vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNEY  
18:10 | 16 fevral 2022 | Çərşənbə Məqaləyə 797 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Son iki ayda türk fəallara çeşidli hökmlər verilib”

Hüquq müdafiəçisi Şahin Xiyavlı: “Rejim fars dilinin hegemonluğuna qarşı təpkilərə həssasdır”

Əlirza QULUNCU

MÖVZU İLƏ ƏLAQƏLİ

Hüquq müdafiəçisi Şahin Xiyavlı Güney Azərbaycanı və Tehranda həbsdə olan türk fəalların vəziyyəti, həmçinin son vaxtlar mühakimə edilən və ya təhlükəsizlik qurumlarına çağırılan fəallar haqqında danışıb.

Xiyavlının sözlərinə görə, “son iki ay içində fərqli şəhərlərdə türk aktivistlərə çeşidli ittihamlar, xüsusilə rejimə qarşı propaqanda, internet üzərində fəaliyyət və təşkilatlara üzv olmaq kimi ittihamlar ilə hökm verilib. Özəlliklə keçən illərdə etirazlara qatılan aktivistlərin mühakimə prosesi hələ davam edir və ya yeni hökmlər verilir”.

O, həmçinin Ərdəbilin mərkəzi həbsxanasında həbs müddətini keçirən Abbas Lisani və Tehranda həbsdə olan Əlirza Fərşinin vəziyyəti haqqında məlumat verib. Hər iki məhbusun sağlamlıq problemləri yaşadıqları bildirilir.

“Abbas Lisani ilə bağlı mən düşünürəm ki, “Amnesty International” və digər insan haqları qurumları, media və Birləşmiş Millətlər Təşkilatına bağlı qurumlara lazımi məlumat gedib. Yəni, Abbas bəyin günümüzə qədər göstərdiyi fəaliyyətlər, çəkdiyi həbslər, sürgünlər, aclıq aksiyaları və digər proseslər ilə bağlı bütün o qurumlarda məlumat var”, - deyə hüquq müdafiəçisi qeyd edib.

Onun sözlərinə görə, “Abbas Lisaninin həbs hökmü tamamən təhlükəsizlik və siyasi mahiyyət daşıyan bir hökmdür. Mühakimə və həbs prosesində onunla ədalətli rəftar olubmayıb.”

Şahin Xiyavlı son vaxtlar həbsxanadan məzuniyyətə çıxaraq göz əməliyyatı keçirən Əlirza Fərşinin İranda türk dil hüquqları uğrunda mücadilənin bir simvolu olduğunu ifadə edir:

“Əlirza Fərşi milli hərəkatda özəlliklə də türk dil haqlarını müdafiə etməkdə bir simvoldur. Biz son vaxtlar #Manofarsi kampaniyasında gördük ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü belə təpki verdi. Yəni baxırıq ki, fars dilinin hakimiyyətinə qarşı hər hansı bir fəaliyyətə həssasiyyət var. Çünki, tək dil və tək millət anlayışına yəni sistemə qarşı bir fəaliyyətdir. Əlirza Fərşinin bu sahədə önəmli fəaliyyətləri olub. Ana dili ilə bağlı kampaniyalar təşkil edib. Uşaqlara türkcə kitablar paylayıb”.

Şahin Xiyavlı müsahibədə, həmçinin siyasi məhbusları müdafiə fəaliyyətinin bir ya iki qurumla məhdudlaşmayacağını vurğulayıb.

“Siyasi məhbusları müdafiə fəaliyyətini bir ya iki qurumdan gözləmək doğru deyil. Bu, bizim siyasi təşkilatlarımızın da gündəmində olmalıdır. Özünü aktivist bilən, hüquqşünas bilən şəxslər və media orqanlarımız hamı birlikdə siyasi məhbuslarımızı gündəmdə saxlamalıyıq,” hüquq müdafiəçisi əlavə edir.