vaxtlı-vaxtında oxuyun! Cümə, 15 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
TOP OYUNLARI  
23:09 | 2 avqust 2017 | Çərşənbə Məqaləyə 2528 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şansımız az deyil»

Roman Qriqorçuk: «Söz verirəm ki, qrupa düşsək...»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Panatinaikos» güclü komandadı. Onların sürətli oyunçuları var». Apasport.az saytının məlumatına görə, bunu «Qəbələ»nin baş məşqçisi Roman Qriqorçuk deyib.

«Qırmızı-qaralar» sabah UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda «Panatinaikos»u qəbul edəcək.

Qarşılaşmadan öncə təşkil olunan mətbuat konfransında ukraynalı mütəxəssis komandasının şanslarını dəyərləndirib: «Sürətdə heç də rəqibdən geri qalmırıq. Sadəcə, bizə oyunu idarə etmək, istədiyimiz oyunu göstərmək lazımdı. Belə olarsa, rəqibin şansı da azalar. Sürət idmanda çox böyük rol oynayır. Sabahkı rəqibimizin isə sürət baxımından bizdən üstünlüyü yoxdu. Biz «Borussiya», «Anderlext», «Sent-Etyen» kimi komandalarla oynamışıq. Həmin vaxt onlardan sürətdə geri qalırdıq. Ancaq «Panatinaikos» belə deyil».


- Çempionatdakı əsas rəqibiniz «Qarabağ»ın Çempionlar Liqasındakı qələbəsi sizdə yaxşı mənada qıcıq yaratmadı?

- «Qarabağ»a uğurlar arzu edirəm. Ümid edirəm ki, onlar Çempionlar Liqasında qrupa düşəcəklər. Dünənki oyuna baxa bilməmişəm. Çünki diqqətimizi öz oyunumuza yönəltmişik. Ümumi götürdükdə bu qələbələr ölkə reytinqinə xalların əlavə olunması baxımından yaxşı haldı. Amma bu, bizim komanda üçün əlavə motivasiya yaratmır.


- Cavid Hüseynov son vaxtlar aqressiv görünür və yersiz sarı vərəqələr alır. Onunla bu barədə söhbət etmisinizmi?

- Bu sual bir az gecikib. Cavid əvvəllər də özünü çılğın aparıb. Onunla bu barədə söhbətlər etmişik.


- «Qəbələ» səfər matçlarında inamlı oyunu ilə yadda qalıb. Ancaq Yunanıstanda elə də yaxşı oyun göstərə bilmədiniz. Bu, yeni mövsümə tam hazır olmadığınızdan xəbər verir?

- Səbəb o oldu ki, öz üslubumuzda oynaya bilmədik. Oyunu idarə etməyi bacarmadıq. Bunda rəqibin bizə maneələr yaratmasının rolu oldu. Əminəm ki, sabah öz üslubumuzda oynaya biləcəyik.


- Rəqibin bir neçə texnikalı futbolçuları var. Onların zərərsizləşdirilməsi üçün hər hansı xüsusi tapşırıq olacaqmı?

- Düzgün qeyd etdiniz. Bir daha təkrar edirəm ki, rəqib güclü komandadı. Onları çox yaxşı tanıyırıq. Biz öz stilimizdə oynasaq, rəqib güclü tərəflərindən istifadə edə bilməyəcək. Onların rahat davranmasının səbəbi bizim öz üslubumuzda oynamamağımız idi.


- «Qəbələ» adətən cavab matçlarında daha inamlı çıxış edir. İstədiyiniz üslubu meydanda göstərməyiniz üçün start heyətində hər hansı dəyişiklik etməyi planlaşdırırsınızmı?

- Hələ nəsə deyə bilmərəm. Bu gün də oyunçuların durumuna baxacağıq. Yaxşı hazırlıq keçmişik. Bu da bizə sabahkı oyunda heyəti müəyyənləşdirmək baxımından kömək edəcək.


- Zədə üzündən ilk oyunu buraxan Xavi cavab görüşünə hazırdımı?

- Hazırda heç bir zədəlimiz yoxdu. Kimin «18-liy»ə düşəcəyinə sabah aydınlıq gələcək.


- Adətən mərhələ keçəcəyiniz təqdirdə nəsə edəcəyinizə söz verirsiniz və bu, uğurlu olur. Bu dəfə mərhələ keçəcəyinizə söz verirsinizmi?

- Xeyr, buna söz verə bilmərəm. Kiminsə futbolla bağlı söz verməsi gülməli olar. Əgər qrupa düşə bilsək, o zaman hansısa yenilik barədə düşünmək olar. Əlbəttə ki, məmnuniyyətlə. Söz verirəm ki, qrupa düşsək, nəsə bir şey təşkil olunacaq.


- İki il əvvəl «Panatinaikos»la səfərdə heç-heçə edərək, qrup mərhələsinə vəsiqə qazanmışdınız. Həmin rəqiblə indiki «Panatinaikos»u müqayisə edə bilərsinizmi?

- Komandaları müqayisə etməzdim. Hər iki komandanın heyəti yenidi. Bu illər ərzində komandamızda xeyli iş görünüb. Şansımız az deyil. Başa düşürük ki, bundan istifadə etmək lazımdı.


- Futbolçuların fiziki durumunun qənaətbəxş olmadığını nəzərə alsaq, məsələni 90 dəqiqə ərzində həll etmək sizin üçün daha yaxşı olmaz?

- Mən fiziki durumumuzun yaxşı olmaması fikri ilə razı deyiləm. Rəqib bu mənada bizdən heç də üstün deyil. İlk görüşün ikinci hissəsindəki epizodlar belə deməyimə əsas verir. Bizim üçün mərhələ adlamaq önəmlidi. Bu, 90 və ya 120 dəqiqəyə ola bilər. Əsas odu ki, istədiyimiz qələbəni qazanaq.


- Penaltilər seriyasına hazırlaşmısınızmı?

- Bəli, bunun üzərində də hazırlaşmışıq. Hər şey ola bilər. Belə hal olarsa, kimlərin zərbəni vuracağını da müəyyənləşdirmişəm. Yaxşı olardı ki, penaltilərə qalmayaq, o vaxta qədər məsələni həll edək.


- Buraxılacaq 1 qoldan sonra belə, futbolçular psixoloji cəhətdən mübarizəni davam etdirməyə hazırdılarmı?

- Bunu nəzərə alaraq, söhbətlərimizdə demişik ki, sabah bizə 3 qol vurmaq lazımdı.


- Əvvəllər 5 qol deyirdiniz...

- O qədərini Yunanıstanda vurmaq istəyirdik.