vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNEY  
12:48 | 7 noyabr 2016 | Bazar ertəsi Məqaləyə 1275 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Rəsul Rəzəvi iradəsi və susmuş vicdanlar»

(Güney Azərbaycanda milli haqları uğrunda savaşanlara sayğılarla)

Rüfət MURADLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir aydan çoxdur ki, Güney Azərbaycanın tanınmış milli fəallarından biri, ötən yay müsəlman uyğurların Çin rejimi tərəfindən soyqırıma məruz qalmasına etiraz etdiyinə görə həbs olunaraq hazırda məhbəs həyatı yaşayan Rəsul Rəzəvi aclıq aksiyasını davam etdirir. Bəli məhz müsəlmanın kommunist rejim tərəfindən zorakılığa və soyqırıma məruz qalmasına etiraz etdiyi üçün.

Susan vicdanların haqsızlığı qarşısında dirənən Rəsul Rəzəvi bundan öncə də ötən yay 28 günlük aclıq aksiyasına əl atmış, lakin o zaman da mövcud hakimiyyətin despotik rejimlərin mahiyyətinə xas olan laqeydliyilə üzləşmişdi. Bəs, nədir Rəsulun günahı? Bəlkə öz müsəlman bacı qardaşlarının qətliamına qarşı biganə qalmamasıdır onun suçu?! Bəlkə «haqsızlıq qarşısında susan dilsiz şeytandır» söyləyən islam peyğəmbərinin bu hədisinə olan inamını gerçəkləşdirməsidir?!

Hər il mübarək Ramazan ayının son günündə İranın demək olar ki, bütün şəhərlərində əhali küçə və meydanlara çıxaraq Qüds Günü nümayişlərində Fələstin xalqı ilə həmrəylik nümayiş etdirər.  İyulun 10-da Qüds günü münasibəti ilə İsrailə qarşı keçirilən ənənəvi yürüşlərlə eyni zamanda Güney Azərbaycanın bir sıra şəhərlərində bəzi türk fəallar əllərində plakatlar və Doğu Türküstan bayraqları ilə uyğurlara dəstək, Çin hakimiyyətinin siyasətlərinə də etirazlarını nümayiş etdirdilər. Amma o gün Fələstinin məzlumları ilə həmrəy olanların durumundan fərqli olaraq Doğu Türküstanın məzlum müsəlmanlarına dəstək olanların aqibəti zindan oldu. Hər ikisi müsəlman, hər ikisi zülmə məruz qalmış, hər ikisi öz yurdunda vətənsizlik yaşayan olsa da islamın bərabərliyi iddiasında olan rəsmi Tehranın bu şəkildə bərabərsiz yanaşması gerçəkdən təəssüf doğurdu. Əgər bu addım kommunist Çin müqabilində siyasi-strateji əməkdaşlığa səqadətin təcəssümüdürsə də belə, müsəlman uyğurların dini inanclarına qarşı həyata keçirilən diskriminasiya müqabilində müsəlman İranın mövqeyi məqbul sayıla bilməz. Heç kəsə sirr deyil ki, İran ayətullah və höccətulislamlarının islama öndərlik iddiası yerə göyə sığmır. Bu gün Çində də 40 milyondan artıq Məhəmməd ümməti var ki, onların varlığı üçün din faktoru hər zaman həyati önəm daşımış və bu gün də daşımaqdadır.  Elə Rəsul Rəzəvi və başqa oyaq vicdanların da istəyi fələstinlilərin acısına şərik olunduğu kimi uyğurların da faciəsinə biganə qalınmamasıdır. Necə ki, onlar bu əməli inancı qarşısında təəhhüdlü müsəlman kimi gerçəkləşdirdilər. Nəsibləri isə məhbəs oldu.  Görünür sizlər üçün xütbələrdə daim israr etdiyiniz «bir müsəlmanın haqqı tapdanarsa onun müqabilində susmaq belə cinayətdir» prinsipinin ikili - islama deyil məzhəbə, ümmətə deyil millətə, mənəviyyata deyil siyasətə əsaslanan mahiyyəti varmış. Hərçənd bu yanaşmanı istər  Ağdam məscidini tövləyə çevirən ermənilər qarşısındakı mövqeyinizlə, istərsə də Nardaranda baş verən olaylarda kifayət qədər müşahidə etmişik. Görəsən Azərbaycanda həbs olunan dindarların məsələsinə ənənəvi müdaxiləsindən bir an usanmayan rəsmi Tehran nədən öz azərbaycanlı- türk vətəndaşlarının nəinki milli haqlarını qazanmaq uğrunda mübarizəsinə, hətta qardaş uyğur müsəlmanlarına sahib çıxmasına  bu qədər amansız yanaşmalıdır? Yəqin bu sualın tək cavabını haqqı tapdananın da, haqqı istəyənin də məhz türk, Tehranın, Qumun dini təbliğatından nəsibini almamış müsəlmanlar olmasında axtarmaq olar. Nə yazıq ki, İranın siyasi sistemində, hakimiyyət strukturunda hər hansı dəyişiklik olursa da belə bu nəhs - insanlığa, ədalətə, islama, qurana və vicdana zidd «ənənə» davam etməkdədir. 

Bu günlər İranın siyasi həyatında həm də yeni bir önəmli olayı müşahidə etməkdəyik. Nəhayət uzun illərdən sonra türk varlığını inkar etməyə çalışan siyasi sistem ölkənin bütün türk millət vəkillərinin bir araya gəlməsinə yaşıl işıq göstərməyə məcbur oldu. İnanırıq ki, yaradılan «Türk millət vəkilləri fraksiyasının fəaliyyət gündəmində bu gün dili və milli varlığı uğrunda məhbəs həyatı yaşayan soydaşlarımızın -  Rəsul Rəzəvi, Yürüş Mehrəlibəyli, Lətif Həsəni, Murtəza Muradpur, Hüseyn Əliməhəmmədi, Siyamək Mirzayi, Behnam Şeyxi və başqalarının üzləşdiyi ədalətsizliyə son qoyulması yönündə çalışma əsas prioritetlərdən olacaq.  Unutmamalıyıq ki, bu gün millət adına qazanılan hər uğurun arxasında elə Rəsul Rəzəvi və onun sarsılmayan silahdaşlarının dəmir iradələri dayanmaqdadır. Və məhz o iradədir ki, bir gün bütün susmuş , kor vicdanların dilini açacaq və soydaşlarımıza haqq etdikləri HAQQI qazandıracaq.