vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
16:46 | 21 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 832 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aİ nümayəndəsi Rusiya XİN-ə çağırılıb

Kreml Kalininqradın tranzit blokadasına etiraz edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Baltikyanı dövləti “qisas”la hədələməklə yanaşı, Aİ üzvü Litva vasitəsilə Kalininqrad anklavına malların daşınmasına qoyulan yeni məhdudiyyətlərə etiraz olaraq Avropa İttifaqının Moskvadakı nümayəndəsini çağırıb.

Rusiyanın Xarici İşlər Nazirliyi çərşənbə axşamı bildirib ki, Aİ-nin Moskvadakı səfiri Markus Ederer “belə hərəkətlərin yolverilməzliyi” barədə məlumatlandırılıb və məhdudiyyətlər dərhal aradan qaldırılmasa, “qisas tədbirləri görüləcək”.

Ederer Moskvadakı görüşdən sonra “Litva birtərəfli tədbirlər görmür, Aİ-nin sanksiyalarını həyata keçirir” deyib. O əlavə edib ki, sanksiya tətbiq edilməyən malların anklava tranziti davam etdiyi üçün Kalininqrad blokadada deyil.

Kalininqrad Litva və Polşa arasında yerləşir, oradakı Preqolya çayı Baltik dənizinə tökülür. Kalininqradın təxminən 500 min əhalisi var.

Litva rəsmiləri bildirib ki, Aİ-nin sanksiyalarına məruz qalan malların Rusiyanın Kalininqrad anklavına öz ərazisindən tranzitinə qoyulan qadağa iyunun 20-dən etibarən qüvvəyə minib.

Qadağa xəbəri cümə günü bölgənin qubernatoru Anton Əlixanovun yerləşdirdiyi video vasitəsilə gəlib. Aİ-nin sanksiyalar siyahısına xüsusilə kömür, metallar, tikinti materialları və qabaqcıl texnologiya daxildir və Əlixanov qadağanın Kalininqradın idxal etdiyi məhsulların təxminən 50 faizini əhatə edəcəyini bildirib. Onun dərhal başlandığını Litvanın dövlət dəmir yolu xidmətinin yük bölməsi Avropa Komissiyasının sanksiyaların tətbiqi mexanizmi ilə bağlı “aydınlaşdırmasından” sonra müştərilərə göndərdiyi məktubda təsdiqləyib.

Vətəndaşları təşvişlə alış-verişə əl atmamağa çağıran Əlixanov iki gəminin artıq Kalininqrad və Sankt-Peterburq arasında yük daşıdığını, ilin sonuna kimi daha yeddi gəminin xidmətə veriləcəyini deyib.

Bu arada, Kreml prezident Vladimir Putinin əsas müttəfiqlərindən birini Kalininqrada göndərib və o, Moskvanın “yaxın gələcəkdə” müvafiq tədbirlər görəcəyi barədə xəbərdarlıq edib.

Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev Kalininqradda keçirilən regional təhlükəsizlik iclasında deyib: “Rusiya bu cür düşmənçilik hərəkətlərinə mütləq cavab verəcək. Onların nəticələri Litva əhalisinə ciddi şəkildə mənfi təsir göstərəcək”.

Aİ və NATO üzvləri Polşa və Litva arasında sıxışan Kalininqrad Rusiyadan Litva ərazisindən keçən dəmir yolu və qaz kəmərləri ilə təchizat alır. Rusiyanın Baltik dənizi donanmasının qərargahının yerləşdiyi yer 1945-ci ilin aprelində Qızıl Ordu tərəfindən nasist Almaniyasından əsir götürülüb və İkinci Dünya Müharibəsindən sonra Sovet İttifaqına verilib.