«Deyirdilər ki, Qəbələ futbol bölgəsi deyil»
Nail Kərimov: «Azərbaycan üçün nümunə ola biləcək akademiya yaratmışıq»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Erməni futbolçu Azərbaycana gələ bilər
“Proqres”in qol ümidi “Qəbələyə” qarşı oynayacaq
-
Qriqorçukun, yoxsa «Qəbələ»nin nöqsanı?
«Çox eşitmişəm və burda o haqda çox danışılır»
-
«Azərbaycan həmişə ürəyimdədi»
Nika Kvekveskiri: «Mahir Mədətov məndən inciməsin...»
-
Yiyəsiz «Zirə»
Heç kim baş məşqçini müdafiə etməyi bacarmadı
-
«Qarabağ» həm xal itirdi...
... həm də pul
-
«Bu oyunda sadəcə, qol çatışmadı»
Qurban Qurbanov: «Meydanda yaxşı sürət, yaxşı mübarizə gördüm»
-
Təmkinli sürpriz
Qış transferində səs-küylü keçidlərə şahid olmayacağıq
-
Topaz Premyer Liqanın nəhs turu
Əhmədov bu gün etik qaydalara tüpürdü, sabah isə...
-
«Bu cür hesab gözləmirdik»
«Qəbələ» klubunun prezidenti: ««Qarabağ»ın hegemonluğuna son qoymağa çalışacağıq»
-
Pulun var? Gələrsən!
Niyə Premyer Liqanın oyunlarında azarkeş olmur?
-
««Qarabağ»a qarşı daha yaxşı oynadıq, nəinki «Səbail»ə»
Roman Qriqorçuk: «İkinci qoldan sonra komandada rahatlıq yarandı»
-
«Qəbələ»dən bir oyunda 22 qol
Futbol Akademiyasının yetirmələri U-17, U-16, U-12, U-11 və U-10 çempionatlarında liderdir
-
«Yayda hər şeyi düzgün etdik»
Roman Qriqorçuk: «Tezliklə istədiyimiz səviyyəyə çatacağıq»
-
«Q» yığını
Qumar? Qruplaşma? Qiyam? Qriqorçuksuz «Qəbələ»?
-
«Doza»dan artıq sevinc
«Neftçi»nin çılğınlığı Bakının yox, Milanın «İnter»ini udması təəssüratı yaradır
-
«Danışacam!»
Roman Qriqorçuk: «Heç nədən qorxmuram, ...»
«Qəbələ» Futbol Akademiyasının direktor müavini Nail Kərimov «FutbolPress»ə müsahibə verib. Vaxt.az həmin müsahibəni təqdim edir:
- Bu yaxınlarda akademiyanın yeni yataqxanası istifadəyə verildi. Bununla bağlı iş nə zaman yekunlaşdı, yerləşmə prosesi nə vaxt baş tutdu?
- Əvvəldən məlum olduğu kimi, keçmiş «Qəbələ» otelinin binasında bizim yeni yataqxanamız hazırlanırdı. Ora otel kimi fəaliyyətini dayandırdıqdan sonra kluba verildi. Bizim tələblərimiz əsasında bu mövsümün əvvəlindən binada iş gedirdi. Artıq keçən həftə uşaqların yeni yataqxanaya köçürülməsi prosesi tam yekunlaşdı. Hazırda müəyyən çatışmazlıqlar var, onlar da zamanla tamamlanacaq.
- İstərdik, yeni yataqxanadakı şərait barədə məlumat verəsiniz...
- Yataqxanamız 73 yerlikdir. Bina 4 mərtəbə və zirzəmidən ibarətdir. Zirzəmidə uşaqlar duş qəbul edə bilirlər. Birinci mərtəbədə yaşayış yoxdur. Orda həkim otaqları, seçimə gələn uşaqların qalması üçün yataq otaqları var. Bundan başqa restoran burda yerləşir və uşaqlar gün ərzində 3 dəfə yeməklə təmin edilir. Uşaqlar 2-3 və 4-cü mərtəbələrdə qalır. Bu, yaşa əsasən bölünüb. Ən yuxarı yaşlılar 4-cü mərtəbədə yerləşdirilib. Bundan başqa, oyun zallarımız var ki, uşaqlar asudə vaxtlarını orda keçirə bilir. Hər mərtəbədə dərs otaqları mövcuddur. Bunlar gələcəkdə xarici dil tədris olunması üçün nəzərdə tutulub. Bir də böyük dərs otağımız var. Uşaqlar müəllimlərin nəzarəti altında orda dərslərini hazırlayırlar. Həmçinin böyük konfrans zalımız mövcuddur. Burda uşaqlara film izlədə bilirik, müxtəlif maarifləndirici seminarlar təşkil edirik.
- Deməli, futbolun incəlikləri ilə yanaşı uşaqların ümumi dünyagörüşünün artırılması da ciddi yanaşdığınız məsələdir. Bu iş necə aparılır?
- Bizdə tərbiyəçi-müəllim heyəti var. Onlarla birgə daim planlar hazırlayırıq. İldə iki dəfə - payız-qış və yaz-yay planlarını işləyirik. Bütün yaş qrupları üçün müxtəlif mövzularda həm təqdimatlar, həm də ekskursiyalar nəzərdə tutulur. Bu işləri plan əsasında həyata keçiririk. Əslində, bu istiqamətdə fəaliyyətimizi daha fərqli, daha geniş formada təşkil edə bilərik. Sadəcə imkanları nəzərə almalı və onlardan qırağa çıxmamalıyıq. Məsələn, hazırda kosmonavtika ilə bağlı təqdimat eləmək gücündə deyilik. Çünki bu sahədəki biliklərimiz keyfiyyətli bir prezentasiya hazırlamağa imkan vermir. Bütün işləri daxili gücümüz hesabına – öz həkimlərimiz, tərbiyəçilərimiz sayəsində edirik. Buna hər hansı əlavə maliyyə xərclənmir. Əsas məqsədimiz uşaqları maarifləndirməkdi. Çünki bizdə futbolçuların təhsili ilə bağlı problem həmişə olub, indi də var. Belə tədbirlərlə onların dünyagörüşünü artırmağa çalışırıq. İstəyirik ki, ən azı elementar bilikləri, müəyyən mövzularda anlayışları olsun.
- Təbii ki, akademiyanın öz əməkdaşlarının lazımi mövzuların hər birini uşaqlara çatdırması mümkün deyil. Bunun üçün əlavə maliyyəniz də yoxdur. Müxtəlif sahələrdən maddiyyat güdmədən seminar keçə biləcək mütəxəssislər dəvət etməyi düşünməmisiz?
- Elə sizin vasitənizlə demək istəyirəm ki, bu müsahibəni oxuyanlardan ən müxtəlif sahələrdə öz biliklərini uşaqlarla paylaşmaq istəyənlər olarsa, biz bunu xoş qarşılayarıq və onları dəvət etməyə hazırıq. Əvvəl də Qəbələdən bəzi müraciətlər olub. Biz onlara baxıb, təsdiqlədikdən sonra həmin mütəxəssislər gəlib yarım saat, bir saat ərzində uşaqlarla öz biliklərini bölüşüblər. Dediyim kimi, biz çalışırıq ki, təqdimatlar ən müxtəlif mövzularda olsun. Yaxın gələcəkdə futbolçuların media ilə münasibətləri mövzusunda bir seminar olacaq. Bundan başqa, hazırda «Qəbələ»də çalışan və ölkə üçün kifayət qədər parlaq futbolçu karyerası olan Emin İmaməliyevi görüşə dəvət edəcəyik. O, uşaqlara peşəkar futbolçu olmaq üçün hansı mərhələlərdən keçdiyini və nəyə görə daha artığına nail ola bilmədiyinin səbəbləri barədə danışacaq.
- Seminarlarda yaş fərqlilikləri nəzərə alınır?
- Əvvəlcə onu deyim ki, akademiyanın yataqxanasında 17 yaşadək olan futbolçular yerləşir. U-19 və əvəzedicilər isə başqa, daha yuxarı yaşlılar üçün olan yataqxanada məskunlaşıblar. Seminarlara gəlincə, elə hallar olur ki, yaşları nəzərə alırıq. Məsələn, bəzi təqdimatlar 14 yaşadək olan uşaqlar üçün nəzərdə tutulub, yaxud 15-dən yuxarılar üçün digər mövzularda seminarlar təşkil etmişik. Ancaq bunlar çox zaman ümumi olur. Məsələn gigiyena qaydaları ilə bağlı tez-tez seminar keçirik. Çünki bu, ən ümumi məsələlərdən biridir. Uşaqlar tez-tez dəyişir, yeni gələnlər olur, yaxud bir neçəsi millinin düşərgəsində olduğu üçün seminarı qaçırır, buna görə də təkrarlamağa ehtiyac yaranır. Qidalanma ilə bağlı tez-tez məlumat veririk. Əksər uşaqların valideynləri də normalardan kənara çıxmırlar. Vaxtaşırı uşaqlara idmançı üçün hansı qidaların, vitaminlərin faydalı olduğu, ya da nələrin ziyanlı ola biləcəyi barədə məlumat veririk. Belə şeyləri tez-tez xatırladırıq uşaqlara.
- Bir müddət əvvəl akademiya üçün yeni seçimlər aparıldı. İstədiyinizi ala bildinizmi?
- Dekabrın sonlarında və yanvarda seçim apardıq. Bizdə bu, iki yolla baş tutur. Biri açıq seçimlərdi. Yəni istəyənlər gəlib, özünü göstərə bilirlər. Digəri də qapalıdır, yəni bizim seleksionerlərimiz axtarıb, uşaqları tapırlar. Bu dəfə hər iki üsuldan istifadə etdik. Uşaqları çağırdıq, məşqlərdə iştirak etdilər. Onlardan 8-i ilə müqavilə imzaladıq. Biri ilə bağlı isə gözləmə mövqeyindəyik. Hələlik münasibətlər rəsmiləşməyib. Yəqin ki, yaxın günlərdə onunla da müqavilə imzayalacağıq. Beləliklə, bu qış cəlb olunan yeni uşaqların sayı 9 olacaq. Ancaq aşağı liqalarda ayrıca «transfer pəncərəsi» anlayışı yoxdur. Burda hər ay yeni futbolçuların sifariş edilməsi mümkündür. Yəni, mövsümün sonuna qədər bu say arta bilər.
- Seçim dövrü üçün 9 nəfər sanki bir qədər azdır...
- Dediyim 9 nəfər digər bölgələrdən cəlb olunanlardır. Qəbələli uşaqlarla bağlı isə il ərzində seçimlərimiz aparılır. Burdan 10-12 yaşlıları daim cəlb edirik. Həmin liqalarda birdən artıq komandamız çıxış edir. Digər tərəfdən, 3-5 il əvvələ nisbətən regionlardan gələn uşaqların sayında ciddi düşüş var. Ümumiyyətlə, ildən-ilə azalma baş verir. Həm də, hər müraciət eləyəni götürmürük, yalnızca gələcəyinə inandığımız uşaqlar bizimlə qalır. Bakıdan isə ümumiyyətlə uşaq cəlb etmirik. Onsuz da hər şey orda cəmləşib. Biz çalışırıq digər bölgələrdən perspektivi olanları akademiyaya toplayaq.
- Liqalar demişkən, akademiyanızın komandaları yarışdığı liqalarda qarşısıalınmazdı. Hətta bəzilərində ikinci komandanız da yarışır ki, onlar da digərlərindən daha güclüdür. Liqalarda mövsüm davam edir, amma istərdik indiki vəziyyəti dəyərləndirəsiniz...
- Bu əslində bizim üçün çox şeyi dəyişdirmir. Məsələn, keçən il hansısa komandamız çempion olmamışdı, və ya bu mövsüm hamısı liderdirsə, bunu böyük göstərici hesab etmirik. Əksinə, belə vəziyyət o qədər də xoş deyil.
- Yəni rəqabətsizlik uşaqların inkişafına problem yaradır...
- Əlbəttə. Keyfiyyətli komandalar çox azdır. Hər liqada cəmi 2-3 güclü rəqibimiz olur. Yalnız onlarla başabaş mübarizə gedir. Hətta bizdə U-13 bölgə çempionatında mübarizə aparmalı olduğu halda, rəqabətsizliyə görə komandanı paytaxt regionuna göndərmişik. O da orda birinci yerdədir. Bölgə liqasında yarışan həmin yaş qrupu üzrə ikinci komandamız da liderdir. U-11 liqasında komandamız oyunların birində 30:0 hesabı ilə qələbə qazanmışdı. Həmin yarışda görüş 40 dəqiqə davam edir. Eşitdiyimə görə, hakim də matçı bir qədər tez yekunlaşdırıb, təxminən 35 dəqiqə oynanılıb. Deməli, az qala hər dəqiqəyə bir qol vurulub. Bu da, əslində bölgələrdə necə acınacaqlı vəziyyətin olduğunu göstərir. Regionlarımızda futbola münasibətin real mənzərəsi budur.
- Son 6-7 ay ərzində «Qəbələ» Futbol Akademiyasının iki futbolçusu – Fərid Nəbiyev və Rövlan Muradov Çexiya «Slaviya»sına keçdi. Klubu artıq bu məsələdə maraqlı hesab etmək olar?
- Bizim üçün prioritet əsas komandadır. Baş məşqçinin perspektiv gördüyü, layiq bildiyi uşaqlar ora gedir. Onların «Qəbələ»dən göndərilməsi müzakirə mövzusu belə olmur. Akademiyamızın uşaqları da da ən çox «Qəbələ»də oynamağı arzulayırlar. Ancaq elə futbolçular olur ki, bizdə əsas komandaya yüksələ bilməsələr də, ölkə xaricində, yaxud daxildə digər klublara uyğun gəlirlər. Belədə biz onlara problem yaratmırıq. Bütün uşaqların «Qəbələ»nin əsas komandasında oynamaq ehtimalı, təbii ki, yoxdur. Belədə onların müxtəlif klublara səpələnməsi normaldı.
- Rövlan və Fəridlə maraqlanırsızmı?
- Onlarla çox yaxından maraqlanırıq. Şəxsən özüm o futbolçularla daim əlaqədəyəm. Məşqləri, oyunları, gündəlik həyat fəaliyyətlərinə bələdəm. Uşaqlar özləri də əlaqəni itirmirlər.
- Hazırda «Slaviya» U-19-da oynayırlar. Əsas komandaya yüksəlmək ehtimalları varmı?
- Belə deyim, «Slaviya» kimi klublar əsas komandaya yüksəlmək potensialı olmayan futbolçunu götürmürlər, saxlamırlar. Deməli, bu uşaqlarda həqiqətən nəsə görüblər ki, onlarla müqavilə imzalanıb. Bir şeyi də nəzərə almaq lazımdır ki, Çexiya Azərbaycandan xeyli uzaqdır. Məsələn, bu ölkədən bir klub slovakiyalı oyunçunu çox asanlıqla götürür. Çünki dil, məsafə, mədəniyyət kimi bariyerlər, çətinliklər olmur, əgər alınmasa belə bu, ciddi problem sayılmır. Azərbaycandan oyunçu götürülübsə, deməli ciddi götür-qoy olunub və bu şeylərin hamısı nəzərə alınıb. O futbolçular təsadüf nəticəsində «Slaviya»ya düşməyiblər.
- Yenə akademiyanızdan ölkə xaricinə futbolçuların gedişini gözləyək?
- İnanıram ki, Rövlanla Fəriddən başqa da ölkə xaricində çıxış edə biləcək potensialda futbolçularımız var. Bunun üzərində iş aparırıq. Düzdür, hazırda klubumuz onların gedişindən hər hansı maliyyə əldə etmir. Ancaq müqavilələrdə bununla bağlı konkret bəndlər yer alır. Gələcəkdə həmin futbolçular əsas komandaya yüksələcəkləri halda, yaxud başqa klublara transferləri prosesində oradan müəyyən məbləğ «Qəbələ»yə çatacaq. O futbolçuların ölkə xaricində çıxış etməsi bizim üçün çox fərəhli haldır və işin maliyyə tərəfi də çox önəmlidir. Təbii ki, biz bunu da nəzərə alırıq. Gələcəkdə kluba xeyirlərinin dəyəcəyinə inanırıq.
- Digər Azərbaycan klublarına icarəyə verilən futbolçularınız heç də həmişə meydana çıxmırlar. Məsələn, bu yaxınlarda «Kəpəz»ə göndərilən Roman Hüseynov hələ debüt etməyib, «Sumqayıt»da Ülvi İskəndərov o qədər də çox şans qazanmır. Futbolçular icarəyə verilərkən qarşı tərəf qarşısında belə bir şərt qoymağı düşünmürsüz ki, 3-5 oyun mütləq oynamalıdır?
- Xeyr, bunu müzakirə etməmişik. Biz icarəyə verdiyimiz futbolçuların hamısının oynamasında maraqlıyıq. Amma bunun rəqabət mühitində, oyunçunun özünü heyətdə təsdiqləməsi sayəsində olmasını istəyirik. Yəni, yazılı olaraq belə bir şərtdən söhbət getmir. Şifahi danışıqlara gəlincə, bəli, məşqçilərlə müzakirələrdə deyirik ki, əgər meydana çıxacaqsa, götürün, əks halda elə bizdə də ehtiyatda otura bilər. Fasilədən sonra hələ 3 tur keçib. İnanırıq ki, icarədə olan futbolçularımız təbii rəqabətdə qalib gələrək, çox oynamaq imkanı qazanacaqlar. Futbolda süni şəkildə heç nə baş verə bilməz.
- Akademiyanızdan çıxan futbolçuların arasında aşağı yaş millilərində, digər Premyer Liqa klublarının bir çoxunda oynayan adlar var. Artıq «Qəbələ»nin ölkə futbolunda yeni bir baza olduğunu, futbolçu «fabrik»inə çevrildiyini demək olarmı?
- Biz 2009-cu ildə akademiyanı quranda digər regionlardan, Bakıdan olan komandalarla qarşılaşırdıq və adətən böyük hesabla məğlub olurduq. Həmin zaman bizə deyirdilər ki, Qəbələ futbol bölgəsi deyil, orda futbol qanı yoxdur. Ancaq vaxt keçdikcə biz gördük ki, bu idman növü qanla yox, daha çox ənənə ilə bağlıdır. Hazırda Qəbələdə həmin ənənə formalaşır. Bununla bağlı bizdə genişmiqyaslı iş gedir. Hazırda qəbələli uşaqların oynadığı komandalar digər bölgələrdən, paytaxtdan olan həmyaşıdları ilə başabaş mübarizə aparırlar. Əgər proses bu tərzdə bir müddət də davam etsə, indikindən dəfələrlə artığını əldə edəcəyik. Çünki bir klubun kök atması qısa müddətin işi deyil. Biz işə başlayanda deyirdik ki, ilk hədəfimiz ölkədə liderliyi ələ almaqdı. Həqiqətən də, bunu bacardıq. Artıq Azərbaycan üçün nümunə ola biləcək bir akademiya yaratmışıq. Söhbət struktur, infrastruktur, oturuşmuş düşüncə tərzi, sistemli işdən gedir. Biz bu işə başlayanda ölkədə belə bir nümunə yox idi ki, kimdənsə öyrənək. Ancaq artıq var. Bundan sonra istəyənlər «Qəbələ» modelini götürərək, təbii ki, klubun, bölgənin də özünəməxsusluqlarına uyğun düzəlişlər edib, iş apara bilərlər. Bundan sonrakı hədəfimiz qonşularımız, bizimlə eyni səviyyədə olan, ancaq futbol cəhətdən geri qaldığımız ölkələrlə rəqabət apara biləcək səviyyəyə gəlməkdi. İstəyirik ki, o səviyyədə komanda formalaşdıraq, futbolçular yetişdirək. Bu məqsəd uğrunda dayanmamışıq, ən müxtəlif işlər gedir.