vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
14:48 | 12 dekabr 2016 | Bazar ertəsi Məqaləyə 2660 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ölkədə müqavimət artmaq üzrədir»

Heydər Əliyevin istefadan əvvəl Siyasi Bürodakı çıxışı

Xaqani SƏFƏROĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün mərhum prezident Heydər Əliyevin vəfatının 13-cü ildönümüdür. Ölkənin siyasi tarixinin böyük bir dövrünə rəhbərlik etmiş H. Əliyev SSRİ zamanında da yüksək karyera qura bilmiş nadir müsəlman siyasətçilərindən hesab olunur.

Mərhum Heydər Əliyevin SSRİ-də yüksək dövlət postuna təyin olunması SSRİ tarixində azərbaycanlı bir şəxsin bu səviyyədə dövlət idarəçiliyində iştirakı haqqında ilk və yeganə faktdır.

1982-ci ildə Yuri Andropovun SSRİ rəhbərliyinə gəlməsindən bir ay sonra – dekabr ayında Heydər Əliyev Siyasi Büronun üzvü və Nazirlər Soveti sədrinin müavini təyin olundu. 3 ildən sonra isə SSRİ özünün ənənəvi həyat tərzini dəyişəcək yeni siyasi proseslərin girdabına düşdü. 1985-ci ildə Kommunist Partiyasının Mərkəzi Komitəsinin yeni seçilmiş baş katibi Mixail Qorbaçov SSRİ-də «yenidənqurma və aşkarlıq» adı verdiyi siyasi kursunu elan etdi. Bu kurs ölkədə böyük təlatümlər yaratdığı kimi, ənənəvi kadr dəyişikliklərini də ortaya qoydu. M. Qorbaçov daha çox ondan asılı olan və İttifaq miqyasında o qədər də tanınmayan şəxsləri komandasına cəlb etməklə yanaşı Mərkəzi Komitədə siyasi çəkisi və böyük xarizması olan şəxslərin təmizlənməsinə başladı.

Bu şəxslərdən biri də Sov. İKP Siyasi Bürosunun üzvü, mərhum Heydər Əliyev oldu. 1987-ci ilin oktyabrında Siyasi Büronun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsindən çıxarılan H. Əliyevin istefası rəsmi olaraq onun səhhəti ilə bağlı olduğu elan olunsa da partiya kluarlarında bu qərar M.Qorbaçovun H.Əliyevlə münasibətlərinin sonucu kimi dəyərləndirlirdi.

İndiyə qədər Heydər Əliyevin SSRİ-də elan edilmiş Yenidənqurma və Aşkarlıq siyasətinə münasibəti, bu barədə Siyasi Büronun iclaslarında çıxışları barədə çox məhdud məlumatlar var. Mərhum eks-prezidentin özünün sağlığında verdiyi müsahibələrində Mixail Qorbaçovla olan münasibətlərinə, onun yeritdiyi kursa münasibətini ifadə edən müəyyən məqamlara toxunub.

Amma onun Siyasi Büronun iclasında SSRİ-də aparılan yeni siyasi kursun uğursuzluğu barədə açıq danışması barədə tarixi faktlar da var.

Strateq.az saytı mərhum prezidentin Siyasi Bürodakı son çıxışlarından birinin mətnini əldə edib.

SSRİ prezidenti Mixail Qorbaçovun köməkçisi olmuş Anatoli Çerneyayevin «Sovet siyasəti: 1972-1991-ci il – daxildən baxış» adlı memurlarında Siyasi Büronun iclasları, Mixail Qorbaçovun çıxışları, Mərkəzi Komitə üzvlərinin münasibətləri əks edilib. Müxtəlif illər üzrə gündəlik formasında yazılmış bu qeydlər sonradan kitab şəklində çap olunub.

Çernyayevin həmin memuarlarındakı 1987-ci il il üzrə qeydlərində maraqlı detal diqqətimizi çəkdi. Orada Siyasi Büronun həmin ilin sentyabr ayında keçirilən iclasında müzakirə olunan məsələlər və Büro üzvlərinin çıxışları əksini tapıb.

1987-ci il. SSRİ-də elan olunmuş yenidənqurmanın ikinci ili. Sovet rəhbərliyi artıq bu 2 üzrə əldə olunan nəticələri bilmək üçün diskussiyalar aparır, daxili müzakirələr keçirirlər.

1987-ci ilin 28 sentyabrında keçirilmiş Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun iclası məhz bu məsələnin müzakirəsinə həsr olunub. Baş katib Mixail Qorbaçov SSRİ-də aparılan yenidənqurma siyasətinin üzləşdiyi problemlər barədə məsələyə Kommunist Partiyasının rəhbərliyinin mövqeyini öyrənmək istəyir.

Heydər Əliyev məhz bu iclasdakı çıxışında SSRİ-də aparılan yenidənqurma siyasətinin iflasına dair ilkin mövqeyini açıqlayıb.

Siyasi Büronun bu iclasında çıxış edən M.Qorbaçov «gəlin yenidənqurma barədə, bu kursun bizi narahat edən və sevindirən məsələləri barədə açıq müzakirələr aparaq» -deyə son iki ildə həyata keçirilən işlərdən danışıb. İclasda «yenidənqurmanın ən böhranlı mərhələsinə» qədəm qoyduqlarını deyən Qorbaçov etiraf edib ki, yürüdülən siyasətlə bağlı cəmiyyətdə gərginlik artır. Lakin o, çıxışında bu siyasi kursun ortaya çıxardığı mənfi tendensiyaların əsaslarını müzakirə etmək əvəzinə «mühafizəkar qüvvələrin yenidənqurmaya əngəllər yaratdığını»dan narazılıq edib.

Bundan sonra Siyasi Büro üzvlərinin mövzu ilə bağlı çıxışları başlanır. Çıxış edən Siyasi Büro üzvləri Rıjkov, Qromıko, Liqaçov, Vorotnikov və digərləri «sovet xalqının yenidənqurmaya tam dəstək verdiyini», amma «bəzi problemlərin həllinin vacib olduğunu» qeyd ediblər. Lakin onlar bu problemlər barədə ehtiyatla və ümumi danışaraq əsas notu müsbət tendensiya üzərində qoymaqla baş katibi qəzəbləndirməməyə üstünlük veriblər.

Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin müavini Heydər Əliyevin 28 sentyabr iclasındakı çıxışı SSRİ-də M.Qorbaçov tərəfindən aparılan yeni kursun açıq tənqidi ilə xarakterik olub.

H.Əliyev çıxışında problemin kökünə baxaraq partiya funksionerlərinin, kadrların yeni kursu tam başa düşmədiklərini, aparılan siyasətdə xaotiklik və mühafizəkar çoxluğun əvvəlki sistemlə idarəçiliyin davam etməsində maraqlı olduqlarını vurğulayıb.

Bu çıxış M.Qorbaçovun əsəbi replikası ilə müşayiət olunub.

Strateq.az mərhum Heydər Əliyevin istefasından bir qədər əvvəl -1987-ci il sentyabrın 28-də Siyasi Büroda etdiyi çıxışdan bəzi məqamları oxuculara təqdim edir.

Öz çıxışında H.Əliyev M. Qorbaçov tərəfindən yürüdülən yeni kursun SSRİ-də birmənalı qarşılanmadığna işarə edərək prosesin çətin getdiyini vurğulayıb. «Yenidənqurma çox çətin gedir. Ölkənin mühafizəkar təbəqəsinin müqaviməti artmaq üzrədir. Bu müqavimət özünüqoruma cəhdi və inersiya üzrə artır» -deyə H.Əliyev çıxışında qeyd edib.

Daha sonra partiyanın yürüdülən yeni kursla bağlı praktik nəticələrinin əldə olunmasındakı çətinliklərə toxunan H.Əliyev bu prosesdə pərakəndəliyin nəzərə çarpdığına işarə edib.

«Nəzəri cəhətdən biz sanki hər şeyi bilirik. Amma mühüm olan budur ki, hər kəs yenidənqurmada öz yerini bilsin. Yenidənqurma siyasətinin müəyyənləşməsində partiyanın yuxarı eşelonu iştirak edir, ancaq digər təbəqələr bu prosesdə aktiv deyil. İndi ən əsas məsələ -bu təbəqəni fəallaşdırmaq və yenidənqurmada iştirakı öyrətməkdir«.

Çıxışında nümunə kimi SSRİ yüngül sənaye sistemini göstərən H. Əliyev vurğulayıb ki, bu sahədə 1986-cı ildən bəri heç nə dəyişməyib: «Yüngül sənayedə yenidənqurma bizim 1986-cı ilin aprel qərarına əsaslanıb. Ancaq bu 2 il ərzində onun rəhbərləri öz sahələri üzrə islahatların prinsiplərini mənimsəyə bilməyiblər».

Daha sonra H. Əliyev sovet KİV-lərində Siyasi Büronun qəbul etdiyi qərarların icrasının izah edilməməsini tənqid edib: «Mətbuat Siyasi Büronun və hökumətin sosial sahədə verdiyi qərarlarının necə reallaşması barədə izahat vermir»-deyə Əliyev çıxışını bitirib.

Bu iclasdan cəmi iki həftə sonra -1987-ci ilin oktyabrında Heydər Əliyev tutduğu vəzifəsindən azad edilərək istefaya göndərildi.