vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
20:28 | 28 yanvar 2016 | Cümə axşamı Məqaləyə 775 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lavrov Qarabağı qaytarmadı, bəs nə etməli?

İndi Rusiya daha böyük iddialarla çıxış edir, nəinki sovetlərin son illərində

Hüseynbala SƏLİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bəlkə də hər şeyi onun öz dilindən eşitmək lazım idi. Bir və yaxud da il yarım idi ki, bir çoxu Rusiyanın Qarabağ problemini həll edəcəyi, yeddi rayonun Azərbaycana qaytarılacağı haqda xəbərlər yayır, bu xüsusda guya ki, hansısa bir «Lavrov planı»nın olduğunu iddia edir və bu yolla ölkənin son vaxtlarda öz geosiyasi kursunu hiss olunacaq dərəcədə Rusiyaya tərəf yönəltməsinə bəraət qazandırmağa cəhd edirdilər...

Budur, Sergey Lavrov da danışdı və nəinki heç bir «Lavrov planı»nın olmamasını, hətta Minsk Qrupunun yeni bir təklifinin mövcud olmadığını bildirdi. Bundan sonra ümid edirik ki, Rusiyanın adından nəsə iddia edənlər bir az ehtiyatlı olacaqlar. Bəli, heç bir plan yoxdur və Minsk Qrupu da heç nə təklif etmir. Bu vəziyyət adamın ürəyini ağrıtsa da, onu etiraf etməliyik...

Əslində Minsk Qrupu nə təklif edə bilərdi? İki prinsipial həll variantı var: biri mərhələli həll və digəri də paket variantıdır. Azərbaycan birini, Ermənistan isə digərini təklif edir...

Qarabağa vəd etmək üçün daha muxtariyyət variantı da qalmayıb. Azərbaycan bu günə qədər dünyada mümkün olan bütün geniş muxtariyyət variantlarını təklif edib. Fəqət, nəticəsi olmayıb. Hətta bu variantlar içərisində elələri olub ki, onlar faktiki olaraq Dağlıq Qarabağın Azərbaycan içində şərti mövcudluğunu nəzərdə tutub. Amma Ermənistan bununla da razılaşmayıb – təəssüf ki, bu fikri bir daha konstatasiya etmək zorundayıq...

Məni bilirsiniz nə daha çox dilxor edir? Bir vaxtlar, hətta indi də bəziləri iddia edir ki, guya zaman bizim xeyrimizə işləyir. Amma belədirmi? Əlbəttə ki, yox. Zaman keçdikcə «ərazi bütövlüyü prinsipi» özünün sakral mahiyyətini və gücünü itirir, insan haqları və azlıqların haqları önə keçir.

Təkcə son illərdə bir neçə dəfə bu prinsipin pozulmasının şahidi  olmuşuq – onu hər tərəfdən pozurlar, həm Qərbdən, həm də Şərqdən... Avropa özü ciddi şəkildə separatist tendensiyalarla üz-üzə qalıb, Şotlandiya İngiltərədən ayrılmaq istəyir, Kataloniya da İspaniyadan. Hələ heç o biri ölkələri demirəm. Avropa yeni nə təklif edə bilər? Bu məkanda mövcud olan bütün geniş muxtariyyətləri artıq Azərbaycan Dağlıq Qarabağa vəd edib. Avropanın əlavə etmək üçün sözü və modeli qalmayıb. Üstəlik, onun institutlarında Ermənistana qarşı simpatiya daha çox hiss olunur, nəinki Azərbaycana qarşı. Bəlkə ona görə ki, adətən qalib tərəfi mühakimə etmirlər?.. Bilmirəm. Səbəb çoxdur və yaxud da çox ola bilər...

Zaman və Rusiya faktoruna gəldikdə isə, ötən vaxt Rusiya üçün də hədər keçmədi – indi Rusiya daha böyük iddialarla çıxış edir, nəinki sovetlərin son illərində. Bunu da nəzərə almaq lazımdır...

Ona görə də təəccüb doğuracaq, sürpriz ola biləcək heç nə baş vermir. Bəlkə də Azərbaycan yalnız Rusiya tərəfindən təcavüzə məruz qalsaydı onu da Gürcüstan, Moldova və Ukrayna kimi müdafiə edərdilər. Amma Azərbaycan rəsmiləri Rusiyanın adını dilə gətirməkdən belə ehtiyat edirlər. Bu günlərdə Litvanın sabiq liderlərindən biri V.Landsberqis Qarabağın işğalının arxasında Rusiyanın dayandığını açıq şəkildə bildirmişdi. Amma Azərbaycan rəsmiləri bir dəfə olsun belə bunu deməyiblər...

Mən Avropanı müdafiə etmirəm. Düşünürəm ki, Avropada da çox standartlılıq dəbdədir. Bir dəfə özüm də bununla rastlaşmışam. Bəli, seminarlardan birində bir ABŞ diplomatına dedim ki, sizin dedikləriniz ikili standartdır. O, bu iradın qarşısında nə desə yaxşıdır? Dedi ki, bəli, bizim nəinki iki standartımız, hətta üç və yaxud da dörd standartımız var...

Bəli, dünya belə qurulub. Necə deyərlər, bu, «realpolitks»dir. Amma Qarabağ münaqişəsində Avropanın və ABŞ - ın günahı hər halda Rusiyanınkı qədər deyil. Güman edirik ki, bununla çoxu razılaşar. Amma rəsmi Bakının tənqid hədəfində həmişə Qərb dayanır. Bir dəfə dövlət rəsmilərinin birindən soruşuldu ki, niyə siz Rusiyanı və İranı tənqid etmirsiniz? Cavabı bu oldu ki, o ölkələr bizi tənqid etmir...

Bəlkə də Qərb Azərbaycanda insan haqlarının və demokratiyanın vəziyyəti, seçkilərin durumu haqqında tənqidi fikirlər bildirməsəydi heç onlar da tənqid olunmyacaqdı? Çox güman ki, belə olacaqdı...

Amma Azərbaycan tək hakimiyyətdən ibarət deyil. Bir hakimiyyət nə qədər çox qalsa belə, o, yenə də əbədi deyil, gəldi-gedərdir. Təbii ki, vətəndaş kimi Qərbin Ukraynaya bir cür, Azərbaycana başqa cür yanaşması bizim də xoşumuza gəlmir. Amma nə etmək olar? Bir çıxış yolu qalır ki, onu da erməni lobbisi praktikada çoxdan sübut edib: dünyada nəyisə qəbul etdirmək üçün bəzən on illərlə işləmək lazım gəlir. Onlar yüz ildir ki, işləyirlər və nəticəsini bu gün görürlər. Biz isə həmişə dərhal nəticə əldə etməyə çalışırıq. Siyasətdə belə şey olmur – nahaq yerə demirlər ki, siyasət qəliz məsələdir...