırıblarsa, bu artıq ona təzyiq deməkdir. Bu situasiyada-Xədicə İsmayılovanın belə çətin vəziyyətində necə davranmağı düşünürsünüz?

- Xədicə İsmayılova o ikinci sənədi çap edəndə mən şoka düşdüm...

- Onun belə bir sənədi açıqladığı barədə ilk məlumatı da siz yaydınız.

- Bəli. Ona görə yaydım ki, o bizim əlimizdə olan ilk siyahını inkar edirdi. Sonra mən bildim ki, o, həmin sənədi facebook səhifəsindən pozdu. 21 dəqiqədən sonra yenidən bərpa etdi.

- Bu hərəkətlə bağlı necə, izahatınız var?

- Mən onun hərəkətlərinə izahat verməkdə çətinlik çəkirəm. Çünki anlaya bilmirəm ki, niyə belə edir. O qədər dolaşıq, o qədər mürəkkəb situasiya yaradıb ki, mən düşünürəm ki, Xədicə bu labirintdən necə çıxacaq. Müdafiə məsələsinə gəldikdə isə... Mənim Əvəz Zeynallı ilə də münasibətim yaxşı olmayıb. Amma bilirəm ki, Əvəz Zeynallı söz azadlığına görə həbs olunub. Ona görə də onu müdafiə edirəm. Xədicə İsmayılova həbs olunsa, o, söz azadlığına görə həbs olunmayacaq. Xədicə iki suala cavab verməlidir ki, mən onu müdafiə edim... 

- O siyahıdakı ən azı bir adamı dəqiq bilirsiniz ki, onun haqqında yazılan düzdür, yoxsa düz deyil...

- O da özüməm... Əslində Xədicə məni təhqir edib. Onun siyahısında ən təhqir olunmuş vəziyyətdə mən özüməm. Əlbəttə mən barəmdə yazılanı inkar edirəm. Sizin də, İsa Qəmbərin də, Arif Hacılının da barəsində yazılanları inkar edirəm. Məsələn, Arif Hacılını götürək. Arif Hacılı həbsdə olanda mən onun yanına 5-6 dəfə getmişəm. Ən mərd, ən cəsarətli adamlardan biridir, həbsxanada olanda da bu keyfiyyətləri itirməyib. Götürüb Arif Hacılının adını iqtidarla əməkdaşlıq edən kimi yazmaq əlbəttə ki, hər kəs tərəfindən inkarla qarşılanacaq. Buna ad tapmaq mümkün deyil. 

- Amma fakt odur ki, əsassız olsa da, belə bir mövzunun çap edilməsi cəmiyyətdə tutdu və hazırda da yeriyir. Məsələn, Mirşahin ANS-də buna xüsusi veriliş həsr etdi. Yeri gəlmişkən, həmin reportajda sizi də vurdu. Onun şərhinə münasibətiniz necədir?

- Hər kəs bu və ya digər hadisəyə öz münasibətini bildirir. Biz kiməsə deyə bilmərik ki, bu cür düşünmə və ya bu cür şərh etmə. Amma Mirşahin bir məsələdə haqlıdır ki, həqiqətən də istənilən ölkədə dövlət idarələri, adı hallanan dövlət qurumları, rəsmiləri bu məsələyə münasibət bildirməli idi. Ancaq heç kim münasibət bildirmədi. 

- Amma ABŞ səfiri bu gün-fevralın 18-də münasibət bildirib. Digər bildirənlər də olub...

- Məsələ kulminasiya nöqtəsinə çatandan sonra bildirib. 

- Səfirin münasibətindən razısınız? Səfir deyir ki, həmin iki şəxsin kəşfiyyatçı olmaları haqqında iddialar doğru deyil. 

- Rusiyanın ABŞ-da 11 nəfər kəşfiyyatçısı, yaxud ABŞ-ın bu yaxınlarda Rusiyada kəşfiyyatçısı həbs olunub. Hansında dövlət təsdiq edib ki, bəli, həmin şəxslər bizim kəşfiyyatçılardır. Belə bir etirafın edildiyi presedenti bilirsinizmi?

- Əlbəttə ki, heç kim təsdiq etməz. Eynulla bəy, bizim üçün maraqlı olan nəhayət səfirin reaksiya verməsidir. Başqa kimdən reaksiya gözləyirsiniz? Özünüzlə bağlı MTN-dən reaksiya gözləyirsiniz?

- Gözləyirdim və hətta MTN-in mətbuat xidmətinə zəng də eləmişik. Əməkdaşımıza deyiblər ki, biz jurnalistlərin fikirlərini şərh etmirik. Məsələn, gözləyirdim ki, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Prezident Administrasiyası reaksiya versin.

- «Agent siyahısı»nda sıralama necə idi? Bu sıralama sizin yaradıcılığınızdır, sizin ixtisarınızdan sonra yaranıb, yoxsa əvvəldən o cür idi?

- ...

 

(davamı gələn sayımızda)