vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AKTUAL  
10:03 | 18 fevral 2017 | Şənbə Məqaləyə 1012 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Generallar lokal toqquşmalara etiraz etmir

Sülh «istəyən» ermənilərin növbəti təxribatı

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın və Rusiyanın baş qərargah rəislərinin fevralın 16-da görüş yeri kimi Bakını seçmələri Moskvanın ilə Vaşinqtonun Azərbaycana verdikləri dəyəri göstərir. Böyük ehtimalla generallar görüş üçün Bakını ona görə seçiblər ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycan Suriyaya yaxın məsafədə yerləşir. Rusiya və ABŞ-ın baş qərargah rəisləri isə görüşlərində ilk növbədə Suriyadakı vəziyyəti müzakirə etməyi planlaşdırırdılar. İran və İraq da Suriyaya qonşu dövlətlərdir, ancaq generallar bu iki ölkədə görüşə bilməzdilər. Görüş yeri kimi Ankara da seçilə bilərdi, ancaq bu halda amerikalı general Türkiyə-Rusiya hərbi ittifaqı ilə üz-üzə qalacaqdı. Azərbaycan isə Suriya mövzusunda neytral ölkədir. Ona görə də sonda Bakıda görüşməyə qərar verdilər.

Bir-biriylə rəqabətdə olan iki böyük dövlətin Bakıda görüş keçirməsi Azərbaycan hakimiyyəti üçün iki baxımdan vacib idi.

Birincisi, bu həm Rusiya, həm də ABŞ-ın rəsmi Bakının balanslaşdırılmış xarici siyasəti ilə hesablaşmalarının əlamətidir.

İkincisi, amerikalı və rusiyalı generalın Bakıdakı görüşü Azərbaycan ordusunun Dağlıq Qarabağ ətrafında həyata keçirdiyi əməliyyatlara qarşı etirazın olmadığını göstərir. Halbuki, Ermənistan hakimiyyəti daima Rusiya və ABŞ-a müraciət edir ki, Moskva və Vaşinqton «atəşkəsi pozduğuna» görə rəsmi Bakıya etirazlarını bildirsin.

Ümumiyyətlə, atəşkəsin müddəti təxminən iki il bundan əvvəl bitib. Bu müddətdə lokal döyüşlərin sayı artıb, Ermənistan ordusunun Dağlıq Qarabağdan kənara çıxan helikopteri də vurulur, hərbi texnikası və canlı qüvvəsi də hədəfdədir. Bu rəsmi Bakının iki ildir həyata keçirdiyi hərbi taktikadır. Ermənistan ordusu itkilərinin sayının artmasını istəmirsə Dağlıq Qarabağ ətrafındakı postlarını tərk edib Xankəndi ətrafına çəkilməlidir. Ancaq bunun baş verməsi Dağlıq Qarabağ ətrafındakı bölgələrə nəzarətin itirilməsi deməkdir ki, bu hal Azərbaycan ordusuna bu ərazilərə daxil olmaq üçün münbit şərait yaradacaq. Ona görə də Ermənistan hakimiyyəti itkilərin artması hesabına olsa belə Dağlıq Qarabağın ətrafındakı hərbi istehkamlarını tərk etməyi planlaşdırmır. Bu isə o deməkdir ki, hərbi qarşıdurma davam edəcək, itkilər də artacaq.

Ermənistan hakimiyyəti bir tərəfdən «sülh» və atəşkəsə riayət olunmasını istəyərkən, digər tərəfdən gərginliyi artıracaq təxribatlara yol verir. Məsələn, fevralın 20-də Dağlıq Qarabağda «konstitusiya dəyişikliyi ilə bağlı referendum» bunun bariz nümunəsidir. Separatçılar «referendumla» Dağlıq Qarabağın adını «Artsax» ifadəsinə dəyişmək istəyirlər.

Birincisi, Dağlıq Qarabağdakı «referendumun» hüquqi qüvvəsi yoxdur, «nəticə» beynəlxalq aləmdə tanınmayacaq, vasitəçilər və dünya dövlətləri Dağlıq Qarabağ adını bundan sonra da olduğu kimi çəkəcək və «Artsax» ifadəsini işlətməyəcəklər.

İkincisi, bu «referendum» Azərbaycanda böyük narazılıq yaradacaq və ölkədə müharibə əhval-ruhiyyəsini gücləndirəcək. Ermənistan cəmiyyəti bir il əvvəl - aprel ayındakı müharibənin yenidən təkrarlanmasından qorxarkən, rəsmi İrəvan Dağlıq Qarabağda «referendum» keçirməklə hərbi toqquşmanın tarixini yaxınlaşdırır.

Bu arada, Minsk Qrupu həmsədrləri Dağlıq Qarabağdakı «referendumla» bağlı bəyanatlarında yumşaq ifadələr işlədiblər. Beynəlxalq vasitəçilər fevralın 17-də Münhendə təhlükəsizlik konfransı çərçivəsində Ermənistan xarici işlər naziri Edvard  Nalbəndyanla görüşüblər. Həmsədrlər bu görüşdə  Nalbəndyana Dağlıq Qarabağdakı «referendumun» hansı mənfi nəticələrə gətirə biləcəyini xatırlada bilərdilər. Böyük ehtimalla bu xəbərdarlığı həmsədrərin əvəzinə Münhendə  Nalbəndyanla görüşən Azərbaycann xarici işlər naziri Elmar Məmmədyarov çatdırıb.

Maraqlıdır ki, Evdard  Nalbəndyan Münhen konfransı bitdikdən dərhal sonra Moskvaya gedərək rusiyalı həmkarı Sergey Lavovla görüşəcək.  Nalbəndyan Moskvada bu yaxınlarda olmuşdu və yenidən Lavrovla görüşə tələsir. Bu o deməkdir ki, İrəvanın Qarabağla bağlı atdığı addımlar Moskvanın nəzarətindədir. Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağdakı «referendumu» pisləməyib. Rusiya XİN-nin açıqlamasında belə deyilir: «Biz düşünmürük ki, nizamlanmanın gedişi «konstitusiya referendumu»nun keçirilməsindən asılı ola bilər».

Bu ikibaşlı cümlədir. Moskva bununla demək istəyir ki, «Rusiya Dağlıq Qarabağda fevralın 20-də keçiriləcək referendumun əleyhinə deyil və separatçılar Dağlıq Qarabağın adının «Artsax» adıyla dəyişdirilməsi hüququna malikdirlər». Moskva həmsədr kimi «referendumun keçirilməsi bölgədə gərginliyi daha da artıra bilər», «sülh danışıqlarına maneə yarada bilər» açıqlamalarına üstünlük verməkdənsə, birmənalı işğalçının yanında yer alır.