vaxtlı-vaxtında oxuyun! Cümə, 21 iyul 2017
ABŞ dolları 1 USD = 1.7017 AZN
Avro 1 EUR = 1.9590 AZN
Rusiya rublu 1 RUB = 0.0288 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2160 AZN
Türk lirəsi 1 TRY = 0.4821 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər  bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MÜBAHİSƏ  
10:45 | 21 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 795 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qan qardaşıyla birləşə bilməyən adam...»

Mirəlioğlu: «Zərdüşt Əlizadə ömründə birinci dəfə idi ki, türk olduğunu etiraf edirdi»

Kəramət BÖYÜKÇÖL, lent.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Politoloq Zərdüşt Əlizadədən Lent.az-a müsahibəsində Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəylə bağlı dedikləri cəmiyyətdə geniş rezonans doğurub. Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə Zərdüşt Əlizadənin Elçibəylə bağlı fikirlərinə cavab vermək istəyib. Lent.az mövzu ətrafında Kəramət Böyükçölün Mirmahmud Mirəlioğlu ilə söhbətini təqdim edir.


– Mirmahmud bəy, Elçibəylə bağlı çoxlu kitab gətirmisiniz. Deyəsən, Zərdüşt Əlizadənin fikirləri sizə də təsir edib.

– Əslində, Zərdüşt Əlizadənin Elçibəy haqqında dediyi fikirlərdə böyük problem yoxdur. İnanın ki, burada sizin daha çox xidmətiniz var.

 

– Nə mənada?

– Zərdüştün türk olmasında Kəramət Böyükçölün rolu böyükdür. O, ömründə birinci dəfə idi ki, türk olduğunu etiraf edirdi. Ancaq yenə də yalan deyib. Çünki türk türkün düşməni olmaz. Zərdüşt öz xarakterindədir. Onun Elçibəylə bağlı dəyişməz bir mövqeyi var. Təbii ki, Zərdüştün fikirlərinə cavab vermək lazımdır, verilir də. Ancaq Elçibəyin müdafiəyə ehtiyacı yoxdur. Elçibəyi heç mühafizəçiləri də müdafiə etməyiblər, onu qorumayıblar. Əksinə, Elçibəy haqqında yaxşı söz deyənlər, müdafiə edənlər onun adı, kölgəsi, nüfuzu ilə özlərini qoruyurlar, məşhurlaşırlar.


– Yəqin, bilirsiniz ki, Zərdüşt kiminsə təlimatı ilə danışan adam deyil. Söhbətimizdə də hiss elədim ki, o, səmimi qəlbdən düşünür ki, Elçibəy Azərbaycanın uğursuz prezidenti olub. Maraqlıdır, burada qəbulolunmaz nə var ki? Olmazmı, Zərdüşt də bu cür düşünsün?

– Bu gün siyasətdə çox adam – Zərdüşt və bir neçə nəfəri çıxmaq şərti ilə – hamısı Elçibəyin məktəbindən, onun mühazirələrindən, auditoriyasından, dərslərindən çıxmış adamlardır. Bu mənəvi dəyərə toxunmaq doğru deyil. Elçibəy təkcə ustad yox, müəllim yox, həm də mənəvi atadır. Şəxsən mən bunu etiraf edirəm. Hətta Marqarit Tetçer Elçibəyi «böyük demokrat» adlandırmışdı. Elçibəyin bütün hərəkət və davranışlarında bir orijinallıq vardı. O, 2000-ci ildə insanlara ölümü də sevdirdi. Ölümü şərəfləndirdi.

 

– Bəs sizcə, Zərdüşt niyə bu mənəvi dəyərə toxunur?

– Zərdüşt Əlizadənin danışdıqları ancaq öz mahiyyətidir, türklüyə, Elçibəyə münasibətidir. Bu, illərlə yoğrulmuş münasibətdir. Yeri gəlmişkən, siz də müsahibənizdə Zərdüştün fikirlərinə uyaraq Elçibəy haqqında «siyasi savadsızlıq» ifadəsini işlədirsiniz. Bilirəm ki, siz də səmimi şəkildə deyirsiniz, olsun.

Son müsahibəsinə qədər mən Zərdüşt Əlizadəni bir alim kimi qəbul edirdim. Artıq qəbul etmirəm, onun alimliyinə də şübhə edirəm. Kin, nifrət, qəzəb Zərdüştdə o həddə çatıb ki, bu adam alimliyinin fərqində deyil. Alim nəyin əleyhinə olursa-olsun, alim kimi danışmalıdır. Kin, nifrət gözlərini o qədər örtüb ki...

Məşhur bir söz var: xeyrə, şərə yaramaz. Bir ailənin, bir nəslin nümayəndəsi bir-birinin xeyir-şərinə getməyəcəksə, qan qardaşının yası düşüb, orda dil tərpədib, hərəkət etməyəcəksə, təbii ki, o adam millətləşmə, dövlətləşmə və bütövləşmə əleyhinə olacaq, Elçibəyin bütöv Azərbaycan ideyasının əleyhinə olacaq. İki qardaş bir-biri ilə yola getmir, amma bu boyda xalqı, milləti bir yerə yığan insanı təhqir edirlər.


– Türkçülükdən tez-tez danışırsınız. Bir məsələni qeyd edim. Radikal dindarların ziyanını bütün dünya görür, eyni zamanda radikal millətçilərin. Bu yaxınlarda şair Salam Sarvan türkçülüklə bağlı bir-iki cümlə yazmışdı, onun üstünə necə düşmüşdülər, hətta ölümlə hədələyirdilər. Doğrudurmu bu?

– Bunun cavabını Əbülfəz Elçibəy verib. Deyib ki, aşırı millətçilərin qabağına bir demokrat sözünü qoyacaqsan ki, heç kim həddini aşmasın, faşistə çevrilməsin. İstər dindarlarımız olsun, istər də millətçilərimiz, bizdə bir bilgisizlik var. Radikal dindarların əksəriyyəti mövhumatçıdır deyə qana çağırır. Axı islam qana çağırmır.

İslam deyir, sizinlə savaşanlarla savaşın. Bizdə qəribə bir şey də var. Adamlar elə bilir ki, namus, qeyrət, millətçilik hər şeydən, hətta haqdan da üstündür. Qətiyyən olmaz. Abırı, həyanı, namusu, qeyrəti haqdan üstün tutan cəmiyyət uduzmağa məhkumdur. Haqq hər şeydən üstündür, dədəmizdən də, anamızdan da, namus, qeyrətimizdən də üstündür. Çünki haqq olmasa, bunların heç biri olmayacaq.


– Maraqlıdır ki, stolumuzun üstündə Ədalət Tahirzadənin kitabı var. Görən kimi bir məsələ yadıma düşdü. Ədalət müəllim yazır ki, Elçibəy prezident olanda fərmanların sıra sayı ikidən başlayır. Yəni bir nömrəli fərman verməyib. Səbəb də o olub ki, mən bir nömrəli fərmanı Təbriz haqqında verəcəm. Bir prezident, lider bu qədər romantik olmalıdırmı?

– Bütün məsələlər təxəyyüldən gəlir. Sizin suallarınız da, mənim cavablarım da. Bizdə Elçibəy qədər orijinal, Elçibəy qədər əhatəli, geniş bir siyasətçi azdır. İnsan gərək nəyisə fikrində qursun, desin, bundan sonra Allah da imkan versin ki, fikri yerinə yetirsin. Təxəyyül olmasa, romantika olmasa, reallığı qurmaq mümkün deyil. Əvvəl nəyisə beynində qurmalısan, o, cizgilərə, qanuna çevrilənə kimi o qədər variantlar olacaq ki...

Elçibəy Azadlıq meydanında bir milyona yaxın insanın qarşısında çıxış edir. Hamı gözləyir ki, görək Bəy nə deyəcək. Deyir ki, islam dünyasında hamını bir araya səsləyən azan var. Bu azanda Allahın adları sadalanır. Bu azanda ən çox xoşuma gələn ifadə budur: «Tələsin, xeyir əməllərə tələsin».

Elçibəy sadədən də sadə insan idi. Dahi sadə olmalıdır da. Elçibəy uşaqdan da üzr istəyirdi. Dünyanın bütün dahilərini gözünüzün qabağına gətir, təhlil edin, hamısı sadədən sadədir. Nə istəyirsən danışır, üzr istəyir, etiraf edir...


– Bəs niyə deyirlər ki, etiraf siyasətçinin intiharıdır?

– Xeyr, etiraf insanlıq nümunəsidir. Olmayan bir saylı fərman da, romantika da hamısı insanlığa xidmətdən ötrüdür. İnsana xidməti məkrin, hiylənin, yalanın üzərində qurmaq lazımdır?


– Zərdüşt Əlizadənin «Elçibəy Qarabağın verilməsi hesabına rus qoşunlarını Bakıdan çıxardı» fikrinə münasibətiniz necədir bəs?

– Zərdüşt gözünün içinə kimi yalan danışır. Vallah, ayıbdır. Rus qoşunları Cavad xan şəhid düşəndən – 1804-cü ildən 1993-cü il mayın 25-nə qədər burda olub. Yeltsinlə Elçibəyin söhbətində iki maraqlı məqam var. İki dövlətin başçısı, prezident telefonda danışır. Yeltsin Elçibəyə hökmlə, saymazyana deyir ki, bizim orda gəmilərimiz var, tutulan adamlarımız var, onları buraxın. Elçibəy telefonu Yeltsinin üzünə bağladı. Bir neçə saatdan sonra Yeltsin yenə zəng edib ki, hörmətli Elçibəy, bizim orda vətəndaşlarımız var, balıq ovuna çıxanda sərhəd sularını keçiblər, həbs olunublar. Mən sizdən xahiş edirəm ki, onların azad edilməsinə yardım edəsiniz. Elçibəy bundan sonra onun xahişini yerinə yetirir.


– O biri məqam hansıdır?

– Rus qoşunlarının Bakıdan çıxarılması məsələsi müzakirə olunur. Elçibəy deyir ki, Moskvada Azərbaycan ordusu yerləşdirilməlidir. Yeltsin deyir ki, bu nə danışıqdır? Elçibəy qayıdır ki, bəs Bakıda niyə rus qoşunu olmalıdır? Bax, müstəqil dövlət budur, müstəqil dövlətin prezidenti olmaq budur.


– Bəy hansı dilləri bilirdi?

– Elçibəy rus dilini gözəl bilirdi. Xruşovun danışığını ərəbcədən ruscaya, ruscadan da ərəbcəyə tərcümə edirdi. Rus telekanalına müsahibə verirdi, yanında da tərcüməçisi oturmuşdu. Hamı gülürdü, hətta ətrafı da gülürdü ki, Elçibəy rus dilini bilmir. Birdən canlı yayımda öz tərcüməçisini efirdən qovdu.


– Kim?

– Elçibəy.


– Niyə qovdu?

– Elçibəy bildi ki, o, fikri səhv tərcümə etdi.


– Mirmahmud bəy, deyirlər ki, Elçibəy əməliyyat olunsaydı, yaşayacaqdı. Amma əməliyyat olunmağı özünə sığışdırmayıb. Doğrudur bu?

– Elə şeylər var ki, danışılması doğru deyil.


– Yəni əməliyyatdan imtina etdi?

– Bəli, bəy özü imtina etdi.


– Əməliyyat olsaydı, doğrudanmı yaşayacaqdı?

– Bunu deyə bilmərəm.  Çünki bu, mənim şahidi olmadığım, ancaq eşitdiyim söhbətdir.


– Maraqlıdır, Elçibəy bu müsahibənizi oxusaydı, onun haqqında fikirlərinizə görə sizə nə deyərdi?

– Hesab edirəm ki, Elçibəy mənim bu danışdıqlarımı qətiyyən qəbul etməzdi. Deyərdi ki, sən özünə uyğun, öz səviyyəndə danışmamısan. Deyərdi ki, kiminsə mənim haqqımda dediklərinə uymusan.


– Bəs Zərdüşt Əlizadəyə nə deyərdi?

– Heç nə. Qətiyyən əhəmiyyət verməzdi.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *